YAP-çı deputatdan Əli Əliyevə, Əli Kərimliyə, Leyla Yunusa… – SƏRT SÖZLƏR

Dövlət ən ciddi sosial-siyasi institut olmaqla cəmiyyətin sosial sifarişi nəticəsində meydana gəlir.

Dövlət cəmiyyətin bütün stratalarının – təbəqələrinin maraqlarını nəzərə almaqla xüsusi idarəetmə institutları yaradır. Beləliklə, bir millətin təşkilatlanma və idarəetmə baxımından yarada biləcəyi ən böyük sosial-siyasi institut dövlətdir. Azərbaycan xalqı dövlət qurmaq bacarığına və istedadına malik olan, eyni zamanda, qurduğu dövləti qorumağı bacaran xalqdır.

Tarixin müxtəlif mərhələlərində dövlətçiliklə bağlı müəyyən təhdidlər ortaya çıxır. Azərbaycan dövlətçiliyinin 5 min illik tarixi sübut edir ki, məhz belə kritik anlarda da Azərbaycan xalqı öz dövlətini qorumaqla, onun yaşamasını təmin etməklə milli varlığını qorumağı bacarıb.

Heç şübhəsiz ki, illər ötdükcə, cəmiyyət inkişaf etdikcə dövlətin institusional qurumları da ixtisaslaşmağa başlayır və cəmiyyətin özü inkişaf etdiyi kimi, onu idarə etmək üçün yaradılmış struktur vahidləri də təkmilləşir. Hazırda modern dövlət dedikdə, xalqın maraqlarını qoruyan, funksional, institutlaşmış, özünəməxsus struktural forma nəzərdə tutulur.

Azərbaycan mürəkkəb geostrateji rayonda uzun illər ərzində öz milli maraqlarını müstəqil şəkildə müdafiə etməyi bacarıb

Ümumiyyətlə, bir millətin milli gücü onun malik olduğu maddi, mədəni və intellektual resursların cəmi ilə ölçülür. Ona görə də milli güc və onun resursları iki komponent əsasında müəyyənləşdirilir. Bunlardan biri milli gücün maddi komponentləri, digəri milli gücün mənəvi komponentləridir. Milli gücün maddi komponentləri dedikdə dövlətin yerləşdiyi ərazi, onun yeraltı və yerüstü sərvətləri, sənayeləşmə dərəcəsi, onun istehsal münasibətləri və əhali faktoru nəzərdən keçirilir. Milli gücün mənəvi komponentləri dedikdə isə milli mənəviyyat, milli xarakter, milli əxlaq və milli diplomatiya başa düşülür. Milli gücü bütövlükdə şərh edərkən isə milli diplomatiyanı milli gücün “beyni” hesab edirlər.

Çünki əgər bütün resurslar varsa, onlar milli maraqların həyata keçirilməsi üçün səfərbər olunmursa, deməli, o güc hələlik potensial olaraq qalır. Bu gün də Azərbaycanın milli diplomatiyası, xarici siyasət idarəsi və şübhəsiz ki, xarici siyasət strategiyasını müəyyənləşdirən Azərbaycan Prezidenti məhz bu faktordan milli maraqlarımızın qorunması üçün məharətlə istifadə etməyi bacarır. Əgər belə olmasaydı, Azərbaycan mürəkkəb geostrateji rayonda uzun illər ərzində öz milli maraqlarını müstəqil şəkildə müdafiə etməyi bacarmazdı.

Əlbəttə ki, bu resursların düzgün istismar olunması, milli məqsədlər üçün yönləndirilməsi müasir, inkişaf edən, güclü, qüdrətli Azərbaycanı formalaşdırıb. Azərbaycan uzun illərdir müxtəlif cəbhələrdə, xüsusilə də iqtisadi sektorda qalib olub, meqa layihələr həyata keçirməyi bacarıb. Azərbaycan 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə başlayan əfsanəvi layihələrini, nəhayət, 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı ilə uğurla davam etdirməyə nail olub. Azərbaycan TANAP və TAP kimi qlobal strateji layihələrin həyata keçirilməsində öz iradəsini ortaya qoyub. Eyni zamanda, bütün beynəlxalq təşkilatlarla Azərbaycanın münasibətləri ən yüksək səviyyədədir.

hikmet_babaoglu_2

Azərbaycan 2018-ci ildə Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanmasını həyata keçirib. Bütün bunlar beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunu, rolunu daha da artırır, yerini daha da möhkəmləndirir. Belə olan halda, Azərbaycan get-gedə regionun dominant iqtisadi, siyasi, həmçinin idman və mədəniyyət mərkəzinə çevrilir.

Azərbaycan xalqı ölkəmizə qarşı antimilli qüvvələr tərəfindən həyata keçirilən təxribat xarakterli kampaniyaların məqsədini yaxşı dərk edir

Ölkəmizin əldə etdiyi bu uğurlar isə dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də məyus edir. Ona görə də vaxtaşırı ən müxtəlif mərkəzlərdən Azərbaycana qarşı fərqli-fərqli hücumlar təşkil edilir. Bu hücumların bir qismi informasiya cəhbəsindən, bir qismi iqtisadi, digər qismi isə sosial sektordan təşkil olunur. Xüsusilə islamofob, ermənipərəst mərkəzlər və erməni lobbisi müxtəlif siyasi texnologiyalarla və taktikalarla Azərbaycanın maraqlarını hədəfə götürürlər.

Təəssüflə qeyd edirik ki, vaxtilə Azərbaycanda hakimiyyətdə olan, milli maraqları və öz iqtidarlarını qoruya bilmədikləri üçün hakimiyyətdən getməyə məcbur qalan şəxslər bu gün Azərbaycan xalqının, dövlətimizin maraqlarına qarşı fəal “aktor”a çevriliblər. Onların başında duranlardan biri Əli Kərimlidir, digəri onunla eyni cəbhədə olmadığı iddia edilsə də, əslində, siyasi partiya yaradıb Azərbaycanda hakimiyyətə iddialı olan Əli Əliyevdir. Eyni zamanda, özlərini müxalifətçi elan edib, əslində isə, Azərbaycana qarşı olan mərkəzlərin sifarişlərini bilərəkdən və ya bilməyərəkdən yerinə yetirən “mühacirlər” də bu formada milli maraqlarımıza zərbə vururlar.

Bununla yanaşı, korporativ, şəxsi maraqlarını təmin etmək, Avropada maddi vəziyyətini yaxşılaşdırmaq və ya daha yaxşı həyat şəraiti əldə etməyə qədər ən müxtəlif məqsədlərlə xaricə gedən bəzi şəxslər qlobal imperialist mərkəzlərin toruna düşərək Azərbaycana qarşı təzyiq vasitəsinə çevriliblər. O cümlədən xarici maliyyə qurumlarından ciddi qrantlar qoparmağı bacaran Sevinc Osmanqızı, ermənipərəst Leyla Yunus və onun ailə üzvləri, heç bir müsbət reputasiyaya malik olmayan Qənimət Zahid və digərləri də Azərbaycana qarşı aparılan bu cür kampaniyalarda fəallıq nümayiş etdirirlər.

Əlbəttə ki, ölkəmizdə intellektual cəmiyyət formalaşdığı, respublikamızın daxili və xarici siyasəti məhz Azərbaycanın milli maraqları əsasında həyata keçirildiyi üçün bu cür çoxsaylı hücumlar uğurla dəf edilir. Azərbaycan xalqı bunu görür, qiymətləndirir və ölkəmizə qarşı antimilli qüvvələr tərəfindən həyata keçirilən təxribat xarakterli kampaniyaların nə üçün təşkil olunduğunu yaxşı dərk edir.

Keşikçidağ məsələsində hadisələrin nəzarətdən çıxması yalnız üçüncü qüvvələrin marağını təmin edə bilərdi

Son dövrlərdə isə Azərbaycana qarşı hücumlarda yeni bir forma müəyyənləşdirilib. Bu, Azərbaycanın ayrı-ayrı dövlətlər və qonşu ölkələrlə münasibətlərinin pozulmasına, beləliklə, onun maraqlarına zərbə endirilməsinə hesablanan hücumların təşkil edilməsidir.Məlumdur ki, bu yaxınlarda Keşikçidağ məntəqəsində insident baş verdi. Təbii ki, hadisələrin nəzarətdən çıxması, qanlı qarşıdurma müstəvisinə keçməsi həm Azərbaycanın, həm də Gürcüstanın milli maraqları baxımından qətiyyən yolverilməzdir. Çünki Azərbaycanın beynəlxalq iqtisadi və kommunikasiya əməkdaşlığı əsasən Gürcüstan vasitəsilə həyata keçirilir.

Həmçinin ölkəmizin təbii resurslarının dünya bazarına çıxarılması, o cümlədən bütün qlobal layihələrin həyata keçirilməsi Gürcüstan və Türkiyə üzərindən Qərbə keçərək təmin olunur. Eyni zamanda, Gürcüstanın iqtisadiyyatı məhz Azərbaycanın həyata keçirdiyi beynəlxalq, qlobal və meqa layihələr əsasında formalaşıb. Bu iki ölkə arasında münasibətlərin korlanması, heç şübhəsiz ki, iqtisadi münasibətlərin, o cümlədən kommunikasiyaların pozulmasına gətirib çıxara bilər. Belə vəziyyət isə yalnız üçüncü qüvvələrin lehinə ola bilər və hər iki Cənubi Qafqaz respublikasını məhz həmin üçüncü güc mərkəzindən asılı vəziyyətə sala bilər. Ona görə də Azərbaycan öz maraqlarını müdafiə etmək üçün dərin strateji diplomatiya həyata keçirməlidir və dövlətimiz bu istiqamətdə mühüm addımlar atır.

Azərbaycan əsgəri milli maraqlarımıza uyğun olaraq düzgün hərəkət etdi

Bu kontekstdə Keşikçidağ insidenti zamanı Azərbaycan əsgəri, doğrudan da, milli maraqlarımıza uyğun olaraq düzgün hərəkət etdi. Mümkün qarşıdurma və təxribata yol vermədi və qan tökülərək təxribatın ikinci fazaya keçirilməsinin qarşısını aldı. Beləliklə, üçüncü güc mərkəzləri tərəfindən planlaşdırılan ssenari həyata keçmədi. Antiazərbaycançı mərkəzlər bu planlarının baş tutmadığını gördükdə ölkə daxilindəki radikal qruplaşmalara məsələni siyasiləşdirmək üçün direktivlər göndərdi və təxribatı siyasi müstəvidə Azərbaycan hakimiyyətinə qarşı siyasi şantaj vasitəsinə çevirməyə başladı.

Bir qismi bilərəkdən, bir qismi isə bilməyərəkdən imperializmə xidmət edən qeyd etdiyimiz ölkədaxili “sosial” və yaxud “siyasi aktorlar” ilk növbədə Azərbaycan əsgərini, sonra Dövlət Sərhəd Xidmətini, daha sonra bütövlükdə Azərbaycan Ordusunu, nəhayət, Azərbaycan dövlətini, ölkəmizin xarici siyasətini hədəfə götürdülər. Beləliklə, bu hadisədə təxribatçı, qızışdırıcı mövqe tutdular. Belə mövqedə dayanmaq isə milli maralarımıza qarşıdır və qətiyyən yolverilməzdir. Çünki hadisələr bir qədər gərginləşərsə, Gürcüstan-Azərbaycan münasibətləri pozularsa, bu, zəncirvari şəkildə iki ölkə arasındakı münasibətlərin bütün sektorlarına sirayət edə, son nəticədə Cənubi Qafqazda müstəqil subyekt kimi çıxış edən iki ölkə yavaş-yavaş müstəqilliklərini itirmək təhlükəsi ilə üz-üzə qala bilər.

Belə bir vəziyyətdə, şübhəsiz ki, yenidən üçüncü mərkəzlərin vassalına çevrilmək ehtimalı gündəmə gələ bilər. Məsələnin mahiyyəti bundan ibarətdir. Gürcüstanda da bunu dərk edirlər. Ona görə də Gürsüstan hakimiyyəti rəsmilərinin, eyni zamanda, Azərbaycan hakimiyyəti və dövlətinin rəsmi şəxslərinin açıqlamalarında daim bu məsələyə vurğu edilir.

Azərbaycanın ən böyük sərvəti onun qurduğu intellektual cəmiyyətdir. Belə savadlı və yetkin cəmiyyəti bir qrup radikal əlbəttə manipulyasiya edə bilməz

Təəssüflə qeyd etmək lazımdır ki, Keşikçidağ ətrafında baş verən məlum insident zamanı Gürcüstanda və Azərbaycanda bu hadisələri qızışdırmağa, az qala iki ölkə arasında savaşa səbəb olacaq məsələ kimi təqdim etməyə çalışan əsl təxribatçılar da tapıldı. Siyasi fəaliyyətlə məşğul olan, gələcəkdə siyasi hakimiyyətə iddialı olan, müəyyən siyasi keçmişi olan və bu gün Azərbaycan xalqı qarşısında ictimai məsuliyyət daşımalı olan Əli Kərimli kimilərin prinsipial dövlətçilik məsələlərində qızışdırıcı mövqe tutması əsl antimilli xarakterli təxribatdır. Onlar, bəlkə də, elə hesab edirlər ki, məsələyə bu cür yanaşmaqla Azərbaycan hakimiyyətini gözdən salacaqlar, hansısa məqamda Azərbaycan hakimiyyətini cəsarətsizlikdə ittiham etməklə siyasi dividend əldə edəcəklər.

Amma xalqımız nəyin və nə üçün baş verdiyini yaxşı bildiyi üçün radikallar əsla məqsədlərinə çata bilməyəcəklər. Ən azı ona görə ki, bu hadisələrin niyə baş verdiyini, bəlkə də, sıravi vətəndaş daha düzgün dərk edir və hakimiyyətin mövqeyini daha doğru hesab edir, nəinki özlərini “siyasətçi” adlandıran və hakimiyyətə iddialı olan bu adamlar. Onların məqsədi bu hadisədən Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə qarşı siyasi şantaj vasitəsi kimi istifadə etməkdir. Ancaq milli maraqlar əsas götürüldükdə müxalifətin də, hakimiyyətin də ümdə vəzifəsi Azərbaycan dövlətini qorumaq olmalıdır.

Bu gün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını təhdid etmək üçün düşünülmüş bu cür təxribatlar varsa, bərtərəf etmək lazımdır. Çünki bütün dünyada sivil müxalifətin rolu ondan ibarətdir ki, belə prinsipial məsələlərdə dövlətin və xalqın maraqlarını qorumağı bacarsın. Azərbaycan xalqı müdrik xalqdır və bu gün nəyin, harada, nə üçün və nə zaman baş verdiyini dərk edir. Bu gün əldə etdiyi digər nailiyyətlərlə bərabər, Azərbaycanın ən böyük sərvəti onun qurduğu intellektual cəmiyyətdir. Belə savadlı və yetkin cəmiyyəti bir qrup radikal, əlbəttə, manipulyasiya edə bilməz.

Əli Kərimli Azərbaycan hakimiyyətinə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı müxalifətçilik edir

Ona görə də Əli Kərimlilər bu ümummilli məsələdə təxribatçı mövqe tutmaqla bir daha hakimiyyətə deyil, Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı müxalifətdə olduqlarını sübut etdilər. Bu hadisə növbəti dəfə göstərdi ki, bu insanlar Azərbaycan xalqını provokasiyaya çəkməklə, onun qürurunu incidəcək ifadələr işlətməklə, onu qonşu xalqa qarşı düşmənçilik etməyə çağırmaqla xaricdən, o cümlədən ermənipərəst mərkəzlərdən aldıqları sifarişləri yerinə yetirirlər. Heç şübhəsiz ki, Azərbaycan xalqı növbəti mərhələdəki siyasi proseslərdə də öz iradəsini və mövqeyini ifadə edərkən mütləq bu təxribatçıların antimilli fəaliyyətini nəzərə alaraq qərar qəbul edəcək.

Hikmət BABAOĞLU,

Millət vəkili,

Etikxeber.az

Read Previous

“Azəriqaz” ismayıllıları yenə qazsız qoydu…

Read Next

İki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir – DSX – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir