YAP-çı deputatdan “boykotçu”lara – SƏRT ETİRAZ

Tahir RZAYEV: “Şərait var ki, özlərini namizəd versinlər, yerlərdə təbliğatlarını aparsınlar və parlamentə seçilsinlər. Ancaq,  bu, bir həqiqətdir və çox yaxşı bilirlər ki, xalq tərəfindən heç bir dəstəkləri yoxdur”

Milli Şura seçkiləri boykot etmək barədə qərar qəbul edib. Əlbəttə ki, bu, bir siyasi oyunbazlıqdır, gözləniləndir. Çünki onlar dəfələrlə bu fikirləri səsləndirmişdilər və sözsüz ki, ölkədəki mövcud demokratik şərait, növbədənkənar seçkilərin keçirilməsi onlara imkan yaradırdı ki, öz qüvvələrini sınasınlar. Yalanlar, hədyanlar uydururdular deputatlar haqqında, parlament haqqında, vəzifəli şəxslər haqqında. Şərait var ki, özlərini namizəd versinlər, yerlərdə təbliğatlarını aparsınlar və parlamentə seçilsinlər. Ancaq,  bu, bir həqiqətdir və çox yaxşı bilirlər ki, xalq tərəfindən heç bir dəstəkləri yoxdur.

İnsanlar, seçicilər bu adamları yaxşı tanıyırlar. Onların əməllərinə, fəaliyyətlərinə, keçdiyi yola bələddirlər. Uzun müddət bu insanlar Azərbaycanda qarşıdurma yaratmaqla, yalan, böhtan yaymaqla insanları aldatmaqla, vəzifəli şəxslərin, deputatların, iqtidarı dəstəkləyənlərin ünvanına olmazın sözlər deməklə məşğuldurlar. Başqa yolları da yoxdur. Xaricdə yaşayan havadarlarına arxayındılar, onların pulları ilə özləri üçün lazım olan şəraiti düzəldiblər.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

“Övladlarını xaricdə ən bahalı ali məktəblərdə oxudurlar, yaxşı yaşayırlar və ancaq bunlar insanları, müəyyən gəncləri yolundan sapdırmaq, onları çaşdırmaq məqsədilə tez-tez bəyanat verirlər, ölkədə demokratiyanın olmaması, insan hüquqlarının pozulması, mətbuatın, sözün, boğullması barədə yalan, böhtan, iftira uydurub yayırlar”-deyən millət vəkilinin sözlərinə görə, hakim Yeni Azərbaycan Partiyası (YAP), ardınca parlament  özü bəyan etdi ki, növbədənkənar seçkilərə gedilir:

“Növbədənkənar seçkilərə getmək o demək deyildir ki, parlamentdə ciddi nöqsanlara yol verilib. Öz səlahiyyətlərini yerinə yetirə bilmir, hardasa ciddi problemlər yaşanıb. Ancaq bu insanların, bu qüvvələrin yalan, böhtanlarını ifşa eləmək, onların iç üzünü açıb bir daha xalqa göstərməkdən ötrü növbədənkənar seçkilərin keçirilməsi qərara alındı və imkan verildi ki, bir daha bu adamlar seçkilərdə fəal iştirak etsinlər. Ancaq göründüyü kimi, onlar yenə də seçkilərdən qaçmaqla özlərinin öz mənfi niyyətlərini yerinə yetirmək istəyirlər. Bu isə insanlarda bir ikrah hissi oyadır. Ona görə ki, adamlar müəyyən mənada bu nadanların sözünə inanırlar, inananlar var. Onların o yalanlarına, şayiələrinə az bir miqdarda dəstək verənlər var və onların da bu hay-küyü, düzünü deyim ki, cəmiyyəti çox narahat edir. Çünki təhqir, söyüş, riyakarlıq sosial şəbəkələrə çıxır, insanların mənəviyyatına təsir edir, onların ailələrinin, övladlarının psixasına təsir edir. Narahatçılıq yaradır. Mən elə bilirəm ki, Milli  Şuranın, radikal müxalifətin seçkiləri boykot etmək barədə verdiyi qərar onların özləri üçün bir zərbədir. Azərbaycan xalqı bir daha bilməlidir və bir daha düşünməlidir ki, bu insanlar düz yolda deyillər”.

Millət vəkili bildirib ki, bu insanlar vətəndaşları çaşdırmaqla, vətəndaşları meydana səsləməklə qarşıdurmalar yaratmaqla məşğuldurlar.

“Onlar, ümumiyyətlə, ilk gündən bu mövqedədirlər və seçkilərə getməməklə onlar bir daha öz mövqelərini sübut etmiş oldular. Demokratik inkişafın, demokratiyanın yolu seçkilərdən keçir. Parlamentdə bir çox müxalifət qüvvələrin üzvləri, müxalifət partiyasının rəhbərləri təmsil olunurlar. Əlbəttə ki, onlar yeri gələndə ölkədə mövcud olan nöqsanları da dilə gətirirlər, çatışmamazlıqları deyirlər. Nəinki onlar, iqtidar partiyası olaraq bizim hər birimiz əgər hansı sahədə uyğunsuzluq varsa, bu məsələləri qaldırırıq, dövlət, hökumət rəhbərliyi tərəfindən bu məsələlərə, problemlərə tez bir zamanda əks-səda verilir və lazım olan problemlər aradan qaldırılır.

Ancaq bu adamlar kiçik bir nöqsanı şişirtməklə, hər bir şeyə qara yaxmaqla ölkəmizin imicinə ziyan vururlar. Nəinki Azərbaycan vətəndaşlarına, eləcə də beynəlxalq təşkilatlara bunu təbliğ etməklə, onların fikirlərinə bunu çatdırmaqla məşğuldurlar. Əlbəttə ki, müxalifətin bu boykot qərarı Azərbaycan cəmiyyətinə, seçkilərə heç bir təsir göstərməyəcək. Çünki həmişə olduğu kimi, yenə də seçicilər özlərinin ən layiqli, ən təmiz, tanıdıqları namizədlərə səs verəcəklər. Və mən istərdim ki, belə də olsun. Beləliklə, bir daha radikal müxalifət seçkilərdən kənardan qalacaq və sözsüz ki, onlar tez bir zamanda siyasi arenadan silinib atılacaqlar…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Heydər Əliyevin vəfatından 16 il ötür

Read Next

Çempionlar Liqasının qrup mərhələsinin daha 8 qarşılaşması: NƏTİCƏLƏR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir