“Yaşadığımız bu tarix böyüyən yeni nəslin vətənpərvərlik ruhunda sosiallaşması prosesində əvəzolunmaz rol oynayacaq”-ELDƏNİZ SƏLİMOV YAZDI

Heç şübhəsiz, 31 mart tarixi Azərbaycan xalqının yaddaşında silinməz izlərdən birini buraxıb.

Bu acı izin əsas xüsusiyyətlərindən biri isə odur ki, o, bir əsrə yaxın müddətdən sonra 20-ci əsrin sonlarında da təkrarlanmaqla xalqımızın müstəqillik ruhuna və dövlətçilik ənənələrinə növbəti dəfə oxşar acı təcrübəni yaşadıb və tarixdən dərs çıxarmağın nə qədər zəruri olduğunu göstərib.

Mart hadisələri bütün ağrı-acılarına baxmayaraq xalqımıza qarşı erməni vandallarının və onların havadarlarının iç üzünü açıb göstərən, onların əməllərini bütün çılpaqlığı ilə üzlərinə vuran aşkar tarixi dəlillərdən ibarət bir prosesdir.

Bu prosesin gedişində 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı amansız qırğın, soyqırım törətmişlər.

Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir.

Xalqımıza qarşı törədilmiş vəhşiliyin dərəcəsi o qədər böyük olmuşdur ki, müxtəlif ölkələrin və xalqların nümayəndələri də  buna səssiz qala bilməmiş və yaşanmış dəhşətləri ürək ağrısı ilə qələmə almışlar. Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y. Kluge 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər.

Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırılması da bu dəhşətli faktlar sırasındadır.

Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər…”.

Britaniya briqada generalı R. Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın (azərbaycanlının) soyqırıma məruz qaldığı göstərilir.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.

Mart hadisələri ilə xalqımıza vurulan zərər, əlbəttə ki, yalnız vəhşiliklə törədilmiş kütləvi insan tələfatı və mənəvi əzablarla xarakterizə edilə bilməz. 1918-ci ilin mart-aprel aylarında Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri də yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi, Zəngəzur qəzasının 115 kəndi, İrəvan quberniyasının 199 kəndi tamamilə məhv edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmışdır.

Buna baxmayaraq bu tarixi proseslərin nəticəsi xalqımızın iradəsini, müstəqillik arzusunu və qətiyyətini sarsıda bilməmişdir. Üstəlik, Azərbaycan dövlətçiliyi 20-ci əsrin əvvələrindən fərqli olaraq həmin əsrin sonlarında öz müstəqilliyini daha möhkəm əsaslar üzərində bərqərar etmişdir. Belə demək mümkünsə, 1988-93-cü il hadisələri 1918-ci ildə xalqımıza vurulan yaranı bir növ təzələmiş olsa da, biz yenidən daha əzmkar bir şəkildə mövqe ortaya qoyaraq dövlətçiliyimizi yenidən bərpa etmiş və onu növbəti – daha yüksək səviyyəyə daşımışıq. Bu baxımdan 31 mart soyqırımı və ya digər ifadə ilə mart hadisələri tarixi-siyasi, o cümlədən milli-etnik aspektlərdən araşdırılması və nəticə çıxarılması xüsusilə zəruri olan proseslərdəndir.

Bu cür hadisələr xalqın milli-genetik mirasında və şüurunda unudulmaz izlər buraxaq həm də onun mübarizə əzmini formalaşdırır. Martda Bakıda törədilən soyqırımda çoxlu itkilər versə də, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı, dövlət müstəqilliyinin elanı yubadılsa da, dayandırıla bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika idarəetməsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi və müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi.

Əlbəttə ki, erməni xisləti də şovinizm və vandallıq üzrə öz nümunəviliyini göstərməyi unutmadı. Ermənilərin azərbaycanlılara qarşı soyqırımları 20-ci əsrin sonlarında bir daha təkrarlandı. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu. Xocalıya hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı.

20-ci əsrin sonlarından etibarən – Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Ulu öndər Heydər Əliyevin həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

O cümlədən, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə də məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işində xüsusi mərhələ təşkil edir.

Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılır, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olur, Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin, beynəlxalq təşkilatların sayı getdikcə artır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ABŞ-ın iyirmidən çox ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Bu gün də tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından bu günədək ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Ulu öndər Heydər Əliyevin mart hadisələrinə və Xocalı soyqırımına həssas münasibəti bu gün də dövlətimizin siyasətinin ana xətlərindən birini təşkil edir. Möhtərəm Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 103 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə kütləvi informasiya vasitələrində davamlı olaraq məqalələr dərc edilir və bu tədbirlər mütəmadi olaraq davam etdirilir.

Bu davamlı və məqsədyönlü siyasətin nəticəsidir ki, xalqımız 2020-ci ili Qarabağ savaşında müzəffər xalq kimi yola saldı və öz üzərindəki tarixi-mənəvi missiyanı növbəti dəfə gələcək nəsillərə saxlamadı. Azərbaycan xalqı və dövlətçiliyi bir əsrdən çox müddətdə məruz qaldığı tarixi ədalətsizliklərə, soyqırım siyasətinə, mənəvi basqı və repressiyalara qarşı öz qəti mövqeyini ortaya qoydu və bir daha sübut etdi ki, xalqımız heç nəyi unutmur. Ermənilər öz imperialist havadarlarının dəstəyi ilə son 30 il ərzində apardıqları qarayaxma kampaniyalarına, terror təfəkkürlü lobbi fəaliyyətlərinə və tarixi müstəvidə apardıqları saxtalaşdırmalara elə aludə olmuşdular ki, xalqımızın və ordumuzun qüdrətini, birliyini, sonsuz vətən sevgisini görməzdən gəlməyə başlamışdılar. Bu isə onlar üçün çox ağır nəticələndi.

İkinci Vətən müharibəsi kimin kim olduğunu sübuta yetirdi. Ermənilərin öz xəstə təxəyyüllərində “qorxaq” hesab etdiyi Azərbaycan xalqı ordu sıralarına kütləvi halda və könüllü şəkildə yazıldı, müharibənin gedişində törədilmiş qanlı terror olaylarına baxmayaraq döyüşə davam dedi, onların “zəif” hesab etdiyi Azərbaycan ordusu “keçilməz” Ohanyan səddini və bütövlükdə düşmənin müdafiə xəttini darmadağın etdi, “bacarıqsız” deyib car çəkdikləri xüsusi təyinatlı dəstələr Şuşanı bir güllə belə atmadan, bütün dünyanı heyrətə gətirərək əlbəyaxa döyüşlərlə düşməndən azad etdi, “səriştəsiz” kimi qələmə verdikləri hərbi idarəçiliyimiz ən müasir və innovativ üsulla – dronların peşəkar istifadəsi ilə hərb tarixinə öz adını yazdı.

Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Ermənistan Ordusunun 30 il müddətində formalaşdırdığı “yenilməz ordu” mifi isə darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Qısa dövrdə ordumuzun endirdiyi sərrast zərbələr nəticəsində Ermənistanın 3 milyard ABŞ dolları məbləğindəki hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı. Qürurverici haldır ki, ordumuzda bir dənə belə olsun fərarilik halı qeydə alınmadı. Əslində bunun özü də çox önəmli bir faktor və bizim haqlı və güclü olduğumuzun bariz göstəricisi idi.

Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, işğal faktına son qoyaraq tarixi zəfərə imza atdı. Müzəffər ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcazvüzkarı hərbi-siyasi məğlubiyyəti rəsmiləşdirən 10 noyabr tarixli bəyanata imza atmaq məcburiyyətində qoydu. Noyabrın 10-da Rusiya prezidentinin də iştirakı ilə imzalanmış bəyanat Ermənistanın hərbi-siyasi məğlubiyyətini etiraf etməsi, Azərbaycanın bu ölkənin kapitulyasiyası üçün irəli sürdüyü şərtlərin rəsmiləşdirilməsi idi.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistanın işğalçı qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmağa məcbur olması birmənalı olaraq Azərbaycan ordusunun, diplomatiyasının və dövlətçiliyinin tarixi qələbəsi idi. Bu həm də 30 ildən çox müddətdə yurd həsrəti ilə yaşayan insanların nisgilinə, habelə onların ümidsizliyinə son qoyulması idi. Əlbəttə, Azərbaycan dövləti hər zaman qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Bununla belə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev onların ən böyük arzusunu, doğma yurdlarına qayıtmaq amalını gerçəkləşdirdi.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədə Azərbaycanın diplomatik və təbliğati üstünlüyünü təmin etdi, düşmənə informasiya sferasında ciddi zərbələr vuruldu. Azərbaycan cəmi 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.

İmzalanmış bəyanatda Dağlıq Qarabağa hansısa hüquqi statusun verilməsi ilə bağlı heç bir müddəanın olmaması isə növbəti diplomatik uğur və tarixi nailiyyət idi. Bu, Ermənistanın Qarabağın “müstəqilliyi” və ya onlara hansısa statusun verilməsi ilə bağlı əsassız iddialarının puç olması demək idi. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin təmin edilməsinin sənəddə təsbit edilməsi faktiki olaraq türk dünyası arasında nəqliyyat-kommunikasiya xətlərinin qurulması baxımından çox böyük hadisədir.

İkinci Qarabağ müharibəsi həm də xaqımızın real dəstəkçilərini, müttəfiqlərini və o cümlədən rəqiblərini və gizli şəkildə məkrli münasibət göstərən düşmən dairələrini də üzə çıxarmaqda mühüm rol oynadı. Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, məlum oldu ki, bizim əsl dostlarımız kimdir, özünü dost kimi təqdim eləyənlər kimdir və kimlər dostlarımız deyil. Bu həqiqət bir daha üzə çıxdı və bütün dünya bunu gördü. Xüsusilə o üzə çıxdı ki, münaqişənin həlli missiyasının tapşırıldığı ATƏT-in Minsk Qrupu ədalətə söykənmir və uzun illər bu münaqişənin həllinin uzanmasının səbəbkarlardandır. ATƏT adından da göründüyü kimi Avropa təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır. Deməli, Avropanın təhlükəsizliyinə və əməkdaşlığına cavabdeh olan bir qurumun tərkibində olan Minsk Qrupu əsasən Avropa dövlətlərindən təşkil olunub. Birləşmiş Ştatlar və Fransa ikisi birlikdə Qərb dünyasını təmsil edirlər.

Qərb dünyası isə beynəlxalq ictimai fikirdə özünü demokratiyanın bayraqdarı, insan haqlarının müdafiəçisi, ədalətin keşiyində dayanan tərəf kimi təqdim edir. Reallıq isə təəssüf ki, başqa həqiqəti ortaya qoydu. Həqiqət ondan ibarətdir ki, əslində bu münaqişənin 30 ildir davam etməsinin səbəbkarı elə bu münaqişəni həll etmək missiyasını üzərinə götürən tərəflər olub. Əgər Fransa bu münaqişəni həll etməyə çalışırdısa, belə bir öhdəlik götürmüşdüsə, təpədən dırnağa qədər işğalçıya dəstək verməməli, həmsədr kimi neytral olmalı idi. Biz aydın şəkildə gördük ki, qərbin demokratiya, haqq ədalətlə bağlı söylədikləri bir çox hallarda pafosdur, gözə kül üfürməkdən başqa bir şey deyil.

Azərbaycana dəstək verən ölkələr arasında, təbii ki, qardaş Türkiyənin rolunu heç bir halda unutmaq və ya kiçiltmək olmaz. Türkiyə dövləti və xalqı həmişə olduğu kimi 44 günlük müharibə dövründə də “iki dövlət, bir millət” şüarına sadiqliyini nümayiş etdirdi. Türkiyə ilə siyasi-mənəvi bağlılığımızın dərinliyi bir çox dünya dövlətlərində, xüsusilə də özünü müttəfiq kimi göstərib məkrli və ikiüzlü siyasət aparanlarda ciddi narahatlıqlara və qısqanclıqlara belə səbəb oldu. Bizim Türkiyə ilə qardaşlığımız həqiqətən də qısqanılacaq bir növdəndir və onun özəyini yalnız siyasi-diplomatik və coğrafi yaxınlıq təşkil etmir. Burada dərin tarixi bağlılıq, milli-mənəvi yaxınlıq və dəfələrlə sınanmış etimad öz sözünü deyir.

Əlbəttə ki, dəstəkçilərmiz sırasında Pakistan, İsrail, Ukrayna, Bosniya və Hersoqovina, Əfqanıstan, Moldova və digərlərini də unutmaq olmaz. İkinci Vətən müharibəsi bir çox xalqların və dövlətlərin ədalətə və beynəlxalq hüquqa həqiqi münasibətlərini də üzə çıxarmış oldu.

Bizim ən böyük həqiqətimiz isə əlbəttə ki, vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən övladlarımız oldu. Onların rəşadəti xalqımız, dövlətimiz və Ali Baş Komandan tərəfindən lazımi səviyyədə dəyərləndirilir: onlara fəxri adlar verilir, orden-medallarla təltif olunur, müavinətlər təyin edilir, xatirələri əbədiləşdirilir. Dövlət başçısının sərəncamı ilə yaradılmış “Yaşat” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi missiyasını uğurla həyata keçirir.

Bununla yanaşı, hər bir vətəndaşımız, hər bir soydaşımız hərbçilərimizə, şəhid ailələrinə, qazilərimizə bacardıqları qədər arxa-dayaq olmağa çalışır. Bütün bunlar – xalqımızın və dövlətimizin şəhidlərə və şəhid ailələrinə mütəmadi dəstəyi əslində bizim şanlı qələbəmizin davamı, gələcəyimizin sağlam təməllər üzərində qurulmasının əsasıdır.

Yaşadığımız bu şanlı tarix böyüyən yeni nəslin vətənpərvərlik ruhunda sosiallaşması prosesində əvəzolunmaz rol oynayacaq.

Azərbaycan xalqının birinci və ikinci Vətən müharibəsində şəhid olmuş, o cümlədən xalqımıza qarşı törədilmiş amansız soyqırım və qətllərdə həyatını itirmiş bütün üzvlərinə Allahdan rəhmət diləyirəm!

Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Bu gün Aprel döyüşlərinin Şəhidi-Milli Qəhrəman Murad Mirzəyevin-DOĞUM GÜNÜDÜR…- FOTOLAR

Read Next

“1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir…”-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir