YAP üzvlərinin sayı 700 minə yaxınlaşır…

Fevralın 2-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin (YAP İH) növbəti iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasda İdarə Heyətinin 2016-cı ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2016-cı ilə dair illik statistik hesabat, partiyanın 2016-cı il üzrə maliyyə hesabatı və idarə heyətinin 2017-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.

Baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə çıxış edərək, bildirib ki, 2016-cı ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf davam etdirilib. Ötən ilin əsas siyasi hadisəsi Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) olub. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılmış “Yeni Azərbaycan” təşviqat qrupu referendumun təbliğat-təşviqat kampaniyasında yaxından və fəal iştirak edib, qanunvericiliyin tələbləri çərçivəsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirib. 26 sentyabrda keçirilən referendumda Azərbaycan vətəndaşları böyük seçici fəallığı nümayiş etdirib, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiklərini bir daha ifadə ediblər. Bu, Azərbaycan xalqının növbəti dəfə Prezident İlham Əliyevə yüksək etimadının parlaq nümunəsi oldu.

Vurğulanıb ki, seçki təşviqat kampaniyasında partiyanın sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutub. Hesabat ilində YAP bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib. Bu dövrdə YAP beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə YAP arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilib.

Qeyd edilib ki, YAP-ın sıralarına hesabat dövrü ərzində 23 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 688 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib. İdarə heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib. Qeyd olunub ki, 2016-cı ildə YAP-ın gəlirləri 7 milyon 736 min 859 manat olub. Bunun 6 milyon 596 min 979 manatını üzvlük haqları, 1 milyon 139 min 880 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən YAP-a düşən pay təşkil edib. YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 4 milyon 736 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 514 min 959 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına və referendum ilə əlaqədar partiya hesabından referendum fonduna köçürmələrə, 162 min 573 manatı ezamiyyə xərclərinə, 140 min 623 manatı invertarların alınmasına, 1 milyon 919 min 722 manatı tikinti və təmir işlərinə, 357 min 980 manatı kommunal və təsərrüfat xərclərinə, 210 min 755 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 min 425 manatı bank xidmətinə, 40 min 581 manatı dəftərxana xərclərinə, 41 min 645 manatı çap işlərinə, 133 min 109 manatı isə sair xərclərə sərf edilib. Beləliklə, YAP-ın cəmi xərcləri 7 milyon 582 min 108 manat təşkil edib. Hesabat ilinin sonuna partiyanın cari hesablarında və ehtiyat hesabında 8 milyon 939 min 197 manat qalıb.

Etikxeber.az

Read Previous

Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Read Next

Natiq Kərimov özünü günahsız sayır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir