“YAP etimad göstərsə…” – TAHİR RZAYEV

Tahir RZAYEV:  “Parlamenti  bütünlüklə gəncləşdirmək gələcəkdə qanunvericiliyə böyük ziyan vura bilər…”

Etikxeber.az-ın suallarını Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, 4 çağırış Milli Məclisin (MM) üzvü, şair Tahir Rzayev cavablandırır:

-Tahir müəllim, son günlər ölkədə keçirilən kadr dəyişiklikləri ilə bağlı deputatların yaş və neçə dəfə seçilməsi məsələsi mediada və sosial şəbəkələrdə geniş müzakirə olunur. Hərçənd ki, dünyada, o cümlədən, Azərbaycanda deputatlarla bağlı yaş senzi və neçə dəfə seçilmək məsələsi yoxdur, amma bu məsələ yenə də gündəmdən düşmür, çoxları deputalara da yaş və bir neçə dəfədən artıq seçilə bilməmək qadağasının qoyulmasını, yaşlı deputatların yerlərini cavanlara verməsi tələbi ilə çıxış edirlər.

Siz bəs bir millət vəkili olaraq, bu məsələ ilə bağlı hansı mövqedəsiniz, deputatlara da yaş və neçə dəfə seçilməklə bağlı qadağa qoyulmalıdırmı?

-Əvvəla, bunların hamısı boşboğazlıqdan irəli gəlir. Kadr dəyişiklikləri, kadr islahatları başqa məsələdir, deputatlıq başqa. Biri təyinatladır, biri seçki ilə. Kimlərsə indi öz şəxsi və cılız maraqları naminə adamları çaşdırmaq istəyirlər. Hansı ki, onların qanunlardan, dünya təcrübəsindən xəbərləri yoxdur. Deputatı xalq seçir, o xalqın istəyinin seçimidir. Neçə yaşından asılı olmayaraq, aşağı hədd məlumdur – 18 yaş – istənilən şəxs istənilən yaşda və istənilən dəfə seçilə bilər. Elə  bir yuxarı yaş həddi yoxdur ki, kimsə deputat seçilə bilməsin.

Digər tərəfdən də əgər deputat hansısa bir partiyanın üzvüdürsə, həmin partiya ona etimad göstərirsə, onun həmin partiya tərəfindən yenidən namizədliyi irəli sürülür və insanlar, həmçinin, üzvü olduğu təşkilat tərəfindən dəstəklənir. Bilirsiniz, bizdə  bir sıra adamlar bəzən çox bayağı fikirlər söyləyirlər. Birincisu, biz xarici, dünya ölkələrinin parlamentlərinə baxaq. Burada olanların əksəriyyəti təcrübəli adamlardır. Qanunvericiliklə ciddi məşğul olan adamlardır. İnsanlar arasında nüfuz qazanan, hörmət qazanan adamlardır.

Əlbəttə ki, mən özüm uzun müddət gənclərlə işləmişəm və gənclərə böyük mənim hörmətim var. Təcrübəli gənclərin, sağlam gənclərin parlamentə gəlməsinin də  əleyhinə deyiləm. Lakin bütünlüklə parlamenti gəncləşdirmək gələcəkdə qanunvericiliyə böyük ziyan ola bilər…

-Nə mənada?

tahir_rzayev_C00134

-O mənada ki, bu prosesi daha çox təcrübəli adamlar var ki, uzun illərdir  qanunvericiliklə məşğuldurlar, onlar daha yaxşı bilirlər. Yəni, qanun layihələrinin hazırlanmasını, qəbul olunmasını, beynəlxalq təcrübəyə əsaslanmasını, digər tərəfdən, müəyyən reallıqları qiymətləndirilməsini onlar daha təfsilatlı və mükəmməl bilirlər. Cünki şəxsən mən özüm də (eləcə də digərləri) ilk dəfə parlamentə gələndə bir neçə ay tərəddüddə qaldım ki, hansı qanunu necə oxumaq lazımdır, hansı qanuna necə düzəlişlər etmək lazımdır, mətbuata necə çıxmaq lazımdır, televiziyada necə çıxış eləmək lazımdır. Yalnız müəyyən dövr keçəndən, üzərimdə işlədikdən, proseslə daha yaxşı tanış olduqdan və əxz etdikdən sonra gördüm ki, artıq bunlara müəyyən qaydada yiyələnirəm və ondan sonra başladım sərbəst, müstəqil şəkildə sözümü, fikrimi ifadə etməyə, təkliflər irəli sürməyə və sair.

Yəni, mənim təklifim budur ki, yaşından asılı olmayaraq, fəal, aktiv deputatlarla  passiv deputatları jurnalistlər bir-birindən yaxşı fərqləndirsinlər. Burada yaş senzi, yaş fərqi məsələsi olmamalıdır, qabardılmamalıdır. Əgər bu adam öz missiyasını yerinə yetirirsə, seçicilərin ona etimadı varsa, o, ölkənin ictimai-siyasi həyatında fəaldırsa, elə bilirəm belə insanlar seçilməlidirlər. Belə adamlar fərqləndirilməlidirlər. Qaldı ki, yaşlı deputatlar məsələsinə, hər kəs başa düşməlidir ki, insan mütləq yaşlaşmalıdır, bu, həyatın qanunauyğunluğudur. Səhər onlar da yaşlaşacaqlar. Əgər onlar orada böyük nüfuz sahibidirsə və bu nüfuzdan onlar yaşlarına görə qırağa atılmalıdırlarsa, aşağılanmalıdırlarsa, bu, bizim xalq üçün doğru olan yol deyil. Burada bir ibrətamiz hadisəni xatırlatmaq istərdim.

Oğul bir gün atasını qoyur səbətin içinə, aparır qoyur dağın başına. Ata qayıdır oğluna deyir ki, ay oğul səbəti götür, bir gün  sənə də lazım olacaq. Deyir, neynirəm ki, bu, sənin üçündür. Deyir ki, yox,  bir gün səni də sənin oğlun səbətdə bura gətirəcək.  Yəni, kimisə yaşına görə, aşağılamaq, təhqir etmək heç cür olmaz. Heç kimin buna haqqı yoxdur.

Yenə deyirəm, kimlərsə əgər yaşlaşıbsa, iş qüvvəsini itiribsə, fəal deyilsə, belə adamların ictimai həyatda nəinki rolunu qiymətləndirmirəm, onların vəzifədə oturmağının, heç deputat seçilməyinin də tərəfdarı deyiləm. Ancaq doğurdan da, kimlərsə öz vəzifəsini yerinə yetirsə, xüsusən xalqın içində hörməti varsa, fəaldırsa, belə adamlara xalq etimad göstərirsə, qoy yenidən seçilsinlər. Niyə seçilməsinlər ki?!

-Siz artıq 4 cağırışdır parlamentdəsiniz, YAP-ı parlamentdə təmsil edın millət vəkillərindənsiniz. Şəxsən özünüzün namizədliyinizin yenidən YAP tərəfindən irəli sürülməsi istəyiniz varmı, içinizdən belə bir hiss keçirmi?

– Bilirsiniz, mən YAP-ın üzvüyəm. Dörd dəfə YAP tərəfindən mənim namizədliyim irəli sürülüb və olduğum ərazidə də insanlar buna dəstək veriblər, çox sağ olsunlar. Mən ömrü boyu YAP-a da, onun rəhbərliyinə də minnətdaram. Cənab Prezidentimizə, sədrimizə də minnətdaram.

Əgər yenidən YAP mənə etimad göstərsə, namizədliyimi versə, sözsüz ki, etiraz etmərəm. Yox, əgər məsləhət olunmasa, kimsə-məndən daha yaxşı olan bir adam öz namizədliyini versə və ya onun namizədliyi irəli sürülsə, onun vəkili kimi ona dəstək verəcəyəm. Burada ikinci bir fikir ola bilməz. Partiyamız nə məsləhət bilsə, nə qərar versə, ona da tabe olacağam.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

YAP İdarə Heyətinin 1, SİYASİ ŞURAŞININ 11 ÜZVÜ İŞSİZDİR…

Read Next

Pakistandan Hindistanın baş nazirinin təyyarəsinin uçuşuna yasaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir