“Yeganə övladınız məhz hərbçi olmaq yolunu seçərək, vətənə xidmət amalı ilə yaşayıb, Şəhid olub…”-MM-İN KOMİTƏ SƏDRİ ŞƏHİD HƏSƏNAĞA ABDULLAZADƏNİN AİLƏSİ İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTOLAR

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Baş leytenant Həsənağa Abdullazadənin valideynləri Şakir Abdullayev və Səmilə Abdullayeva ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri zabitin bədii əsərlərə köçəcək həyat və döyüş yolu ilə maraqlanıb, ailənin qayğılarnı dinləyib, ürək sözlərini bölüşüb.

O, deyib:

“Əziz şəhid valideynləri,Siz, Vətən müharibəsində öz canını fəda etmiş cəsur zabitimizin valideynlərisiz. Düşmən üzərində tarixi qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox sizlər haqq edirsiz. Sizin yeganə övladınız məhz hərbçi olmaq yolunu seçərək, vətənə xidmət amalı ilə yaşayıb. O, ərazi bütövlüyümüz və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olub.

Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb.Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün Sizə dərin təşəkkürlərmizi yetirirəm! İnanıram ki, şənid zabitimizin həyatı, döyüş yolu bədii əsərlərə mövzu olacaq və yeniyetmələr, gənclər oğlunuzun döyüş yolunu özləri üçün örnək alacaq!”

Şəhidin valideynlərinə Komitə adından Məktub və Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Həsənağa Şakir oğlu Abdullazadə 1993-cü il martın 9-da Lənkəranda doğulub.

Ailənin tək övladı olan Həsənağa Abdullazadə təhsilini Lənkəranın 9 saylı tam orta məktəbində alıb. Vətənə məktəb yaşlarından bağlı olan şəhidimiz ailəsinin razılığı olmasa da, 9-cu sinifdən sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. 2010-cu ildə oranı yüksək qiymətlərlə başa vuran qəhrəmanımız həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

Ali məktəbi bitirdikdən sonra 2014-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin zabit kurslarına yazılıb və bir il sonra kursu fərqlənmə ilə bitirib.2013-cü ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi”, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunub.Vətən Müharibəsində fədakarlıqla iştirak edən zabitimizlə 2020-ci il oktyabrın 1-dən əlaqə itib. 14 yanvar 2021-ci ildə şəhid olduğu müəyyənləşib.

Baş leytenant Həsənağa Abdullazadə II Fəxri Xiyabanda dəfn edilib.

Ruhu şad olsun!

Görüşdə RHİMİB sədri Arzu Bağırova və tanınmış jurnalist Günel Hüseynli iştirak edib.

Etikxeber.az

Read Previous

Sabiq Xarici İşlər nazirinin qızı-DÜNYASINI DƏYİŞDİ…

Read Next

“YAP gəncləşərək monolit bir formada bu sınaqdan da üzüağ, alnıaçıq çıxmağı bacardı…”-ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir