“Hər şey onların-səkkiz polisimizin Şəhidliyi ilə başladı…İstəyirik ki, İkinci Fəxri Xiyabanda səkkiz Şəhid polisimizin xatirəsi əbədiləşdirilsin…”-ANTİTERROR ŞƏHİDİ, SƏKKİZ ŞƏHİD POLİSİMİZDƏN BİRİ OLAN RASİM OKTAY OĞLU MƏMMƏDOVUN ANASI XURAMAN MƏMMƏDOVA ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ – TAM MƏTN

Bakı şəhərindən olan Antiterror Şəhidi Rasim Oktay oğlu Məmmədovun anası Xuraman İldırım qızı Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova və Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb, Sizə bildirmək istəyirəm ki, mən-Xuraman İldırım qızı Məmmədova Bakı şəhərinin Xətai rayonunda yaşayıram. 40 ilə yaxındır ki, Xətai rayonunda yerləşən 254 saylı tam orta mətəbdə ibtidai sinif müəllimi işləyirəm. Onlarla, yüzlərlə vətənpərvər ruhlu şagird yetişdirmişəm bu illər ərzində. Ailəliyəm. İki övladım-bir oğlum, bir qızım var idi. Tək, ali təhsilli, ailəli, iki övlad atası olan oğlum Rasim Məmmədov daxili işlər orqanlarında, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında işləyirdi. Vətən sevdalısı övladım 2023-cü ilin 19 sentyabr tarixində digər yeddi polisimizlə birlikdə növbəti qanlı erməni təxribatı nəticəsində Vətən yolunda Şəhid oldu.

Məhz balam da daxil olmaqla, səkkiz polisimizin Şəhid olması ilə tarixi, DÜNYAYA SƏS SALAN 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı həyata keçirildi. Hər şey onların Şəhidliyi ilə başladı və cəmi 23 saat ərzində Xankəndimiz, Xocalımız, Əsgəranımız, Ağdərəmiz, Xocavəndimiz murdar erməni tapdağından qurtuldu, işğaldan azad edildi və Azərbaycanımızın bütün ərazisində, 86,6 kvadrat kilometrində suverenliyi təmin olundu, qanlı erməni separatizminə birdəfəlik son qoyuldu.

Bu gün Azərbaycanımız cəmi Şəhidlərimizin, o cümlədən Şəhadətləri ilə tarixi 23 saatlıq antiterror əməliyyatının həyata keçirilməsinə rəvac vermiş səkkiz Şəhid polsimizin sayəsində azaddır, Qalib Azərbaycandır. Hər birimiz bu oğullara, Şəhidlərimizə, sağlamlıqlarını Vətən yolunda qurban vermiş Qazilərimizə borcluyuq.

Eyni zamanda, oğul, övlad itkisi nə qədər ağır və dözülməz olsa da, Şəhid balalarımızla, Rasimlərimizlə Fəxr edir, Qürur duyuruq. Onlar bizim Baş Tacımız, müqəddəs And yerimizdir!

Müzəffər Ali Baş Komandanımız, çox hörmətli İlham Heydər oğlu!

Bu müraciəti təkcə öz adımdan deyil, Vətən yolunda Şəhadətə ucalmış digər Antiterror Şəhidi olan polislərimizin anaları, valideynləri, ailələri adından Sizə ünvanlayıram və həm özümün, həm də onların adından bir arzumuzu, bir xahişmizi diqqətinizə çatdırmaq istəyirəm. Biz səkkiz Şəhid anası, Şəhid ailəsi istəyirik ki, Müdafiə Nazirliyinin tabeliyində olan İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında övladlarımızın xatirəsi əbədiləşdirilsin. İstəyirik ki, İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında Antiterror Şəhidləri olan səkkiz polisimizin adları, fotoları, şəkilləri əks olunan xatirə lövhəsi yaradılsın.

Bu, heç də çətin və həlli mürəkkəb olan bir məsələ deyil. Ona görə Sizdən xahiş və rica edirik ki, bu məsələnin öz müsbət həllini tapmasında köməkliyinizi əsirgəməyəsiniz, müvafiq qurum və səlahiyyətli şəxslərə göstəriş və tapşırıqlarınızı verəsiniz. Bununla həm Şəhidlərimizin ruhları şad edilmiş, sevindirilmiş olar, həm də biz Dərdli, Yaralı və Qəhrəman Şəhid ailələrinə toxtaqlıq, təsəlli, təskinlik verilmiş olar.

İnanıram ki, belə də olacaq, bu müraciət diqqətlə nəzərdən keçiriləcək və öz müsbət həllini tapacaq.

Öncədən də Sizə öz dərin minnətdarlıq və dərin təşəkkürlərimi bildirirəm. Allah Sizi, gözəl ailənizi və Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq var-BAKIDA

Read Next

Beşinci dəfə namizədliyini irəli sürən-JALƏ ƏLİYEVA İMZATOPLAMA KAMPANİYASINI BAŞA VURDU VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir