YAP namizədlərini nə vaxt açıqlayacaq – ÜÇ VERSİYADAN HANSI DOĞRU ÇIXACAQ?

Bir çox müxalif və iqtidaryönlü siyasi təşkilatlar seçkilərdə iştirak edəcək namizədlərinin adlarını açıqlamağa başlasalar da, növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsçüsü hakim Yeni Azərbaycan Partiyası (YAP) və iqtidarın dəstəklədiyi, qarşısına rəqib-namizəd çıxarmadığı bitərəflər (xüsusilə, müstəqil deputatlar) bu məsələdə hələlik susqunluq nümayiş etdirirlər.

Namizədlərin və namizədliklərin irəli sürülməsi ilə bağlı onlarda heç bir hərəkətlilik yoxdur.

Düzdür, bəzi YAP-çı və bitərəf deputatlarla bağlı ilkin razılıqlar olsa da, bu yöndə çeşidli versiyalar irəli sürülsə də,  nə hakim partiya namizədlərini açıqlamağa tələsir, nə də ki, hazırda millət vəkili statusunu daşıyan 36 bitərəf deputat və iqtidarın dəstəkləyə biləcəyi real görünən digər müstəqillər.

Bununla yanaşı, maraqlıdır ki, konstruktiv adlandırılan partiyalar da namizədlərini açıqlamağa və Dairə Seçki Komissiyalarına (DSK)  müraciət etməyə tələsmirlər.

Parlamentdə təmsilçiləri olanlardan-“konstruktiv”lərdən nə BAXCP, nə DİP, nə VP, nə ASDP, nə MDHP, nə VBP,  nə də VHP öz namizədlər siyahısını cəmiyyətə, mediaya təqdim edib, təkcə Fazil Mustafanın başqan olduğu BQP istisna olmaqla…

Görünür, onlar da hakim partiyanın namizədlər siyahısının açıqlanmasını gözləyir, ya da ki…

Adının çəkilməsini istəməyən tanınmış YAP-çılardan (Siyasi Şuranın təmsilçilərindən) birinin Etikxeber.az-a bildirdiyinə görə, bu məsələ ilə bağlı gələn həftənin sonlarını gözləmək lazım gələcək.

“Mənim qənaətimcə, dekabrın  22-24-ü arası artıq ilkin mövqe, ilkin qərar məlum olacaq. Sonra isə YAP İdarə Heyətinin qərarı ilə namizədlər siyahısı təsdiqlənib cəmiyyətə və mediaya təqim olunacaq”-deyə, o, bildirib.

Başqa bir nüfuzlu YAP-çı deputat isə 22-24 dekabr variantının, versiyasının inandırıcı görünmədiyini bildirib.

Qeyd edib ki, həmin günlər bələdiyyə seçkilərinin əsas qızğın mərhələsi olacaq.

“Odur ki, həmin günlərdə namizədlərin bəlli olmasını ehtimal və güman etmirəm. Həm də tələsməyə elə bir  ehtiyac yoxdur. Hələlik vaxt, zaman var. Onsuz da təbliğat-təşviqat mərhələsi yanvarın 17-dən sonra başlayır. Bu baxımdan hesab edirəm ki, namizədlər siyahısı bayramdan sonra, yanvarın 7-10-u arası açıqlana bilər. Mən belə düşünürüəm və real görünən də budur”-deyə, o, əlavə edib.

Digər bir YAP-çı deputat isə dekabrın sonlarında-28-29-u və ya yanvarın 7-10-u arasında namizədlər siyahısının açıqlanmasının mümkün variant olduğunu bildirib.

“Düzdür, ortada müəyyən fikirlər var, adlar hətta çəkilir. Amma tam, dəqiq məlumat-siyahı hələ ki, ortada yoxdur. Ortada  olanlar da ehtimallardan, versiyalardan, gümanlardan o yana keçmir…

Odur ki, mənim qənaətimcə, ya dekabrın 28-29-u tarixlərində, ya da yanvarın 7-10-u tarixlərində dəqiq, təsdiqlənmiş siyahı açıqlana bilər və açıqlanacaq. Sürprizlərin də olacağı istisna deyil”-deyə, YAP-çı deputat sonra bildirib.

Etikxeber.az 

 

Read Previous

Sabah hava necə olacaq?

Read Next

Qatar sərnişin avtobusu ilə toqquşdu – AZI 3 ÖLÜ, 22 YARALI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir