“Xocalı qətliamını soyqırımı aktı kimi ilk tanıyan ölkələrdən biri də Meksikadır ki…”-MM-İN AZƏRBAYCAN-MEKSİKA PARLAMENTLƏRARASI ƏLAQƏLƏR ÜZRƏ İŞÇİ QRUPUNUN YENİ RƏHBƏRİ

Milli Məclisin (MM) ötən gün keçirilən iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri təsdiqlənilib.

Etikxeber.az-ın xəbərinə görə, MM-in parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı xeyli artırılaraq, 82-yə çatdırılıb.

Parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbər seçilənlər arasında son 4 çağırış MM-in üzvü olan parlamentin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini, professor Jalə Əliyeva da var.

Belə ki xanım parlamentari MM-in Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri seçilib.

Bu seçimi MM rəhbərliyinin ona növbəti etimadı kimi yüksək və müsbət qiymətləndirən J. Əliyeva saytımıza açıqlamasında eyni zamanda, Azərbaycan reallıqlarının, Qarabağ həqiqətlərinin, Xocalı və digər soyqırımı vəhşətlərinin dünyaya, beynəlxalq aləmə düzgün, obyektiv şəkildə çatdırılmasında parlament diplomatiyasının, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının xüsusi rola malik olduğunu diqqətə çatdırıb.

“Bildiyiniz kimi, Azərbaycan müharibə şəraitindədir, 32 ildən çoxdur işğalçı və təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalmışıq və dünyada hələ də mövcud olan ikili, üçlü, beşli standartlar, BMT-nin, vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun dişsizliyi, bəzən isə işğalçı ilə işğala məruz qalanı eyniləşdirməsi üzündən bu qanlı münaqişə öz ədalətli həllini tapmayıb. Azərbaycan işğala və təcavüzə məruz qalmasına baxmayaraq, daim sülh və danışıqlar prosesinə üstünlük verib, qan axıdılmasının, müharibənin əleyhinə olub, ancaq bunun müqabilində təcavüzkar ölkə açıq və gizli himayədarlarının dəstəyi ilə daim təxribatçılıq, fintəkarlıq, destruktivlik mövqeyi sərgiləyib. Elə bugünlərdə Ermənistan Xarici işlər nazirinin fintəkar, sərsəm açıqlaması dediklərimizi əyani şəkildə bir daha təsdiqləyir.

Bütün bunların fonunda son 27 ildə, xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycan böyük, sürətli və dinamik inkişaf yolu keçib, dünyanın dini və milli tolereantlıq mərkəzinə, siyasi, iqtisadi, mənədi, hərbi dialoq məkanına, dünyanın lider dövlətlərindən birinə çevrilib. Odur ki, həm Qarabağ həqiqətlərini, həm Ermənistanın təcavüzkarlıq siyasətini, həm də Azərbaycanın keçdiyi nümunəvi və model inkişaf yolunu dünyaya olduğu kimi, çatdırmaq üçün parlament diplomatiyasından, parlamentlərarası əlaqələrdən daha geniş və daha səmərəli istifadə edilməlidir və edilir. Ölkə Prezidenti cənab İlham Əliyev həm Azərbaycan Parlamentinin tarixi və təntənəli yüz illiyində, həm də 6-cı çağırış MM-in açılış iclasında bu istiqamətdə hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi, həmçinin, ötən dövrlərdə əldə olunan uğurlara görə, parlamentə, millət vəkillərinə minnətdarlığını ifadə etdi.

Həmçinin o da məlumdur ki, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın 16 ildən bu yana rəhbəri olduğu Heydər Əliyev Fondu və Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyeva Qarabağ, xüsusilə, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük və misilsiz addımlar atmaqdadır. Leyla xanımın rəhbərliyi ilə dünyanın əksər ölkələrində “Xocalıya ədalət!” kampaniyası həyata keçirilmişdir (bu gün də keçirilməkdədir) ki, bunun da müsbət nəticələri ortadadır. Bir çox ölkələrin ali qanunverici orqanları Qarabağ münaqişəsi ilə bağlı ədalətli hüquq-siyasi qərar və qətnamələr qəbul etmiş, eyni zamanda, Xocalı qətlimamını məhz soyqırımı aktı kimi tanımışlar. Həmin ölkələrdən biri də məhz Meksikadır. Belə ki, 2012-ci ilin 2 fevarl tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılmış, bundan sonra 23 avqust 2012-ci ildə Meksikada Xocalı soyqırımına həsr olunmuş abidə qoyulmuşdur.

Hesab edirəm ki, bunlar həm ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursunun, həm Azərbaycan diplomatiyasının, həm Heydər Əliyev Fondunun, həm də bütövlükdə Azərbaycanımızın uğuru, zəfəridir. Ona görə bu istiqamətdə addımlarımız davam etdirilməli, hər birimiz bu prosesə töhfə verməliyik. Bu məsələdə hər bir İşçi Qrupunun üzərinə böyük məsuliyyət və vəzifələr düşür. İnanıram ki, bütün həmkarlarım da bu məsələdə öz töhfələrini verəcəklər.

Həmçinin, xatırlatmaq yerinə düşər ki, Azərbaycanın ilk diplomatik münasibətlər qurduğu ölkələrdən biri də məhz Meksikadır, bu əlaqələrin əsası 1992-ci ilin fevralından qoyulub və hər iki ölkə səfirliklər səviyyəsində diplomatik münasibətlərə malikdirlər. Digər sahələrdə də böyük əməkdaşlıq əlaqələri və münasibətləri mövcududur. Eyni zamanda, 2000-ci ildən Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu çox uğurlu şəkildə fəaliyyət göstərməkdədir. Odur ki, iki ölkə arasında münasibətlərin daha da sıxlaşdırılmasında Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu olaraq öz töhfələrimizi verməyə çalışacağıq”-deyə, J. Əliyeva əlavə edib.

Etikxeber.az

Read Previous

Respublika yollarında xüsusi karantin rejimini pozan 1251 nəfər-CƏRİMƏLƏNDİ

Read Next

Koronavirus və dünya mediası: 15 ölkənin jurnalistləri-VİDEOKONFRANS KEÇİRDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir