Yeddi övladından dördünü itirmiş, bir övladını Şəhid vermiş, başı müsibətlər çəkmiş 76 yaşlı-TAMARA ANANIN ACI, KƏDƏRLİ HƏYAT HEKAYƏSİ…QIZININ EVİNDƏ YAŞAYAN QAZİ-ŞƏHİD ANASI MƏNZİLLƏ TƏMİN EDİLƏCƏKMİ, TƏK ARZUSU ÇİN OLACAQMI? – FOTOLAR

Bu gün daha bir Şəhid anası, daha bir Nur üzlü Vətən sevdalımızın Mələk simalı anası, başı çox müsibətlər çəkmiş, çox dərdli, çox yaralı, çox acılı, çox qara taleli bir ana-Tamara ana ilə görüşdüm…

İkinci Vətən Müharibəsinin İgidlərindən, Qəhrəmanlarından, Dastan yazan Oğullardan biri, 21 iyul 1977-ci il doğumlu, ali təhsilli, peşəkar hərbçi, zabit, Mayor Emin Bəhmən oğlu Süleymanovun anası, Şəhidi ilə birlikdə dörd övladını itirmiş, üç oğul və bir qızını qara torpaqlara vermiş Tamara Süleymanova…

76 yaşlı Tamara xanım, Tamara ana ilə ilk dəfə günlər öncə Buzovnada, Reabilitasiya Mərkəzində görüşmüş, hal-əhvallaşmışdım və söz vermişdim ki, çox tezliklə ona baş çəkəcəyəm, onu ziyarət edəcəyəm…

Və bu gün bir Şəhid tədbirindən çıxıb Tamara ananın qaldığı, yaşadığı evə, Bayılda yaşayan, iki övlad anası, kollec təhsilli və heç bir yerdə işləməyən qızının evinə getdim, Tamara ananı ziyarət etdim…

Elə bu yerdəcə qeyd edim ki, Tamara ananın hazırda ev-eşiyi yoxdur…Uzun illər öncə İmişli rayonunun Xubyarlı kəndindəki evin satıb Gəncəyə, Şəhid oğlunun yanına köçüb…

Oğlu Şəhid olandan bir müddət sonra isə Bakıya, qızının yanına köçüb və bir ilə yaxındır ki, qızının evində qalır və o evdə də, Bakının Səbail rayonunda da qeydiyyatdadır…

Bəli, yuxarıda da qeyd etdiyim kimi, Tamara ana çox qara taleli, övlad sarıdan bəxti gətirməyən analardandır…

1990-ci ilin Yanvar hadisələri zamanı Bakı şəhərində qəsdən törədilmiş hadisə nəticəsində cavan və bir körpə atası olan oğlunu-Elşənini itirib…

Sonra başqa bir oğlu, Telmanı 1992-ci ildə Birinci Qarabağ Savaşında ağır yaralanıb, kəllə-beyin travması alıb, bütün səhhəti, əsəb sistemi pozulub…

Uzun illər səhhətindən əziyyət çəkib və bir neçə il öncə dünyasını dəyişib, dərdli Tamara ananın dərdinin üstünə daha bir dərd gəlib…

Eyni zamanda, dərdi, dərdləri azmış kimi Tamara ana iki qızından birini çox cavan və erkən yaşlarında itirib…

Yenə Dərdi üstünə Dərd, Acısı üstünə Acı gəlib Tamara ananın…

İkinci Qarabağ Savaşı zamanı, bir il yeddi ay öncə isə ali təhsilli, peşəkar hərbçi, Mayor rütbəli oğlunu, Emin Süleymanovu itirib…

Övladı Şuşanın azad edilməsindən bir gün sonra, İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış, noyabr ayının 9-da Şuşa-Laçın dəhlizi istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Eminin Şəhidliyi barədə elə həmin gün ailəsinə, həyat yoldaşına məlumat verilib, ancaq nəşi 5 gün sonra, 2020-ci ilin noyabr ayının 14-də doğulub boya-başa çatdığı İmişlinin Xubyarlı kənd qəbiristanlığında dəfn edilib, Əbədiyyətə Uğurlanıb…

Eminin iki övladı-bir qızı və bir oğlu Vətənə əmanət qalıb…

Emin həm də 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından, Qəhrəmanlarından olub…

İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra həm Ali Baş Komandanın, həm də Müdafiə nazirinin əmri ilə bir neçə medalla təltif olunub…

Orden Haqqı isə hələlik tanınmayıb, ancaq anaya vəd olunub ki, Emin Süleymanova orden də veriləcək…

Şəhid anası da həmin günü səbrsizliklə, ümidlə gözləyir.

Övladını- Qəhrəmanlığı, İgidliyi, İnsaniyyətliyi ilə ad-san qazanmış Eminini Vətən yolunda qurban verdikdən, dərdinin üstünə yenidən dərd gəldikdən sonra da Tamara ananın başı çox müsibətlər çəkib…

Sadəcə, bəzi səbəblərdən və ananın israrlı xahişi ilə onları qeyd etmirəm, yazmıram…

Bəli, çox dərdli, çox qara taleli bir anadır Tamara ana…

Söhbətləşdikcə, dinlədikcə adam dəhşətə gəlir…

Allah səbrini, dözümünü bol etsin!

Tamara heç nə istəmir, heç nə tələb etmir…

Sadəcə, istəyir ki, ona bir otaqlı da olsa, Bakı şəhərindən ev, mənzil verilsin və həmin mənzili övladı, Emini üçün muzeyə çevirsin…

Başqa bir istəyi, arzusu yoxdur Tamara ananın…

Ancaq çox təəssüflər olsun ki, hələ də Səbail rayon İcra Hakimiyyətindən ananın müraciətinə, ev-mənzil növbəsinə götürülməsi ilə bağlı xahişinə müsbət cavab verilməyib…

Sadəcə, bəhanələr gətirilib, vədlər verilib…

Şəhid anası, başı müsibətlər çəkmiş Tamara ana isə onun da ev-mənzil növbəsinə götürülməsini və ev-mənzillə təmin olunmasını istəyir…

Əsas niyyəti, əsas arzusu da odur ki, həmin ev-mənzili övladının xatirəsinin yaşadılması üçün muzeyə çevirsin…

Ona görə ümid etmək və inanmaq istəyirik ki, həm Səbail rayon İcra Hakimiyyəti, həm də Dövlət Sosial Xidmətlər Agentliyi Şəhid anasının qanuni istəyinə, durumuna, yaşına, yaşadıqlarına həssaslıqla yanaşacaq və onu Haqqı, Şəhidinin Haqqı olan mənzillə təmin edəcək.

Ümid ən sonda ölür deyirlər…

Allah ümidlərimizi ölməyə və öldürülməyə qoymasın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin tək və subay övladı Şəhid Telman Ələkbərovun adını daşıyan “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Daha 10 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir