XX əsrin dəhşətli cinayəti-MART SOYQIRIMI…

Ötən əsrdə Azərbaycan xalqı bir sıra faciə və müsibətlərlə üzləşib.

Miqyasına görə bu hadisələrdən ən dəhşətlisi 1918-ci ildə baş verən Mart hadisələridir.  

Azərbaycanın görkəmli ictimai xadimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyli bu hadisələr haqında yazırdı:

“Deyirlər ki, bu “qrajdan” müharibəsi idi. Yəni bolşeviklər fuqareyi-kəsibə xatirəsi üçün burjuylar ilə müharibə edirlər. Lakin bu yalandır. Bunun yalan olduğunu isbat edən minlərcə müsəlman füqareyi-kəsibəsinin meyidləridir ki, bolşevik qoşunu tərəfindən “müsəlman olduğuna görə” çox zəhmsiz bir surətdə öldürülmüşdülər”.

Həqiqətən də kütləvi qırğınlarlarla müşahidə olunan, insanlığa sığmayan vəhşiliklə törədilən Mart hadisələri ermənilərin təsiri altında olan Bakı Soveti və silahlı erməni daşnak dəstələrinin xalqımıza qarşı törətdiyi dəhşətli soyqırımı aktı idi. 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə bu hadisələr nəticəsində rəsmi rəqəmlərə görə, 12 minə yaxın azərbaycanlı qətlə yetirildı, on minlərlə insan isə itkin düşdü. Qeyri-rəsmi məlumatlara görə isə sözügedən kütləvi qırğınlar nəticəsində aralarında çoxlu sayda uşaq, qadın, qoca olmaqla 50 mindən çox soydaşımız həyatını itirib.

Bu hadisələrin şahidi olan Azərbaycan Milli Hökumətinin sədri Seyid Cəfər Pişəvəri yazırdı ki, “Mən 1918-ci ilin martında erməni daşnaqlarının vəhşiliklərini, günahsız adamların öldürülüb, meyidlərin yandırılmasını öz gözlərimlə gördüm. Bu çox nifrət ediləcək bir hərəkətdir”.

Bu hadisələrin dəhşətini göz önünə gətirmək üçün o zaman yaradılan Fövqəladə İstintaq Komissiyasının materiallarına nəzərə salmaq kifayətdir. Həmin materiallarda bildirilir ki, azərbaycanlıların bir millət kimi məhv edilməsinə yönələn bu soyqırımı aktı nəticəsində təkcə Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirildi. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırıldı və məhv edildı. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırıldı, əhalisi məhv edildi. Gümrü yaxınlığında əsasən qadın, uşaq və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək öldürüldü.

Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi yerlə-yeksan edildi, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürüldü. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürüldü və ya şikəst edildi, 50000 azərbaycanlı qaçqın düşdü. İrəvan quberniyasının isə 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edildi, kəndlər isə yerlə-yeksan edildi. Erməni silahlı dəstələrinin Qarabağa yürüşü zamanı – 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdıldı, əhalisi məhv edildi.

Başqa sözlə, martda başlayan bu hadisələr bir neçə gün davam edən qırğınlarla başa çatmadı, bir neçə il davam etdi və yüz minlərlə azərbaycanlının həyatına son qoydu, yüzlərlə kəndlərimizin dağıdılması ilə nəticələndi. Bütün bunları nəzərə alsaq, Mart soyqırımının ötən əsrdə törədilmiş ən genişmiqyaslı bəşəri cinayətlərdən biri olduğunu əminliklə söyləmək olar.

Ümummilli lider Heydər Əliyev öz çıxışlarının birində Mart soyqırımına toxunaraq bildirmişdi ki, Azərbaycanlılara qarşı soyqırımı siyasətini ifşa etmək, bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün müəyyən işlər görülmüşdür: “Lakin bu sahədə hələ qarşıda görüləsi işlərimiz çoxdur. Azərbaycan dövləti, ictimaiyyəti, xaricdəki Azərbaycan icmaları üzərinə böyük, məsuliyyətli vəzifələr düşür. Əsl soyqırımı haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir. Bu məsələdə bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları bir olmalı, eyni mövqedən çıxış etməlidirlər”.

Qeyd edək ki, məhz ulu öndər Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzaladı və bu, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi  istiqamətində səylərin artırılmasına təkan verdi. Eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən isə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində geniş qeyd olundu. Erməni-bolşevik silahlı dəstələrinin 103 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə bu il də tədbirlər davam etdirilir.

Azərbaycan xalqı ermənilərin iki əsr boyunca xalqımızın başına gətirdiyi faciələri heç zaman unutmamalı, Mart soyqırımına hüququ qiymət verilməsi istiqamətində işləri davam etdirməlidir.

Bu, hər bir azərbaycanlının ölkəmizin bütövlüyü, müstəqliiyi uğrunda şəhid olan, soyqırıma məruz qalan həmvətənlərimiz qarşısında müqəddəs borcudur.

Tofiq CAHANGİROV,

YAP İdarə Heyətinin üzvü

Etikxeber.az

Read Previous

Daha 2237 yeni yoluxma-DAHA 29 ÖLÜM…

Read Next

“Ölkədə işsizliyin aradan qaldırılması üçün kənd təsərrüfatının inkişafı çox əhəmiyyətlidir…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir