XİN-dən və Milli Məclisdən Avstraliyaya – ETİRAZ

Belə sənədlər hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etmir, yalnız müəyyən dairələrin və ya lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır

Etikxeber.az xəbər verir ki,   bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva Avstraliyanın Rayd şəhər Şurasının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə “dostluq əlaqələrinin yaradılması” haqqında sənəd qəbul etməsi ilə bağlı məsələyə münasibətini bildirərkən deyib.

O, sonra  deyib:

“İlk növbədə qeyd etmək istərdim ki, Rayd Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi şəhərdir. Təsadüfi deyil ki, cəmi 2 nəfər tərəfindən qəbul edilmiş sözügedən sənədin layihəsi Rayd şəhər Şurasının məhz erməni əsilli üzvü Sarkis Yedelyan tərəfindən irəli sürülüb və şəhərin meri Cerom Laksal tərəfindən dəstəklənib.

Xatırlatmaq istərdim ki, Avstraliya Federal Hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.

Avstraliyanın inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti və ya qanunverici orqanları tərəfindən ermənilərin lobbiçilik səyləri əsasında qəbul olunan bu kimi sənədlərə gəldikdə isə vurğulamaq istərdim ki, belə sənədlər hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etmir, yalnız müəyyən dairələrin və ya lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır”.

xin-leyla

eldeniz qardaş

azer badam-1

Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov da bu məsələdə XİN-in mövqeyindən çıxış edib.

Bildirib ki, XİN-in bəyanatında səsləndirilən fikirlərlə tam razıdır.

Millət vəkilinin sözlərinə görə, dünyadakı erməni lobbisi və diasporu yaşadıqları ölkələrlə Azərbaycanın arasını vurmaq, münasibətləri gərginləşdirmək üçün bütün vasitələrə, alçaqlıqlara, rəzilliklərə əl atırlar:

“Bu da həmin istiqamətdə atılan cəhdlərdən biridir. Amma hesab edirəm ki, faydasızdır. Bu cür cəhdlərlə, özləri ağılda, düşüncədə olan və pulla ələ aldıqları 5-3 nəfərlə heç nəyə nail ola bilməyəcəklər. Bu gün Azərbaycan güclü, qüdrətli, sözü, nüfuzu ilə hesablaşılan, rəyi nəzərə alınan dövlətdir. Ermənistanı isə yarımmüstəqil, vassal dövlət olaraq, getdikcə uçurumun dibinə yuvarlanmaqdadır. Artıq erməni lobbisi və diasporu da onu xilas edə bilmir və xilas etmək gücündə deyil. Sadəcə, bu cür cəhdlərlə özlərini sığortalamaq, üzərlərinə gələn etiraz dalğasından qurtulmaq, ittihamları başqa səmətə yönəltmək üçün ən müxtəlif təxribatçılıq, pozuculuq əməllərinə əl atır və ələ, satın aldıqları insanlarla bunu həyata keçirmək istəyirlər.

Ancaq dediyim kimi, artıq bu cəhdlərlə heç nə alınmayacaq, özlərini sığortalaya bilməyəcəklər. Azərbaycanla Avstraliya, xüsusilə də, iki ölkənin parlamenti, dostluq qrupları arasında gözəl münasibətlər var. Dəfələrlə qarşılıqlı səfərlər həyata keçirilib. Bu ölkə və onun parlamenti Azərbaycanın suverenliyini dəstəkləyir. Bu baxımdan, hesab edirik ki, avstraliyalı həmkarlarımız da buna səssiz qalmayacaq, etirazlarını bildirəcək, bu cür təxribatçılıq əməllərinin qarşısının alınmasına çalışacaqlar. Yəni, bu və bu yöndə bütün digər sənədlər əzilmiş, lazımsız kağız parçasından savayı bir şey olmayacaq. Münasibətlərimizə, əməkdaşlığımıza xələl gətirmək istəyənlərin arzuları gözlərində qalacaq və qoyulacaq”.

Adıçəkilən qrupun digər üzvü Eldəniz Səlimov öz növbəsində bu addımı təəssüf hissi ilə qarşıladığını bildirməklə, onun hansısa təsirə və gücə malik olmadığını, olmayacağını sözlərinə əlavə edib.

Qeyd edib ki, belə addımlar bütövlükdə arzuolunmaz və gərəksiz addımlardır, amma heç bir təsir, münasibətləri pozmaq gücünə də malik deyillər:

“Ona görə hesab edirik ki, belə boş-boş işlərlə məşğul olmaqdansa, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsinə yönəlik addımlar atılsın. Biz qarşı tərəfdən bunu gözləyirik. Avstraliyaya güclü, inkişaf etmiş, potensialı böyük olan Azərbaycan sərfəlidir, nəinki onun-bunun əlində alət olan, “for-post”a çevrilən Ermənistan və ya getdikcə zəifləməkdə, gücünü itirməkdə olan erməni lobbisi. İnanırıq ki, belə də olacaq, Avstraliya rəsmiləri bu yola, Azərbaycanla əməkdaşlığa daha çöx önəm verəcək və münasibətlərə xələl gətirən istənilən addımın qarşısını alacaqlar”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

9 naməlum məzarda şəhidlərə aid meyitlərin qalıqlarının ekshumasiyası keçirildi – DÖVLƏT KOMİSSİYASI

Read Next

Gənclər Yay Olimpiya Festivalı – 9-CU QIZIL MEDALIMIZ – YENİLƏNİB – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir