YAP İdarə Heyətini niyə toplamışdı?

İyunun 12-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

Etikxeber.az  YAP-ın saytına istinadla xəbər verir ki, iclasda partiyanın Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının konfransları, eləcə də partiyanın İcra Katibliyi və rayon təşkilatlarının aparatında çalışan məsul işçilərin attestasiyaları barədə məlumat dinlənilib.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının gəncləri cəmiyyətin fəal təbəqəsi kimi özlərini təsdiqləyiblər. Partiya sıralarında birləşmiş gənclərimiz yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirirlər.

YAP gənclərinin xarakterini vurğulayarkən vətənpərvərlik, fəallıq, ictimai-siyasi proseslərdə iştirakçılıq xüsusi qeyd olunmalıdır.

Eyni zamanda, Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətləri sırasındadır.

Diqqətə çatdırılıb ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda partiyanın gənclərinin də rolunun artması sevindirici haldır. Partiyanın sıralarında gənclərin sayının artması isə özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini Yeni Azərbaycan Partiyası ilə bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər.

İclasda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon və şəhər təşkilatlarının konfransları yüksək səviyyədə təşkil edilib. Konfransların ümumi mənzərəsi bir daha təsdiq edir ki, gənclər Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursu və bu gün dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı olaraq dəstəkləyirlər, bu işdə öz bilik və bacarıqlarını töhfə etməyə hər an hazırdırlar.

İdarə Heyətinin iclasında YAP-ın İcra Katibliyi, o cümlədən partiyanın rayon və şəhər təşkilatlarının aparat işçilərinin attestasiyasının nəticələri yüksək qiymətləndirilib.

İclasda, həmçinin bir sıra cari məsələlər müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Etikxeber.az

Read Previous

Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi – QƏBƏLƏDƏ – FOTO

Read Next

Prezident Süreyya Sadi Bilgiçlə görüşdü – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir