“Yaqlandın çağırışı heç bir əhəmiyyətə malik deyil…” – AŞPA-NIN KOMİTƏ SƏDRİ

“Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasətində ən mühüm istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın milli maraqlarına söykənən müstəqil siyasət həyata keçirir və istənilən situasiyada yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edir. Dövlətimizin başçısı dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi iş aparır”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən  müstəqil və qəiyyətli siyasəti bəzi Qərb dairələrində, islamofob mərkəzlərdə qısqanclıq yaradır, bir sıra hallarda ölkəmizə qarşı siyasi etikadan uzaq, münasibətlərin ruhuna uyğun gəlməyən qara-piar kampaniyasının şahidi oluruq. Görünür Azərbaycanın inkişafı, ildən-ilə daha da güclənməsi və böyük bir regionda gedən proseslərə təsiri və əsas söz sahibinə çevrilməsi, dünyadakı nüfuzunun artması həmin dairələri ciddi narahat edir:

“Təəssüf ki, son zamanlar Avropanın ən mühüm təşkilatlarından biri olan Avropa Şurasında da bu meyllər müşahidə olunmaqdadır. Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, Avropa Şurasını təmsil edən bəzi siyasətçilərin Azərbaycana qarşı açıq qərəzləri, ölkəmizə münasibətdə hətta orada təmsil olunan Ermənistan parlamentarilərindən daha artıq düşmənçilik nümayiş etdirmələrinə baxmayaraq, Azərbaycan bu təşkilata üzv olarkən üzərinə götürdüyü bütün öhdəlikləri uğurla yerinə yetirib. Eyni zamanda, Azərbaycan öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə, mühüm təşəbbüsləri ilə təşkilatın daha effektiv fəaliyyət göstərməsinə töhfəsini verməkdədir. Azərbaycan istənilən təşkilatın fəaliyyətini beynəlxalq hüquq prinsiplərinə uyğun qurmasının, ölkələrin daxili işlərinə müdaxilə olunmasının yolverilməzliyinin,  tərəfdarı kimi çıxış edir”.

S. Qafarova xatırladıb ki, müxtəlif  dövrlərdə Andreas Qross, Andres Herkel, Kristofer Ştrasser və digər bu kimi həmişə ölkəmizə qarşı açıq qərəzi ilə seçilən, bəlli islamafob maraqlara xidmət edən məruzəçilərin anti-Azərbaycan fəaliyyəti olmuşdur. İndi isə Avropa Şurasının Baş katibi Turbyern Yaqlandın Azərbaycanla bağlı ədalətsiz çağırışı ölkəmizin təşkilatda fəaliyyət göstərdiyi illər ərzində Azərbaycana qarşı ardıcıl  şəkildə həyata keçirilən kampaniyanın tərkib hissəsidir. Bu, Yaqlandın növbəti dəfə sifarişlə fəaliyyət göstərdiyini, Azərbaycanın müstəqil siyasətini və milli dövlətçilik maraqlarını hədəfə aldığını söyləməyə əsas verir:

“Bəllidir ki, bəzi Avropa dairələri Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüququn normalarını, dövlətlərin ərazi bütövlüyününün toxunulmazlığı prinsipini bir kənara qoyaraq Ermənistanın işğalçılığına bəraət qazandırmaq yolunu tutublar. Xüsusilə, islamofob dairələrin, erməni diasporunun təsiri altında olan siyasətçilərin bu istiqamətdə fəaliyyətinin şahidi oluruq. Təəssüf ki, belə qanunsuz fəaliyyət Avropa Şurasına da yol tapıb. Ümumiyyətlə, son illər AŞPA-nın islamofob meyllərin qalib gəldiyi, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasəti yürüdən bir quruma çevrildiyini müşahidə etməkdəyik. Bu məsələ ilə bağlı narahatçılığımızı qurumun sessiya və tədbirlərində, təşkilat rəsmiləri ilə görüşlərində də dəfələrlə ifadə etmişik”.

S. Qafarovanın sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir və özünün möhkəm əsaslara malik müstəqil hüquq sistemi mövcuddur. Ona görə də, nə Yaqlandın, nə də bir başqasının Azərbaycanın müstəqil hüquq sisteminə, ölkəmizdə hüququn aliliyinə qarşı hər hansı bir çağırışı heç bir əhəmiyyətə malik deyil.

Millət vəkili deyib ki, belə primitiv, qeyri-etik təqyiq üsulları ilə Azərbaycana təsir etmək, onun müstəqil xarici siyasətinə müdaxilə etmək cəhdləri əbəsdir və heç bir nəticə verməyəcək. Azərbaycan cəmiyyəti Avropa təsisatlarının ölkəmizə qarşı belə ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək.

Etikxeber.az

 

Read Previous

“Bələdiyyələrin bir çoxunun fəaliyyəti yenə qaneedici deyil, çünki…” – DEPUTAT

Read Next

Voleybolçularımız yarımfinalda – FOTO- YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir