“Yalanlar, cinayətlər açılmağa başlandı…” – SƏMƏD SEYİDOV

Səməd Seyidov: Cinayətin biri açılırsa, davamı mütləq gələcək

Biz bir müstəqil dövlət olaraq, ötən müddət ərzində çox məsələlərə nail olmuşuq. Yəni, Azərbaycanın dünya ölkələri arasında özünəməxsus və çox yüksək səviyyəli bir yer tutması, ölkəmizin müstəqil dövlət kimi qüdrətli və güclü bir məmləkətə çevrilməsi, ən yüksək tribunalardan səsinin eşidilməsi – dünyaya yayılması, 2016-cı ilin Aprel döyüşlərində  əldə edilən qələbə, uğurlu Günnüt əməliyyatı, Azərbaycan iqtisadiyyatının – enerji ehtiyatlarının Avropanın enerji təminatında və təhlükəsizliyində mühüm rol oynaması, məmləkətimizin bütün qitələr üçün mərkəzi nəqliyyat tranzitinə, məkanına çevrilməsi və sair və ilaxır, bunlar hamısı məhz ona görədir ki, 20 Yanvarı, Xocalı faciəsini, xalqımızın başına gətirilən digər faciələri unutmuruq, unutmamışıq.

Əksinə, bunları ən yüksək səviyyədə dünyaya, beynəlxalq aləmə, dünya ictimaiyyətinə çatdırmışıq və çatdırırıq. Bunu məhz bu cür, bu şəkildə qəbul etmək lazımdır.

Etikxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qanlı Xocalı qətliamının 27-ci ilinin tamam olmasına, ortada faktların, dəlillərin, sübutların, görüntülərin mövcudluğuna baxmayaraq, ötən illər ərzində bu soyqırımını törədənlərin, qanlı cinayətkarların, erməni qaniçənlərinin hələ də heç birinin Beynəlxalq Cinayət Məhkəməsinə, Haaqa Məhkəməsinə cəlb edilməsinin mümkün olmamasına münasibətini bildirərkən deyib.

“Biz Azərbaycan dövləti olaraq bu illər ərzində dünyaya çatdırmışıq və çatdırırıq ki, bax, XX yüzilliyin sonlarında bu cür qanlı hadisələr, antiinsani və antibəşəri cinayətlər Azərbaycan xalqının başına gətirilib”, – deyən S.Seyidovun sözlərinə görə, hansısa konkret cinayətkardan, cəlladdan birinin tutulub həbsə, zindana atılmasını gözləmək sadəlövhlük olardı.

“Hərçənd ki, Xocalı faciəsində birbaşa əli və iştirakı olan hərbi cani Robert Köçəryan artıq həbsxanadadır.

Digər hərbi cani Serj Sarqsyanın və onun yaxınlarının da vəziyyəti o qədər yaxşı deyil. Onların da başının üzərində qara buludlar dolaşır.

Elə bilirsiniz həbsə düşmək, yaxud Sarqsyanın və yaxınlarının vəziyyətində olmaq onların hansısa başqa məsələləri – cinayətləri ilə bağlıdır? Xeyr, belə deyil.

Əksinə, Azərbaycanın apardığı siyasətlə, ölkəmizin dünyaya təbliğ etdiyi məsələlərlə əlaqədardır.

Köçəryanlar, sarqsyanlar öz cinayətkar hakimiyyətlərini saxlaya bilmədilər və faktiki olaraq tamamilə başqa qüvvələrlə əvəzləndilər, onların yerinə başqa qüvvələr hakimiyyətə yiyələndilər. 

xocali1_505

Beləliklə, yalanlar, cinayətlər və bu kimi digər məsələlər açılmağa başlandı. Bu gün Köçəryanı həbs edib zindana salıblar ki, o, öz xalqına qarşı cinayət törədib, xeyli sayda insan ölümü ilə nəticələnən cinayətkar addımlar atıb.

Amma bununla belə, əminəm ki, cinayətin biri açılanda, o biriləri də açılacaq, davamı mütləq gələcək. O cümlədən, Sarqsyan və onun ətrafında olanlar da öz cəzalarını alacaqlar. Belə bir gün onları da gözləyir.

Əminəm və inanıram ki, Xocalı soyqırımı, o cümlədən, xalqımızın başına gətirilmiş digər faciələrlə bağlı bütün cinayətkarlar ədalət məhkəməsi qarşısında layiqli cavablarını alacaq, onlara verilən hökmləri eşidəcəklər.

Ən vacibi, bu, hansısa bir şəxslə bağlı olan məsələ olmamalıdır.

Əsas nəticə ondan ibarət olmalıdır ki, dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu başa düşsün, anlasın və buna uyğun olaraq davranışını bizim istədiyimiz şəkildə qursun, təşkil etsin.

Bunun isə ildən-ilə şahidiyik, şahidi olmuşuq, oluruq və olacağıq”, – deyə S.Seyidov əlavə edib.

Etikxeber.az

Read Previous

Tanınmış xanəndə Nuriyyə Hüseynovanın solo konserti olacaq

Read Next

Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir