Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünya fani olduğu kimi, həyat da çox amansız, çox acımasız, çox qəddardır…
Haradan, nə vaxt, haçan zərbə gələcəyini, zərbə dəyəcəyini, zərbə vurulacağını belə bilmirsən…
Elə bir məqamda zərbə alırsan, elə bir zərbə vurulur ki?!…
Elə şahidi, iştirakçısı olduğumuz, zorla cəlb edildiyimiz 35 illik qanlı Qarabağ münaqişəsi də xalqımızın, millətimizin həyatında, yaddaşında çox böyük acılarla, itkilərlə, qanlı izlərlə, qaysaq bağlamayan yaralarla qaldı…
Yüzlərlə, minlərlə, on milərlə Vətən oğlu, Vətən fədaisi Şəhidlik məqamına ucaldı…
Yüzlərlə, minlərlə Vətən övladı qətlə yetirildi, qanlı terror qurbanı oldu, əsir-itkin düşdü, girov götürüldü…
Yüzlərlə, minlərlə, on minlərlə Vətən sevdalısı əlil-Qazi oldu, yatağa məhkum oldu…
Yüzlərlə, minlərlə, on minlərlə ailə başsız, sahibsiz qaldı…
Evlər, ocaqlar, çıraqlar, söndü…
Həyatlar alt-üst, param-parça oldu
Analar, atalar oğulsuz, övladsız, gəlinlər həyat yoldaşlarsız, övladlar atasız qaldı…
Bəli, indi təsəlli, təskinlik…odur ki, xalqımızın, millətimizin birliyi, Azərbaycan Oğullarının İgidliyi, Qəhrəmanlığı, Cəsurluğu…sayəsində 35 illik qanlı Qarabağ münaqişəsinə son qoyuldu, Qarabağ həm dağlı, həm aranlı, Azərbaycan isə bütöv, vahid oldu…
2016-cı ilin Aprel döyüşlərindən və 2018-ci ilin Günnüt əməliyyatından başlayan yol 44 günlük tarixi İkinci Vətən Müharibəsi, “Qisas” və nəhayət, 23 saatlıq Antiterror əməliyyatı ilə hədəfinə çatdırıldı, düşmən üzərində birdəfəlik Qələbə və Zəfər qazanıldı…
Bunlara görə bir ömür boyu Şəhidlərimizə, Qazilərimizə, Vətən sevdalılarımıza borcluyuq!
Bəli, Şəhidlik Zirvədir, Ucalıqdır, Yüksəklikdir…
Ondan Uca və əlçatmaz Zirvə yoxdur…
Şəhidlik Qürurdur, Fəxrdir, Fəxarətdir, Şərəfdir, Şərafətdir…
Ancaq Şəhidlik həm də ana-atalar, ailələr, övladlar üçün acıdır, kədərdir, ağır yükdür…
Bu şərəfli və ağır yükü çiyinlərində daşıyanlardan biri də Şadmanovlar ailəsidir…
Qanı, canı ilə özünü bu millətin daş yaddaşına, tarixinə qızıl hərflərlə həkk etdirən İgid, Vətən sevdalısı, ali hərbi təhsilli, peşəkar hərbçi, polkovnik-leytenant, bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli, həm də iki övladı Vətənə əmanət qalan Kəlbəcərli, Zivelli Antiterror Şəhidi Əkrəm Yunis oğlu Şadmanovun özü kimi Qəhrəman ailəsi…
1984-cü ildə Kəlbəcər rayonunun Zivel kəndində dünyaya gələn və sonradan məcburi köçkünlük həyatı yaşayan Əkrəmlə onunla sanki eyni taleyi yaşayan Şuşalı, Malıbəylili Gülşən xanım talelərinin bir gün qovuşacağını bəlkə də ağıllarına gətirməzdilər…
Onları qoşalaşdıran, qoşa qanad edən, qovuşduran bəlkə də yaşadıqları acı, eyni tale-yurdsuzluq, Vətənlərində vətənsizlik həsrəti, məcburi köçkünlük həyatıydı…
Bəlkə də…
Düz 16 il öncə, 2008-ci ilin yayında, cəmi 24 yaşında olan Əkrəm Ramanda məcburi köçkünlər üçün salınmış şəhərcikdə müəllim işləyən və 12 yaşından atasını itirən Gülşən xanımı görür…
Necə deyərlər, bir könüldən min könülə aşiq olur Gülşən xanıma…
Ailə üzvlərini, böyüklərini, Gülşən xanımla eyni məktəbdə işləyən qohumlarını onun qapısına, ocağına elçiliyə göndərir…
Yenə də necə deyərlər, tanışlıqları uzun çəkmir…
Hər şey qısa zamanda rəsmiləşdirilir, Gülşən xanımın barmağına nişan üzüyü taxılır və 2008-ci ilin prezident seçkilərindən az sonra, noyabr ayının 10-da toyları olur…
Gözəl, nümunəvi, hər kəsin həsəd aparacağı bir Azərbaycan ailəsinin özülü, təməli qoyulur…
Gülşənlə Əkrəmin gözəl, unudulmaz günləri, illəri, ailə həyatı başlayır…
2009-cu ildə qızları Solmaz dünyaya gəlir, 2013-cü ildə isə oğulları Araz…
Övladlarının dünyaya gəlməsi ailə bağlarını, ailə tellərini daha da sıx, möhkəm edir…
“15 il evli olmuşuq…Əkrəm çox səmimi, çox mehriban, çox sakit insan olub…Biz kəbin kəsdirməyə birlikdə getmişdik… Bizim kəbinizimizi kəsən adam Əkrəm zarafatla bir söz dedi…Dedi ki, get, bugündən oldun Şuşalı…Əkrəm də bunu bir zarafata çevirmişdi…Bəzən zarafatla deyirdi ki, mən Şuşalıyam…Kəlbəcər azad ediləndə, Şuşa azad ediləndə Əkrəm “Kəlbəcərə köçərik, orada sən özün üçün kurs açarsan”-deyirdi…”-deyə Gülşən xanım qeyd edir…
Deyir ki, bir-birindən gözəl arzuları vardı hər ikisinin, ancaq yarımçıq qaldı, qismət olmadı onları birlikdə reallaşdırmaq…
44 günlük İkinci Vətən Müharibəsindən, “Qisas” və Antiterror əməliyyatlarından sağ-salamat çıxan Əkrəmin ömür yolu 24 sentyabr 2023-cü ildə yarımçıq qalır…
Xocalının Ağbulaq kəndi istiqamətində mina terrorunun qurbanı olur, Şəhadətə ucalır…
“Keçmişə qayıdıb baxanda çox gözəl günlərimiz, çox gözəl illərimiz olub…Gözəl şeirlər yazırdı, mənə yazdığı şeirlər var…Oxuduğu mahnılar var…Əkrəm Ağdamda xidmət edirdi… Həmin vaxt heç müharibə başlamamışdı…Toyumuzun 10 illiyi idi…Bir dəfə Bakıya gələndə dedim ki, on illiyimizlə bağlı mənə nə hədiyyə alacaqsan…Güldü və dedi ki, mən sənə çox gözəl hədiyyə edəcəyəm…Çox təkid etdim, heç nə demədi…Ayın 10-u idi, məktəbdən, işdən gəlmişdim, çox yorulmuşdum, hər şey yadımdan çıxmışdı…
Birdən gördüm ki, telefonuma, vatsapıma Əkrəmdən videolar gəlir…Videoları açdım və üç mahnı oxumuşdu…Videoları göndərəndən az sonra isə Əkrəm zəng etdi ki, evliliyimizin on illiyi ilə bağlı səni bu cür təbrik edirəm…Çox xoşuma gəlmişdi…Əkrəm Şəhid olandan sonra o mahnını döyüş, hərbçi yoldaşları Şəhid olduğu maşınla birlikdə paylaşmışdılar…Ağırdır danışmaq…Mənə çox ağır gəlir…”-deyə, Gülşən xanım sözlərinə əlavə edir…
Gülşən xanım deyir ki, 15 ildə elə bir ömür yaşayıblar ki, bundan sonra 100 il də yaşa, həmin ömür, həmin anlar olmayacaq, geri dönməyəcək…
Onun sözlərinə görə, Əkrəmlə yaşayıb, Əkrəmdən sonra yaşamaq sanki yazın ardınca yayın deyil, payızın, qışın gəlməsi deməkdir…
“Əkrəm mənim yazım idi, indisə payızımı yaşayıram”-deyə, Gülşən xanım fikirlərini tamamlayır…
Bəli, 15 illik qibtə ediləcək bir həyat, ömür, xoşbəxtlik dastanı olub Gülşən-Əkrəm dastanı…
Və 2023-cü ilin 24 sentyabrında bir andaca yarımçıq qalan dastan…
Bəlkə də bu dastan, Gülşən-Əkrəm dastanı yarımçıq qalmayıb, yenidən başlayır, yenidən yazılır…
Sevgi, məhəbbət, ailə dastanı indi də Şəhidlik dastanı ilə davam edir…
Və çox ağır yüklü, həm də şərəfli bir dastan…
Sonsuz, sonu görünməyən bir dastan!
***
Bəli, sabah-24 sentyabr 2024-cü il tarixində Əkrəm Şadmanovun Anım Günüdür…
Bir il öncə nəşi İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Cismən Əkrəmsizlikdən bir il keçir…
Anım Günündə isə məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar olunacaq, 39 illik qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan. İgidliyi və Qəhrəmanlığından söz açılacaq…
Ziyarətdən sonra isə Anım mərasimi düzənlənəcək, adına ehsan süfrəsi açılacaq…
Məkanı cənnətlik, məqamı Uca, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az