“Yaş insanın əmək fəaliyyətinə əngəl ola bilməz…”-PARLAMENTİN ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN SƏDRİ – MƏLAHƏT İBRAHİMQIZI, JALƏ ƏLİYEVA KOMİTƏ İCLASINDA NARAHATEDİCİ MƏQAMLARI DİLƏ GƏTİRDİLƏR… YENİLƏNİB – (3)

Minimum əmək pensiyalarının artımı 100 mindən çox vətəndaşı əhatə edəcək.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Qeyd edib ki, əmək pensiyalarının minimum məbləğinin artırılması ölkədə həyata keçirilən sosial islahatların tərkib hissəsidir və əhalinin sosial rifahının yüksəlməsinə xidmət edir.

***

Jalə ƏLİYEVA: “3 ildən əvvəl ödənilən artıq pensiyanı niyə vətəndaş təkbaşına ödəməlidir?”

“Vətəndaş artıq hesablanmış pensiyanı elə-belə almayıb”.

Bunu isə deputat Jalə Əliyeva bildirib.

Deyib ki, qanunvericiliyə son dəyişikliyə əsasən, artıq ödənilən pensiyaların yalnız son 3 ildə ödənilən hissəsinə amnistiya tətbiq ediləcək:

“Ancaq 3 ildən əvvəl ödənilən artıq pensiyanı niyə vətəndaş təkbaşına ödəməlidir? Bu pensiyanın artıq ödənilməsində həkim komissiyasının, müvafiq dövlət qurumunun nümayəndələrinin bilavasitə iştirakı olub, onlar da bu vəsaitin geri qaytarılmasına cəlb olunmalıdır”.

Musa QULİYEV: “Vətəndaş artıq ödənilən pensiya məbləğini alıb xərcləyibsə, vətəndaş da qaytaracaq”

Komitənin sədri M. Quliyev də öz növbəsində qeyd edib ki, pensiyaların artıq ödənilməsində məsuliyyət daşıyan qurumların əməkdaşları məsuliyyətə cəlb olunacaq:

“Artıq ödənilən pulun qaytarılmasına gəlincə, son 3 il üçün amnistiya tətbiq olunub. 3 ildən əvvələ gəlincə, vətəndaş artıq ödənilən pensiya məbləğini alıb xərcləyibsə, vətəndaş da qaytaracaq. Ən çox yanlış ödəmələr 2020-ci ilə qədər olub. 2020-ci ildən sonra isə çox cüzi artıq pensiya ödəmələri olub”.

***

Məlahət İBRAHİMQIZI: “65 yaşlı həkim pensiyaya görə işdən çıxarılırsa, 320 manat təqaüdlə nə etsin? “

“Qanunvericiliyə əsasən, dövlət büdcəsindən maliyyələşən işçilərin pensiya yaşı 65-dir. 65 yaşı tamam olan mütəxəssislər avtomatik işdən çıxarılır”-deyən Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı isə bildirib ki, Avropa ölkələrində həkimlər 70 yaşa qədər işdə saxlanılır:

“Səhiyyə sahəsində təkcə Bakı şəhərində kifayət qədər həkim və tibb işçilərinin vakansiyası var. 65 yaşlı həkim pensiyaya görə işdən çıxarılırsa, 320 manat təqaüdlə nə etsin? Elə təhsil işçiləri barədə də bunu demək istəyirəm”.

Qeyd edib ki, son vaxtlar pensiya yaşına çatanların işlə bağlı müddəti 3 ay, 6 ay uzadılır:

“Bu da rüşvətə yol açır. Heç olmasa pensiyaya çıxanları bölgələrdə işlə təmin etsinlər, bölgələrdə kifayət qədər vakansiyalar var. Heç olmasa 65 yaşdan yuxarı həkimləri rayonlara göndərərlər”.

MM-in komitə sədri: “Necə ola bilər ki, özəl sektorda 65 yaşı olan həkim işləyə bilər, ancaq dövlət sektorunda işləyə bilməz?!”

Komitənin sədri M. Quliyev də cavabında bildirib ki, yaş insanın əmək fəaliyyətinə əngəl ola bilməz.

“İnsanın sağlamlığı, bilik və bacarığı imkan verirsə, insan əmək fəaliyyətini davam etdirə bilər. Necə ola bilər ki, özəl sektorda 65 yaşı olan həkim işləyə bilər, ancaq dövlət sektorunda işləyə bilməz?! Heç olmasa sertifikasiya kimi imtahan da keçirilə bilər. Mən heç 70 yaş senzinin qoyulmasının da tərəfdarı deyiləm. Bu yaxınlarda bir simpoziumda müəllimlərlə bağlı da belə məsələ qaldırıldı. Müvafiq qurumlarla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu məsələ müzakirə edilə bilər”-deyə, o, əlavə edib.

12:09

***

“İşçiyə təşəkkür, fəxri fərman verilir, 1 ay sonra təzə müdir gəlir, deyir ki, səninlə işləmək istəmirəm…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Çıxışında M. İbrahimqızı eyni zamanda “Ən çox əziyyət çəkdiyimiz məsələlərin biri ixtisarlarla bağlıdır, bununla bağlı bizə çoxlu sayda müraciətlər olur. Dövlət qurumlarından bir siyahı alaq, görək ki, son 3 ildə , yaxud 2022-ci ildə nə qədər dövlət qulluqçusu ixtisar olunub”-deyərək, bildirib ki, ixtisarların çoxunun süni olduğu görünür:

“İşçiyə təşəkkür, fəxri fərman verilir, 1 ay sonra təzə müdir gəlir, deyir ki, səninlə işləmək istəmirəm. Biz ixtisar olunmuş dövlət qulluqçularının problemlərinin araşdırılması üçün müvafiq qurumlarla dinləmə keçirsək, yaxşı olar”.

12:15

***

Dövlət versin, mən də xərcləyim…”-MM-İN KOMİTƏ SƏDRİ

“Biz aktiv sosial müdafiə tədbirlərinə üstünlük verməyə çalışmalıyıq”.

Bunu da iclasda M. Quliyev dilə gətirib.

Deyib ki, bəzən sosial şəbəkələrdə populist çıxış edərək özlərinə xal qazanmaq istəyən siyasətçilər həmişə passiv sosial müdafiə amillərini önə çəkirlər:

“Yəni, dövlət versin, mən də xərcləyim. Biz əslində aktiv sosial müdafiədən, məşğulluqdan, yeni iş yerlərinin açılmasından, əmək haqqının yüksəldilməsindən, işçinin hüquqlarının genişləndirilməsindən danışmalıyıq. Həmişə bu məsələlərə diqqət çəkməliyik ki, cəmiyyətdə də belə əhval-ruhiyyə yaranmasın ki, elə adam oturmalıdır evində, dövlət ona pul verməli, o da xərcləməlidir. Necə ki, ünvanlı sosial yardım nə qədər insanı ələbaxımlı öyrətmişdi”.

Etikxeber.az

Read Previous

“Bakı Metropoliteni”ndən maşinistin ölməsilə bağlı-AÇIQLAMA – YENİLƏNİB

Read Next

Tini Koks yenidən AŞPA prezidenti-SEÇİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir