“Yeddi gözəl” baletinə həsr olunmuş gecə keçirildi

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda milli incəsənət irsimizin ən dəyərli nümunələrindən olan “Yeddi gözəl” baletinə həsr olunmuş gecə keçirilib.

Gecədə “Yeddi gözəl” baletinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə 2014-cü ildə Kaliforniyanın San-Dieqo şəhərində uğurla keçən və 3 min tamaşaçının izlədiyi Amerika premyerasının videoyazısı nümayiş etdirilib.

Konsulluqdan Etikxeber.az-a bildirilib ki, tədbirdə ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan, Los-Ancelesdə yerləşən Cedars-Sinai Tibb Mərkəzinin “Bir ürək xilas et” fondunun üzvləri, sənətsevərlər, eləcə də kimya üzrə Nobel mükafatçısı Arye Vorşel iştirak edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin zəngin mədəniyyət tarixindən söz açaraq, xalqımızın dahi şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında ölməz bəstəkarımız Qara Qarayev tərəfindən bəstələnmiş “Yeddi gözəl” baletinin milli mədəniyyət xəzinəmizin ən qiymətli əsərlərindən biri olduğunu vurğulayıb. Q.Qarayevin yaradıcılığı və balet haqda məlumat verən diplomat, tədbirin bu tarixdə keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, sözügedən baletin ilk dəfə 1952-ci ilin noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulduğunu bildirib. Q.Qarayev musiqisinin Amerika dinləyicilərinə yad olmadığını söyləyən baş konsul, dahi bəstəkarın hələ 1961-ci ildə ABŞ-a səfər edərək məşhur Los-Anceles Musiqi Festivalına qatılmasını və həmin festivalda onun “İldırımlı yollarla” əsərini ikiqat Oskar mükafatçısı, tanınmış bəstəkar Franz Vaksmanın dirijorluğu ilə simfonik orkestrin ifa etməsini diqqətə çatdırıb.

“Bir ürək xilas et” fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi təmsil etdiyi təşkilat adından çıxış edərək, zəngin Azərbaycan mədəniyyəti ilə tanışlıq üçün yaradılan fürsətə görə təşəkkürünü bildirib. Dəyərli mədəniyyət nümunələrinin sərhəd tanımadığını vurğulayan İ.Xaruzi, Azərbaycan musiqisinin amerikalı sənətsevərlərdə daim dərin rəğbət hissi yaratdığını qeyd edib.

Sonra “Yeddi gözəl” baletinin videoyazısı nümayiş etdirilib. Tamaşaçıların böyük rəğbətinə səbəb olan nümayiş sürəkli alqışlarla qarşılanıb.

Etikxeber.az

Read Previous

ANS ÇM-in şikayəti təmin edilmədi

Read Next

DİN-dən də Hadi Rəcəbli ilə bağlı təkzib açıqlaması gəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir