“Yenə də və hər an Vətənin müdafiəsinə hazıram…”-İKİNCİ QARABAĞ SAVAŞININ İŞTİRAKÇISI-BAŞ LEYTENANT ZAHİR RÜSTƏMOV

Qəhrəman Qızılhacılımla, Qəhrəman Qızılhacılılarla sözün gerçək mənasında fəxr etməmək, qürur duymamaq mümkün deyil…

Bu, qətiyyən və qətiyyən yerliçilik, yerlipərəstlik kimi, zərərli və mənfi tendesiyadan irəli gəlmir…

Zatən, mənim xarakterimə və xasiyyətimə bələd olanlar bilir ki, bilmərrə, bu cür zərərli məqamlardan, hisslərdən çox-çox uzağam…

Amma sonuncu-İkinci Qarabağ Savaşı, İkinci Vətən Müharibəsi bir daha sübüt etdi ki, Qızılhacılı və Qızılhacılılar yenə savaşda, yenə müharibədə can qoydu, ürək qoydu, fədakarlıqlar etdi, Qəhrəmanlıq, İgidlik Datanı yazdı…

Şəhid olan kimi, yaralanan kimi, Qazi olan kimi, səfərbərliyin ilk günündən elə bu günlərimizəcən Vətən torpaqlarının azad edilməsində, işğaldan qurtulmasında, tarixi və möhtəşəm Zəfərin və Qələbənin qazanılmasında iştirak edən, döyüşən, vuruşan, ad-san qazanan kimi…

Özü də ad-san, şan-şöhrət…üçün yox, Vətən, Torpaq üçün!

Qızılhacılımda elə bir ev, elə bir ocaq, elə bir ailə yoxdur ki, kimsə istər Birinci Qarabağ Savaşında, istərsə də 44 günlük İkinci Vətən Müharibəsində iştirak etməmiş olsun…

Çox az, nadir istisnalar ola bilər…

Demək olar ki, bütövlükdə 32 illik qanlı Qarabağ münaqişəsi hər bir Qızılhacılının içində, daxilində, şəxsi həyatında yaşanıb, öz dərin izlərini buraxıb…

Bax elə buna görə də Qəhrəman Qızılhacılım deyirəm, yazıram, bax elə buna görə Qızılhacılılarımla fəxr edir, qürur duyuram…

İkinci Qarabağ Savaşında iştirak edən, döyüşən, vuruşan, ad-san qazanan Vətən övladlarından, İgid, Qəhrəman Qızılhacılılardan biri də Zahir Həsən oğlu Rüstəmovdur…

O, Zahir Rüstəmov ki, müharibəyə leytenant kimi gedib, Baş leytenant kimi dönüb…

O, Zahir Rüstəmov ki, 3 azyaşlı övladı və necə deyərlər, möhlət hüququ olmasına baxmayaraq, səfərbərliyin, İkinci Vətən Müharibəsinin ilk günündən son günə kimi, döyüşlərdə olub, iştirak edib, döyüşüb, vuruşub və taqım komandiri kimi, Savaşın bitməsindən də düz bir ay 20 gün sonra tərxis olunub, evinə, ailəsinə dönüb…

Qalib Azərbaycan oğlu kimi, Qalib zabit kimi…

Zahir özü də cəbhənin ən ağır, ən qaynar bölgəsində, nöqtəsində-Tərtər-Ağdərə, Talış-Suqovuşan istiqamətlərində olub…

Hər halda bilənlər bilir ki, adıçəkilən istiqamətlər, nöqtələr nə dərəcədə əhəmiyyətli, strateji və ağır bölgələr olub…

Qeyd edim ki, Zahir 1980-ci ildə Qızılhacılıda, sadə bir ailədə anadan olub…

1998-ci ildə Qızılhacılı qəsəbə (kənd) bir saylı orta məktəbi bitirib və elə həmin il Gəncə Texnologiya Universitetinə daxil olub, 2002-ci ildə də həmin ali məktəbi müvəffəqiyyətlə başa vurub…

Sonra həqiqi hərbi xidmətə yollanıb, hərbi xidmətdən qayıtdıqdan sonra da ailə qurub, evlənib…3 azyaşlı övlad atasıdır…

İgidimiz təəssüflər olsun ki, hazırda işsizdir və işsizliyin, xüsusilə, ailəli adam, övlad atası üçün, nə demək olduğunu da anlamaq, anlatmaq, izah etmək çətin deyil…

Eyni zamanda, halal Haqqı olsa da, Haqq etsə də, İgidimizin adı heç bir medala təqdim edilməyib…

Ancaq məhz onun Haqqıdır medala təqdim edilmək, məhz onun Haqqıdır işlə təmin olunmaq…

Qəlbi vətən eşqi ilə döyünən Zahir isə deyir ki, Allah etməsin, yenidən savaş olarsa, düşmən yenidən təxribat, fitnəkarlıq edərsə, canla-başla Vətənini, dövlətini qorumağa hazırdır…

Bəli, Zahir belə İgid oğuldur, bəli, Qızılhacılılar belə təmənnasız Vətən sevdalılarıdır…

Allah Zahir də daxil olmaqla cəmi İgidlərimizi, Vətən sevdalılarımızı, hər iki müharibədə Dastan yazan Qızılhacılılarımızı qorusun!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

20.02.2021

Etikxeber.az

Read Previous

Jalə Əliyevanın təşəbbüsü ilə başladılan kampaniya çərçivəsində-51 QAZİ AİLƏSİNƏ ƏRZAQ YARDIMI EDİLDİ-FOTOLAR

Read Next

Milli Məclisdən Estoniya parlamentinə-TƏŞƏKKÜR MƏKTUBU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir