“Yazıçılar Birliyi təbiəti sevənlər dərnəyi, cəmiyyəti deyil, axı?!”-NİZAMİ CƏFƏROV YARADICI ŞƏXSLƏR VƏ YARADICILIQ TƏŞKİLATLARI İLƏ BAĞLI AYRICA QANUNA EHTİYAC OLDUĞUNU BİLDİRİR

“Yaradıcı şəxslər və yaradıcılıq təşkilatları haqqında” qanuna ehtiyac var.

Etikxeber.az xəbər verir ki, bunu akademik, millət vəkili Nizami Cəfərov parlamentin Mədəniyyət komitəsinin bugünkü iclasında bildirib.

Qeyd edib ki, ötən çağırışlar dövründə də bu məsələ gündəmdə olub, ancaq bəzi səbəblərdən öz müsbət həllini tapa bilməyib.

“Ancaq hesab edirəm ki, belə bir qanun layihəsinin müzakirəsi və qəbulu lazımdır. Buna ciddi ehtiyac var. Düzdür, yaradıcılıq təşkilatları da ictimai təşkilatlardır və onlar dövlət tərəfindən maliyyələşdirilməməlidir. Ancaq elə yaradıcılıq təşkilatları var ki, onlar spesifikdir, onların böyük, tarixi ənənəsi var. Məsələn, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı belə təşkilatlardandır. Onlara çox cüzi şəkildə maliyyə ayrılır, bəzən olur, bəzən də olmur. Ona görə də bu təşkilatlarla bağlı ayrıca qanun layihəsi olmalı və onlar dövlət tərəfindən maliyyələşdirilməlidir. Yazıçılar Birliyi təbiəti sevənlər dərnəyi, cəmiyyəti deyil, axı?! Bu baxımdan hesab edirəm ki, nəhayət, yaradıcı şəxslər və yaradıcı şəxslərlə bağlı qanun layihəsi gündəmə gətirilməli, bu yöndə addımlar atılmalıdır”-deyə, N. Cəfərov bildirib.

Millət vəkilinin təklifi komitə sədri Qənirə Paşayeva tərəfindən də dəstəklənib.

N. Cəfərov eyni zamanda bildirib ki, turizm şirkətləri bir çox ölkələrdə mədəniyyət abidələri üzərindən pul qazanır.

Onun bildirdiyinə görə, gələcəkdə bu şirkətlərin rüsum ödəməsi məsələsi gündəmə gələ bilər:

“Çünki bu turlar mədəniyyət abidələrinin sayının çox olduğu ərazilərə edilir”.  

Deputat qeyd edib ki, işğal altında olan ərazilərimizdə dağıdılmış mədəniyyət abidələrinə dəymiş ziyan hesablanmalıdır:

“Mədəniyyət Nazirliyi bu sahəni nəzarətə götürməlidir. Bu ərazilərdə olan abidələrin qorunması tələbi üzərində işləməliyik. Bu, bizim dədə-babalarımızın yaratdığı sərvətin qorunmasıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mədəniyyət komitəsi də-İLK DƏFƏ TOPLAŞDI – “KİNEMATOQRAFİYA HAQQINDA” VƏ “MUĞAM SƏNƏTİ HAQQINDA” QANUN LAYİHƏLƏRİ YENİDƏN GÜNDƏMDƏ – MƏDƏNİYYƏT NAZİRİ ƏVƏZİ DƏ İCLASA QATILDI – YENİLƏNİB – (3)

Read Next

Daha 119 yeni yoluxma-DAHA 2 ÖLÜM – ŞƏKİDƏ KÜTLƏVİ YOLUXMA QEYDƏ ALINDI, BAZAR BAĞLANDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir