“YAP gəncləşərək monolit bir formada bu sınaqdan da üzüağ, alnıaçıq çıxmağı bacardı…”-ELDAR İBRAHİMOV

Eldar İBRAHİMOV: “YAP  dünənin, bugünün və gələcəyin partiyası olmaqla, ölkə Prezidenti, Qalib, Müzəffər Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə hələ bir çox uğurlara, qələbələrə imza atacaq

Etikxeber.az-ın suallarını Milli Məclisin (MM) İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov cavablandırır:

“…Hətta, bir dəfə dedim ki, əgər siyasi partiya yaratmasınız, bu işə razılıq verməsəniz,  gedib başqa bir partiyaya üzv olacağam. Çünki o zamam AMİP tərəfindən mənə və digərlərinə təkliflər gəlirdi. Beləliklə, Heydər Əliyevi partiya yaratmağa razı sala bildik…”

-Eldar müəllim, bugünlərdə YAP-ın 7-ci qurultayı keçirildi. İstərdik ki, YAP-ın yaradılmasında xidmətləri olan bir şəxs kimi, ötən dövrə nəzər salaydınız. YAP haradan haraya gəldi?

-Bəli, Yeni Azərbaycan Partiyası xalqın istəklərindən, tələblərindən doğdu, yarandı. YAP-ın yaranması Azərbaycan xalqının sifarişi idi.

Çünki 90-ci illərin əvvəllərində, biri-birini əvəzləyən keçmiş hakimiyyətlərin dövründə Azərbaycan xaos, böhran içindəydi. Xüsusilə də, 1992-93-cü illərdə, naşı, təcrübəsiz hakimiyyətin dövründə Azərbaycan parçalanmaq, məhv olmaq həddinə gəlmişdi. İnsanlar ümidsizlik içində çırpınırdı, özünə xilaskar axatarırdı. Bu xilaskar isə təbii ki, Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyev idi. Azərbaycan xalqı haqlı olaraq, Heydər Əliyevə ümid, xilas yeri kimi baxırdı.

Bəli, o zamanlar Heydər Əliyev yenidən ölkə hakimiyyətinə qayıtmaq, siyasi partiya yaratmaq  fikrində deyildi. Ancaq Azərbaycan xalqını  düşünən insanlar, “91-lər”  Heydər Əliyevə müraciət edərək Azərbaycan xalqının və dövlətinin gələcəyi naminə onu siyasi partiya yaratmağa, siyasi hakimiyyətə gəlməyə çağırış etdilər. Eyni zamanda, şəxsən mən özüm o zamanlar Heydər Əliyevlə söhbətlərdə siyasi partiya yaratmaqla bağlı fikirlərimi daim bildirir, Azərbaycana birinci rəhbərliyi dövründə ölkənin inkişafı üçün gördüyü heyrətamiz işlərin müstəqillik dövründə də yalnız onun davam etdirilməsinin zəruri hal aldığını tez-tez xatırladırdırm.

Hətta, bir dəfə dedim ki, əgər siyasi partiya yaratmasınız, bu işə razılıq verməsəniz,  gedib başqa bir partiyaya üzv olacağam. Çünki o zamam AMİP tərəfindən mənə və digərlərinə təkliflər gəlirdi. Beləliklə, Heydər Əliyevi partiya yaratmağa razı sala bildik. Heydər Əliyev dedi ki, biz Kommunist Partiyası tipli partiya yox, yeni ruhlu bir partiya yaratmalıyıq. Odur ki, partiyanın adının seçilməsində “Yeni Azərbaycan” sözünün üstündə dayanıldı.

Qeyd edim ki, YAP-ın yaranması da asan başa gəlmədi. O zamanki hakimiyyətin təzyiqləri ilə üz-üzə qalmışdıq. Hətta, YAP-ın təsis qurultayını Bakıda deyil, Naxçıvanda, çox soyuq bir gündə, çox soyuq bir binada keçirməyə məcbur olduq. Ancaq bununla belə, YAP-ın təsis edilməsi mümkün oldu, Heydər Əliyev partiyanın sədri seçildi, partiyanın rəhbər orqanları, Siyasi Şurası, İdarə Heyəti formalaşdırıldı, sədr müavinləri seçildi. Mən də YAP-ın Siyasi Şurasının üzvü seçildim.

Qurultaydan sonra da təqiblərlə, təzyiqlərlə üzlşədik, ancaq yolumuzdan, Heydər Əliyev ideyalarından dönmədik və nəhayət, 1993-cü ilin məlum iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə və elə keçmiş hakimiyyətinin özünün də xahişləri, yalvarışları ilə Heydər Əliyev Bakıya, hakimiyyətə dəvət edildi və iyunun 15-də Ali Sovetin sədri seçildi, iyunun 24-dən isə ölkə Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. 1993-cü ilin oktyabrında isə Heydər Əliyev YAP-ın sədri kimi, ilk dəfə ölkə Prezidenti seçildi və bununla da Azərbaycanda yeni dönəm, yeni mərhələ başladı.

Ölkədə xaos və anarxiyaya, separatizm meyllərinə son qoyuldu. 1995-ci ilin noyabrın 12-də isə ölkədə referendum keçirildi, ilk müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu, həm də Milli Məclisə birinci çağırış seçkilər baş tutdu. Ölkəmizdə hüquqi-siyasi, iqtisadi və sosial islahatlar, insan hüquq və azadlıqlarının təmin edilməsi, demokratikləşmə istiqamətində böyük addımlar atıldı.

“…YAP-ın sədri və ölkə Prezidenti cənab İlham Əliyevin çağırışlarına uyğun olaraq YAP bu proseslərdən kənarda qala bilməzdi və partiyamızın özündə də islahatların aparılmasına ciddi ehtiyac hiss olunurdu…”

1999-cu ildə partiyamızın ikinci qurultayı keçirildi və Azərbaycanın indiki dövlət başçısı cənab İlham Əliyev YAP-ın sədr müavini seçildi, partiyanın yeni İcra Katibliyi yaradıldı və həm YAP-ın, həm də Azərbaycanın ictimai-siyasi həyatında yeni dönəmə qədəm qoyuldu. Beləliklə, ötən illər ərzində üs-üstə hakim partiyanın 6 qurultayı keçirildi və hər bir qurultay Azərbaycanın həyatına, onun inkişafına öz müsbət və müstəsna töhfələrini verdi. Eyni zamanda mütləq şəkildə onu da qeyd edim ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2013-cü ildə YAP sədrinin müavini seçilməsi partiyamızın həyatında yeni canlanmaya səbəb oldu, partiyanın inkişafına daha da təkan verdi.

Bildiyiniz kimi, ölkəmizdə bütün sahələrdə böyük və tarixi islahatlar prosesi gedir. Xüsusilə də, 2018-ci ilin növbədənkənar prezident seçkilərindən sonra və 2019-cu ilin yanvar-fevral aylarından başlayaraq islahatlar prosesi daha dərin və geniş əhatəli xarakter almaqla davam edir. Təbii ki, bu islahatların həyata keçirilməsində hakim partiya kimi, YAP-ın da xidmətləri vardır. Bununla belə, YAP-ın sədri və ölkə Prezidenti cənab İlham Əliyevin çağırışlarına uyğun olaraq YAP bu proseslərdən kənarda qala bilməzdi və partiyamızın özündə də islahatların aparılmasına ciddi ehtiyac hiss olunurdu. YAP-ın yeni qurultayının çağırılması da bu ehtiyacdan irəli gəlirdi və martın 5-də də növbədənkənar qurultay baş tutdu.

Qurultay qarşısına qoyduğu hədəflərə nail ola bildi. Qurultay zamanı ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyev geniş məzmunlu, əhatəli və tarixi bir çıxış etdi. Həm YAP-ın, həm də Azərbaycan dövlətinin keçdiyi yola nəzər saldı, qiymət verdi, həm YAP, həm də, Azərbaycan dövləti qarşısında yeni hədəflər qoydu. Bir sözlə, YAP bu qurultaydan da tam güclənmiş, yenilənmiş, möhkəmlənmiş və gəncləşərək monolit bir formada bu sınaqdan da üzüağ, alnıaçıq çıxmağı bacardı.

“…Bütün bunlar YAP-ın fəaliyyətinə öz müsbət təsirini göstərəcək, partiyamızın daha da güclənməsinə, möhkəmlənməsinə, müasir çağırışlara daha da çevik reaksiya verməsinə gətirib çıxaracaq…”

-Qurulyayda YAP-da həm struktur, həm də kadr dəyişiklikləri edildi. Sizcə, bu dəyişikliklər öz müsbət nəticələrini verəcəkmi?

-Bəli, qurultayın keçirilməsində də əsas məqsəd YAP-da islahatların aparılması, struktur və kadr dəyişikliklərinin edilməsi idi.

Odur ki, YAP-ın Siyasi Şurası ləğv olunaraq, onun yerində 35 nəfərdən ibarət Veteranlar Şurası yaradıldı. Şuraya YAP-ın tanınmış simalarından Arif Rəhimzadə sədr seçildi və Şurada YAP-ın yaradılmasında xidmətləri olan tanınmış, veteran YAP-çılar, “91-lər” təmsil olunurlar. Eyni zamanda, 20 nəfərdən ibarət İdarə Heyətinin tərkibi genişləndirildi və üzvlərin sayı 40-a çatdrıldı. İdarə Heyətinə yeni üzvlər seçildi və seçilən insanlar arasında YAP-dan olan gənc, cavan deputat həmkarlarım üstünlük təşkil edir. Bunun özü də yeni ruh, yeni ab-hava deməkdir.

Qurultay iştirakçıları, YAP rəhbərliyi mənə də yenidən etimad göstərdi və uzun illərdən təmsil olunduğum İdarə Heyətinə yenidən üzv seçdilər. Buna görə də sədrimiz cənab İlhan Əliyev başda olmaqla, YAP rəhbərliyinə, qurultay iştirakçılarına minnətdarlığımı bildirirəm və mənə göstərilən etimadı tam məsuliyyətimlə doğrultmağa çalışacağam. Bununla yanaşı, YAP-ın yeni üzvlərdən ibarət Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdırıldı.

Əlavə olaraq, qurultay zamanı YAP-a 6 siyasi partiyanın qoşulması da partiyamızın nüfuzundan irəli gəlməsini şərtləndirən əsas amillərdən biri oldu.

Eyni zamanda, YAP sədrinin sərəncamları ilə Birinci vitse-prezident Mehriban xanım Əliyeva YAP sədrinin birinci müavini, Əli Əhmədov və Tahir Budaqov isə YAP sədrinin müavinləri təyin olundular. Həmçinin, partiyanın İcra Katibliyi ləğv edilərək, yerində Mərkəzi Aparat yaradıldı və Aparata rəhbərlik YAP sədrinin yeni müavini hörmətli Tahir Budaqova həvalə olundu.  Hesab edirəm ki, bütün bunlar YAP-ın fəaliyyətinə öz müsbət təsirini göstərəcək, partiyamızın daha da güclənməsinə, möhkəmlənməsinə, müasir çağırışlara daha da çevik reaksiya verməsinə gətirib çıxaracaqdır.

Beləliklə, YAP  dünənin, bugünün və gələcəyin partiyası olmaqla, ölkə Prezidenti, Qalib, Müzəffər Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə hələ bir çox uğurlara, qələbələrə imza atacaq. Buna heç kimin şübhəsi olmasın və ola da bilməz. Çünki partiyamızın yaranmasından sonra keçdiyi 29 illik tarixi yol da bunu deməyə tam əsas verir.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az  

Read Previous

“Yeganə övladınız məhz hərbçi olmaq yolunu seçərək, vətənə xidmət amalı ilə yaşayıb, Şəhid olub…”-MM-İN KOMİTƏ SƏDRİ ŞƏHİD HƏSƏNAĞA ABDULLAZADƏNİN AİLƏSİ İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTOLAR

Read Next

MM-in komitəsində Hesablama Palatasının auditorlarının təyini məsələsinə-BAXILDI VƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir