XTQ Kamil Məmmədov-ŞƏHİD KİMİ DƏFN OLUNDU, ANCAQ 8 AYDIR HƏLƏ DƏ ŞƏHİDLİK HAQQI TANINMIR… VƏ MÜƏMMAYA SON QOYULACAQMI, ŞƏHİDİN HAQQI VERİLƏCƏKMİ?

Əslən Xaçmazlı, Xudatlı XTQ Kamil Şamil oğlu Məmmədov…

İkinci Vətən Müharibəsi Qəhrəmanlarımızdan, İgidlərimizdən, Dastan yazan Vətən sevdalılarımızdan biri…

Füzulidən Xocavəndə, Xocavənddən Şuşayadək uzun döyüş yolu keçmiş Aslan parçası, Cəngavər oğul…

Və İkinci Vətən Müharibəsindən bir müddət sonra, 2021-ci ilin yanvarında dünyasını dəyişən Nur üzlü Şəhidimiz…

Amma və lakin…

Kamil Şəhid kimi dəfn olunsa da, Şəhidlər məzarlığında torpağa tapşırılsa da, hələ də Şəhidlik Haqqını ala bilməyib, Şəhidlik Haqqı naməlum səbəblərdən hələ də verilməyib…

Kamil Şəhidliyi məsələsi aylardır bir sirri-xudaya, müəmmaya dönüb…

Həm oğul, övlad itkisi, həm də Şəhidlik məsələsindəki müəmma Kamilin atasının-Şamil kişinin də vaxtsız şəkildə dünyasını dəyişməsi ilə nəticələnib…

Övlad dərdinə və haqsızlığa dözməyən atası may ayının 21-ində dünyasını dəyişib…

Dərdli, acılı Məmmədovlar ailəsinin dərdinin daha bir dərd gəlib…

Kamil anası Validə xanım və mənəvi anası, bibisi Nəsibə xanım da bu haqsızlıqla barışa bilmirlər…

Ötən müddətdə hara, kimə müraciət edirlərsə, doğru-düzgün cavab verilmir onlara, bu acılı, kədərli insanlara…

Haqsızlıq, laqeydlik, biganəlik isə həm Şəhid anasını, həm də Şəhidin anası qədər sevdiyi bibisini çox üzür, çox incidir…

Şəhidin bibisi Nəsibə xanımın saytımıza dediklərindən:

“Kamil xüsusi təyinatlı-XTQ idi,  necə deyərlər, “YAŞMA” canavarıydı. 23 yaşı vardı. İkinci Vətən Müharibəsi zamanı da, yəni, sentyabrın 27-sindən Füzulidən döyüşə başlayıb, Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. On gün Bilasuvarda xəstəxanada yatıb. Əvvəlcə Füzulidə gedən döyüşlərdə kəllə-beyin travması alıb. Füzulidə yüngül müayinə alaraq tez döyüşə qayıdıb. Sonra Xocavənd uğrunda gedən döyüşlərdə ayağından yaralanıb və on gün xəstəxanada yatıb, ayağının yarası tam sağalmadan yenidən döyüşə qayıdıb. Çünki o vaxtı yoldaşları artıq Şuşa yolunda idi. O gedib ayağı yaralı-yaralı Şuşa döyüşlərində, – xüsusi təyinatlılar alıb Şuşanı, hamı bunu bilir, – döyüşüb. Dizin-dizin vuruşaraq Şuşanı alıblar. Müharibə 44 gün olsa da, müharibə bitəndən sonra da Kamil Şuşada idi. Mən vaxtaşırı onunla vatsapla yazışırdım. Mən onun bibisiyəm, qucağımda böyümüşdü, atamın adını qoymuşduq, ona görə həmişə ona “atam” deyirdim.

Bir gün o mənə yazdı ki, Şuşadadılar, hansı ki, artıq müharibə bitmişdi, biz onu görmək istəyirdik, darıxırdıq onun üçün. Mən yazdım ki, hardasan, gəlmisənmi? Yazdı ki, “bibi, Şərifgildə toydayıq”. Şifrəli danışırdı, yəni, Şuşadadılar. Dedim ki, “ay atam, bu toy qurtarmadı?” Dedi ki, “yox, ay bibi, hər tindən, hər koldan çayır otu kimi çıxırlar bunlar”. Nə isə düz noyabrın axırına kimi bu orada qaldı. Bu ilin yanvarın 7-si üçgünlük evə məzuniyyətə gəldi. Yanvarın 10-u bizdən ayrıldı getdi. Yanvarın 14-ü anasına zəng vurub deyib ki, “ana, bizim yanvarın 15-i, yəni, sabah üçün Şuşaya çıxışımız var. Hər şey ola bilər, ana, başını dik tut, 30 il düşmən tapdağı altında qalan torpaqları alan oğlun var. Hər şey ola bilər, narahat olma”. Amma hərbi hissədəkilərin deməsinə görə, 15-i səhər birinci taborun 17 nəfər hərbi qulluqçusu təlimə getməli olublar”.

Nəsibə xanım sonra deyir:

“Ural” maşınında təlimdən qayıdarkən bunların maşını Xızı yolunda aşıb. 14 nəfər yüngül, 3 nəfər ağır xəsarət alıb. Həmin 3 nəfərdən 2-si komaya düşüb, onlardan biri Kamil olub. “Papanin” hospitalına yerləşdirilib. Yanvarın 16-da bizə zəng gəldi ki, uşaqlar qəzaya düşüb, Kamil də ağır vəziyyətdədir. Krantin dövrü olsa da, biz zülmlə getdik. Amma bizi buraxmadılar Kamilin yanına ki, karantindir. Nə isə yanvarın 26-sında anası və əmisi bir zülmlə həkimlə gedib görüşüb. Kamil komatoz vəziyyətdə, komada idi. Yanvarın 28-də səhər bizə zəng etdilər ki, başınız sağ olsun, Kamili itirdik. Bizimkilər getdilər ki, Kamilin nəşini gətsinlər, onda uşaqlara qol çəkdiriblər ki, Kamili şəhid formasında götürəcəyik və şəhid kimi bacdıracağıq. Əgər elə istəyirsinizsə, onun nəşini bizim ixtiyarımıza buraxın. Bizimkilər də qol çəkib, eyni zamanda, bizimkilər ağzından söz alıblar ki, tabutu açmasınlar, çünki bayrağa büküləcək tabut və şəhidləri necə dəfn ediriksə, elə də şəhid tərzində torpağa tapşıracağıq nəşimizi. Bizim uşaqlar da ona qol çəkib, imza atıb gətirdilər. Həmin gün yanvarın 28-i saat 4-5 aralarında gətirdilər. Yəni, bütün hərbi hissənin heyət üzvü, nə qədər insan axını…Bakıdan Yaşmaya, Yaşmadan Şabrana qədər yol boyu qoşuldular maşınlar, Xaşmazdan icra başçısı, icra nümayəndəliyi, bütün daxili işlər orqanları qoşuldular cərgəyə. Gəldilər təmtəraqla dəfn etdilər, atasına bayraq verdilər. Yəni, şəhidə verilən bayraq kimi verildi, Kamil dəfn edildi. 40-na yaxın məzarını düzəltdilər. Xudat kənd şəhidlər məzarlığında dəfn etdilər Kamili və məzar daşında da yazılıb ki, “Şuşa fatehi Məmmədov Kamil Şamil oğlu”, medalları da qoyublar, amma bu günə qədər Kamilə şəhid statusu verilməyib. Bizim işimizi çox dolaşığa salıblar.

Çox qəribədir, başdaşında-məzardaşında yazılıb şəhid Məmmədov Kamil. Şəhid kimi basdırılıb, atasına şəhid bayrağı verilib, amma sonra hərbi hissədən maaşını soruşarkən, maaş verilmədi. Əslində yanvar ayında Kamil maaşını götürübmüş, amma fevral-mart aylarının maaşı ailəsinə verilmədi. Əgər Kamilə şəhidlik düşmürsə, ölümündən sonrakı bir neçə ay ərzində maaşı ailəsinə verilməliydi. Amma fevral-martda maaşı verilmədi, sadəcə, apreldə anasıgil iki min manat maaş götürdü. Hərbi hissənin maliyyə şöbəsinə zəng vurub soruşanda ki, axı bunun bir dəfə maaşı verilib, ordan dedilər ki, şəhidə maaş düşmür. Bunlar özlərinə sərf edən kimi danışırlar, istədikləri zaman şəhid sayırlar bu uşağı, bizə lazım olanda isə bu uşağa şəhid statusu verilmir. Anayam, bibiyəm, o uşaq üçün çox yanıram. Həqiqətən qəhrəman bir igid basdırdıq. Kamil həqiqətən elə bir oğul idi ki,nəinki biz, bütün hərbi hissə onu üçün yanır. Onun üçün bütün kənd yanır, el-aləm yanır. Biz istəyirik ki, balamızın-Kamilimizin Haqqı yerdə qalmasın. Onsuz da balamız geri qayıtmayacaq. Ancaq ən azından bizim üçün bir təsəlli olsun-ona şəhid statusu ala bilək. Şəhidlik Kamilin Haqqıdır və onun Haqqı tanınmalı, ona Şəhid adı, Şəhidlik statusu verilməlidir. Müdafiə Nazirliyindən, ölkə rəhbərliyindən çox xahiş edirəm ki, bu məsələyə müdaxilə etsinlər və Şəhidimizin Haqqının verilməsinə nail olsunlar”.

Bəli, Kamil Məmmədovun Şəhidlik Haqqı tanınmalı və ona Şəhid statusu verilməlidir.

Son 8 ayda iki acı, iki itki yaşamış Şəhid ailəsinin- Şəhid anasının, Şəhid bibisinin nigarançılığına, narahatlığına, üzüntüsünə son qoyulmalıdır.

Onlara daha bir acı-mənəvi acı yaşadılmamalıdır.

Söz, qərar qarşı tərəfindir.

İnanmaq və əmin olmaq istərdik ki, ədalət yerini tapacaq, Kamilin Haqqı gec də olsa, tanınacaq və ona Şəhidlik statusu veriləcək.

Ümid ən sonda ölür deyirlər və Allah ümidlərimizi ölməyə qoymasın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yoluxmada və ölüm sayında növbəti artım-4241 NƏFƏR VƏ 43 NƏFƏR…

Read Next

“Qoy hamı bilsin və tanısın ki, Azərbaycanın Həsənağa kimi bir Oğlu, İgidi var”-ŞƏHİD HƏSƏNAĞA ABDULLAZADƏNİN ANASI SƏMİLƏ XANIM – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir