YAP-dan Ərdoğana təbrik: KİMSƏ BU SEÇİMƏ QARIŞA BİLMƏZ

Deputatlar: Türk xalqı bir daha yanlış hesabları pozdu

Türkiyədə keçirilən son parlament və prezident seçkilərinin yekunları ilə bağlı Türkiyə dövlətini və qardaş Türk xalqını təbrik edirəm. Türk xalqı, Türkiyə seçmənləri növbəti dəfə AKP hakimiyyətinin, ölkə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın cümhurbaşqanlığının davam etməsinə səs verərək, öz iradəsini ortaya qoydular.

eldeniz salimovvv

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, bu seçkilər Türkiyənin, Türk xalqının daxili işi olduğu üçün kimsənin də onun seçiminə müdaxilə etməsinə, seçkinin nəticələrini dartışmağa, başqa səmtlərə yönəltməyə haqqı yoxdur:

“Heç kimə, heç bir kənar qüvvəyə haqq-ixtiyar verilməyib ki, Türkiyənin daxili işlərinə, Türk seçicilərinin seçiminə qarışsın. Çox əlamətdar və sevindirici haldır ki, qardaş ölkə və onun sayğıdəyər seçiciləri də kənar qüvvələrin Türkiyənin daxili işlərinə qarışmasına, onu dizayn etməsinə imkan vermədi. Əksinə, Türkiyə, Türk seçiciləri Türkiyəylə bağlı xoş olmayan bütün ssenariləri, məkrli planları  yenə öz qətiyyəti və iradəsi ilə alt-üst etdi.

Göstərdi və sübut etdi ki, Türkiyəylə, Türk seçiciləri ilə oynamaq, onların başları üzərindən yanlış hesablar planlaşdırmaq olmaz. Hesab edirəm ki, Türkiyə, Türk xalqı bu seçkilərdən bir daha güclü şəkildə çıxdı və bundan sonrakı dönəmdə  Türkiyə daha güclü mövqeyi ilə özünün dünyadakı yerini, nüfuzunu qoruyacaq, daha da qətiyyətli şəkildə irəliyə doğru addımlayacaq. Türkiyə istər bölgənin, istərsə də, dünyanın lider dövlətlərindən biri kimi bundan sonra da öz önəmi, öz əhəmiyyəti ilə seçiləcək. Bu seçkilərdən sonra Türkiyə iqtisadiyyatı daha da güclü şəkildə inkişaf edəcək, Türkiyəni və onun sərhədlərini illərdir təhdid edən terror təhlükəsi tam aradan qalxacaq. Uğurlu “Fərat qalxanı”, Afrin əməliyyatları, eyni zamanda, Kandil, Menbiç əməliyyatları Türkiyənin terrorla mübarizədə nə qədər əzmli və israrlı olduğunu göstərir və inanıram ki, Ərdoğanın yeni prezidentlik dönəmində, lap yaxın zamanlarda da terror, PKK, PYD, YPG, İŞD təhdidi tam aradan qaldırılacaq, terrorçular tam məğlubiyyətə uğradılacaq. Türkiyənin buna tam haqqı və həm də tam yetərli gücü var”.

eldar-bdu

Digər millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun üzvü Eldar İbrahimov da Türkiyədə keçirilən seçkilər və onun nəticələri ilə bağlı Türkiyə dövlətini və Türkiyə xalqını təbrik edib:

“Türkiyə bizim qardaş, dost dövlətimizdir. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi, biz bir millət, iki dövlətik. Canımız, qanımız, ruhumuz birdir. Dünyada ikinci bir xalq və dövlət yoxdur ki, bu qədər bir-birinə qırılmaz, sıx tellərlə bağlı olsun. Kimsə bunun analoqunu ortaya bilməz. Hətta, istəsələr belə, bu bağı, bu birgəliyi heç kim, heç bir qüvvə və heç bir  dövlət qıra, məhv edə bilməz. Necə ki, tarix boyu, xüsusilə də, son 25-30 ildə bu istiqamətdə çoxsaylı cəhdlər, məkrli ssenarilər gerçəkləşdirilməyə çalışılıb, amma hər zaman da  bu cəhdlər, məkrli ssenarilər məhv edilib, fiaskoya uğradılıb. Həm Türkiyə dövləti və xalqı, həm də Azərbaycan dövləti və Azərbaycan xalqı, Azərbaycan türkləri, iki ölkənin rəhbərləri Türkiyəylə Azərbaycanın bağının, birgəliyinin qoparılmasına imkan verməyiblər, əksinə, dünyaya öz qardaşlıqlarını, birgəliklərini daha güclü və daha qətiyyətli şəkildə nümayiş etdiriblər.

Bu baxımdan hesab edirəm ki, Türkiyənin uğurları, sevinci Azərbaycanın sevinci, uğurlarıdır, Azərbaycanın uğurları, zəfərləri Türkiyənin uğurları, zəfərləridir. Eyni zamanda, Türkiyənin acısı bizim acımız, Azərbaycan kədəri Türkiyənin kədəridir. Bir dost, qardaş dövlət olaraq da, Türkiyədə keçirilən seçkilər heç şübhəsiz ki, bizim də marağımız daxilində idi. Bizlər də qardaş ölkədə yaşananları, seçki yaşantılarını yaxından izləyirdik və arzu edirdik ki, hər şey Türkiyə xalqının ürəyincə olsun, onun mənafeyinə uyğun şəkildə baş versin. Çox əlamətdar haldır ki, bu, belə də oldu. Türkiyə xalqı bir daha öz iradəsini, öz qətiyyətini ortaya qoydu, Ərdoğan, AKP iqtidarı ilə yoluna davam etməkdə israrlı olduğunu nümayiş etdirdi. Həm də dünyaya, Türkiyəylə bağlı  xoş olmayan ssenari cızmağa çalışan dairələrə öz mesajını vermiş oldu ki, artıq Türkiyə o Türkiyə, artıq Türk seçicisi əvvəlki seçici deyil, o, doğru ilə yalanı, ağla qaranı daha düzgün ayırd etməyi bacarır, onun seçiminə artıq kimsə qarışa bilməz. Hesab edirəm və inanmaq istəyirəm ki, həmin dairələr də artıq bu mesajı almış oldular və bir daha anladılar ki, qarşılarında nə qədər güclü, iradəli Türkiyə, Türk xalqı var”.

Millət vəkili Türkiyədə keçirilən seçkilərlə bağlı ilk təbrikin də Azərbaycandan getməsinin önəmli olduğunu vurğulayıb:

“Türkiyədə keçirilən seçkilərin nəticələri ilə bağlı Türkiyə prezidenti cənab  Rəcəb Tayyib Ərdoğanı, AKP hakimiyyətin təbrik edən ilk ölkə Azərbaycan və ilk dövlət başçısı Azərbaycan prezidenti cənab İlham Əliyev oldu. Çünki başqa cür də ola bilməzdi. Azərbaycan-Türkiyə münasibətləri son 15-16 ildə məhz cənab İlham Əliyevlə cənab Ərdoğanın dünyaya örnək, nümunə ola biləcək gözəl münasibətləri sayəsində ən üst səviyyə qalxıb. Yəni, bu iki liderin qardaşlıq, dostluq münasibətləri sayəsində Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, birgəliyi daha da sıxlaşıb, daha da güclənib. Odur ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək, dünyaya nümunə, örnək olacaq. Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu bu ölkələrin qarşılarındakı bütün problemlərin birgə aşılmasında və dəf olunmasında öz müstəsna rolunu oynayacaq”.

Etikxeber.az

 

 

 

Read Previous

Ərdoğan yenidən seçildi, Əliyevdən təbrik gəldi…

Read Next

“İncə” olmayan hesablar, Ərdoğanın qələbəsi, Akşənərin əngəllənməsi və xətası…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir