“Yataqxanada təkbaşına böyütdüyüm tək oğlumu Əbədiyyətə uğurladığım gün atamı da itirdim…Eyni gündə iki ağır, iki dəhşətli itki, acı yaşadım…”-İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN, BEŞ MEDAL VƏ BİR ORDENLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏLİZAMİN MUSTAFALININ ANASI ÜLVİYYƏ NƏBİYEVA

Vətənini, Torpağını ailəsindən, övladlarından, anasından üstün tutaraq, Qarabağın azadlığı, düşmən işğalından azad edilməsi uğrunda canını fəda edən Şəhidlərimizdən biri də Əlizamin Valeh oğlu Mustafalıdır…

Vətən sevdalısı, İgid, Qəhrəman İkinci Vətən Müharibəsi Şəhidi Əlizamin Mustafalı…

Cəmi 23 yaşında Şəhidlik məqamına, Şəhadətə ucalan Əlizamin Valeh oğlu…

Əslən Qazaxlı olan Əlizamın Mustafalı 1997-ci ilin 1 sentyabr tarixində (əslində isə 13 iyulda) Beyləqan rayonunda dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Tək bacısı ali təhsilli ilahiyyatçıdır…

Beyləqanda dünyaya gəlsə də, 5 il orada yaşasa da, ancaq Sumqayıt şəhərində böyüyüb boya-başa çatıb, orada təhsil alıb…

Uşaq vaxtlarından da onları anası-anaları, əslən Qazaxlı olan, özü isə Sumqayıtda dünyaya gələn Ülviyyə xanım, Ülviyyə Nəbiyeva böyüdüb…

Onlara həm analıq, həm də atalıb edib…

Onları minbir əzab-əziyyətlərlə, çətinliklərlə, yataqxanada böyüdüb…

Və onları-övladlarını Vətənə məhəbbət ruhunda yetişdirib…

Əlizamin 2003-2012-ci illərdə Sumqayıt şəhərində İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə oxuyub…

2012-2015-c illərdə isə Peşə Liseyində təhsilini davam etdirib…

2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub…

Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb…

Çox gənc-erkən yaşlarında, cəmi 18 yaşında ailə həyatı qurub…

İki övladı övladı-İbrahim adlı oğlu, Mədinə adlı qızı dünyaya gəlib…

Aprelin 20-də İbrahimin 7 yaşı, Mədinənin isə sentyabrın 23-də 6 yaşı tamam olacaq…

İyul-Tovuz döyüşlərindən, əfsanəvi generalımız Polad Həşimovun Şəhidliyindən sonra isə cəbhəyə getmək üçün könüllü şəkildə Orduya yazılıb…

İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Cəbrayıldan, Füzulidən, Xocavənddən Hadrutacan şərəfli döyüş yolu keçib…

Ailəsi, anası ilə sonuncu dəfə oktyabrın 6-da danışıb…

Deyib ki, “mənə tez-tez zəng vurmayın, mənə Gizirlik veriblər, 5-6 Əgərim var, onlarla məşğulam…”

Sonuncu danışığı isə dostu ilə olub-oktyabrın 14-də olub…

Ondan sonra-Şəhidliyinə qədər Əlizamin ilə əlaqə saxlamaq mümkün olmayıb…

Bir aya yaxın şərəfli döyüş yolu keçən Əlizamin 20 yaşının tamamından cəmi bir ay 20 gün sonra, oktyabr ayının 21-də Hadrutda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ən böyük arzusu Şuşanı, Xankəndini görmək, oraya qovuşmaq olan Əlizaminin ömür yolu Hadrutda, Şuşaya gedən istiqamətdə qırılıb…

Və nəşi bir gün sonra, oktyabrın 22-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra beş medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Hazırda Sumqayıt şəhərinin və Beləqan rayonunun mərkəzi küçələrindən biri Onun-Əlizamin Mustafalının adını daşıyır…

Anası Ülviyyə xanım isə həm də Qazaxın küçələrindən birinə övladının adının verilməsini istəyir…

“Mən bir gündə iki acı, iki itki yaşadım…Həm tək oğlumu itirdim, Vətən yolunda Şəhid verdim, həm də atamı itirdim…Mənə çox əziz, çox doğma olan iki kişini eyni gündə itirdim (səsi titrəyir)… Düzdür, Əlizamin oktyabrın 22-də torpağa tapşırılsa da, amma mən məzarı üstündə ayın 21-ni yazdırdım…Çünki oktyabrın 22-də, Qazaxda tikdirdiyi evinə köçməyə hazırlaşdığı gün atam da dünyasını dəyişdi…Ona görə istəmədim ki, ikisinin də ölüm tarixi 22 oktyabr olsun…”-deyə, Ülviyyə xanım deyir…

Allah eyni gündə iki acı, iki itki yaşayan, tək oğul və ata acısı, həsrəti ilə yanıb qovrulan Ülviyyə xanımın səbr və dözümünü versin!

Böyük Yaradan hər ikisinin-həm Şəhidimizin, həm də babasının məkanını cənnətlik, məqamını etsin!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Silah-sursat aşkar edildi-BU DƏFƏ FÜZULİDƏ – FOTO

Read Next

Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı cinayət işi-BAŞLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir