Xüsusi Təyinatlılar, “Əfsanəvi tabor”un Şəhidləri-Vətən Müharibəsi Qəhrəmanları Sübhan Cəbrayılov və Camal İsmayılov-BU GÜN HƏR İKİ ŞƏHİDİN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Bu gün Xüsusi Təyinatlılar, Vətən Müharibəsi Qəhrəmanları-“Əfsanəvi tabor”un Şəhidləri-Neftçalalı Camal Vidadi oğlu İsmayılov və Salyanlı Sübhan Rahim oğlu Cəbrayılovun Anım Günüdür.

Hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından üç il keçir.

Etikxeber.az xəbər verir ki, Camal İsmayılov 1984-cü il iyul ayının 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya gəlib.

Ailədə üç övlad-bir bacı və iki qardaş olublar.

1986-cı ildə Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərinə köçüblər və 1990-cı ildə İqarka şəhərində V. P. Astafyev adına 1 nömrəli orta ümumtəhsil məktəbinin birinci sinfinə gedib.

1991-ci ildə ailəsi ilə birlikdə doğma rayonlarına qayıdıb və təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbdə davam etdirib, 2001-ci ildə isə məzun olub.

2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb, Vətənin keşiyinə yollanıb və Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hissədə xidmət zamanı hərbi hissə rəhbərliyinin diqqətini cəlb edib.

 Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətinin davam etdirilməsi barədə qərar verilib və o vaxtdan da həyatını Ordu, hərb ilə bağlayıb.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub və didməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” , “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” , “Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə” , “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunub…

İkinci Vətən Müharibəsi zaman isə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Baş giziri kimi döyüşlərə atılıb, əvvəlcə Füzuli rayonu, sonra isə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib.

Bundan sonra Xüsusi Təyinatlı Qüvvələrin Qrup komandiri kimi döyüş yoldaşları ilə birlikdə Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 18-də isə Qubadlı rayonu istiqamətində döyüşlər başlayıb və döyüş ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olub

Oktyabrın 19-da Camal Qubadlı rayonu istiqamətində döyüşə qatılıb və bu, Onun son döyüşü olub.

Ağır döyüşlər nəticəsində Camal, eləcə də daha üç Əfsanəvi Xüsusi Təyinatlımız-Baş gizir Sübhan Cəbrayılov, Gizir Şəhriyar Quliyev və Gizir Elyar Vəliyev qəhrəmancasına Şəhid olublar.

Nəşi 4 gün sonra, 23 oktyabr 2020-ci il tarixində Neftçala şəhərində, Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindın sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub.

Neftçala Şəhər Uşaq İncəsənət Məktəbinə onun adı verilib, büstü ucaldılıb.

Haqqında İTV-də “Heç kim unudulmur, heç nə yaddan çıxmır – Camal İsmayılov” sənədli filmi nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi olan kiçik qardaşı da İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

Camal həm də ailəli olub, 2008-ci ildə, 24 yaşında Fatimə adlı xanımla ailə həyatı qurub.

2009-cu ildə Əsmət, 2011-ci ildə Əsnad adında qızları və Şəhidliyindən sonra, 2021-ci il fevralın 12-də isə Alparslan adlı oğlu dünyaya gəlib.

***

Sübhan Cəbrayılov isə Salyan rayonunun Marışlı kəndində, 23 oktyabr 1983-cü il tarixində, sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…

Ailənin dörd övladından, üç qardaşdan biri olub…

1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin birinci sinfinə gedib və 2000-ci ildə oradan məzun olub…

2001-ci ildə müddətli həqiqi hərbi xidmətə, Əsgərliyə çağırılıb…

Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində, 2002-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb…

2004-cü ildən də Xüsusi Təyinatlı Qüvvəllərin Xızı rayonu  ərazisində yerləşən “N” saylı hərbi hissəsində xidmətə davam edib…

2016-cı ilin Aprel döyüşlərində iştirak edib, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşıb, yüksək şücaəti ilə fərqlənib…

Aprel döyüşlərində göstərdiyi şücaətə görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Sübhana hədiyyə olaraq sol saatı bağışlayıb…

Xüsusi Təyinatlı Qüvvələrinin Baş giziri olan Sübhan İkinci Vətən Müharibəsi zamanı isə Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan  Qubadlının azad olunmasında iştirak edib və oktyabrın 19-da Qubadlı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Və nəşi doğulduğu gün-23 oktyabrda, 37 yaşının tamamında Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Şəhidliyindən öncə 5 medalla, Şəhidliyindən sonra isə 4 medalla-“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və ən yüksək fəxri adla-“Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunub…

Salyanda adını daşyan kücə var, eyni zamanda, Salyandakı Peşə liseyinə Sübhanın adı verilib…

Sübhan da Camal kimi ailəli olub, Sevda adlı xanımla ailə həyatı qurub…

Atasının adını daşıyan Rahim adında oğlu və Fidan adında qızı yadigar, Vətənə, ailəsinə əmanət qalıb…

Bu ilin iyun ayında isə Salyan rayonunda haqqında “Qoruyucu mələk” filminin təqdimat mərasimi keçirilib.

Məkanları cənnətlik, ruhları şad olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin dörd övladından biri, üç bacının tək qardaşı-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞAHMURAZ HÜMBƏTZADƏNİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 3 İL ÖTÜR…

Read Next

Prezident Sumqayıtda bir sıra-AÇILIŞLARDA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir