“Yenə kimsə nefti, qazımızı ələ keçirmək istəyəcək…” – ƏLİ ƏHMƏDOV

Əli Əhmədov: Dövlət zəif olanda torpaqlarını qoruya bilmir

Bizim məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı faciəsini tanıyıblar.

Etikxeber.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov “Xocalı soyqırımını unutmadıq!” adlı tədbirdə çıxışı zamanı deyib.

“Güman edirəm ki, bu faciəni qətliam kimi tanıyanların sayı artacaq. Ona nail olmalıyıq ki, bütün dünya bu soyqırımına siyasi qiymət versin”-deyən, Ə.Əhmədovun sözlərinə görə, 27 il əvvəl Azərbaycan tarixində ən dəhşətli faciələrdən biri baş verib.Soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov, 150 nəfər itkin düşüb, 25 uşaq hər iki valideynini itirib.

O, qeyd edib ki, qətlə yetirilən insanlar dinc, köməksiz insanlar olub: “Bu mənada bu qətliam təkcə Azərbaycan xalqının başına gətirilən faciə deyil, dünyanın ən dəhşətli faciələrindən biridir. Xocalı qətliamı xalqın yaddaşındadır. Azərbaycan xalqı heç zaman qisasçı olmayıb, bizim istəyimiz odur ki, bu qətli törədənlər layiqli cəzasını alsınlar. Bir xalq olaraq, bu məqsədimizə nail olacağıq”.

ALİ AHMAD-GANCA

Ə.Əhmədovun qeyd etdiyinə görə, insanların təhlükəsizliyinin təmini üçün dövlətin gücü olmalıdır: “Dövlət zəif olanda torpaqlarını qoruya bilmir. Dövlətin gücü olmayanda kimlərsə onun torpağını işğal edirlər. 1990-cı illərdə bu hadisələrin baş verməsinin səbəblərindən biri də dövlətin öz torpaqlarını qorumaq üçün lazımi gücə malik olmaması idi”.

YAP rəsmisi eyni zamanda, təəssüf hissi ilə onu deyib ki, bu gün də Azərbaycanın yaratdığı imkanların üstünə qara xətt çəkmək, gəncləri çaşdırmaq istəyən qüvvələr var. Ə.Əhmədov bildirib ki, Azərbaycan 1990-cı illə müqayisədə çox dəyişib: “1990-cı ilin əvvəllərində Azərbaycanda dərəbəylik hökm sürürdü, ölkə böhran içində idi, insanlar təhlükəsiz şəraitdə yaşadıqlarını hesab etmirdilər. Milli iqtisadiyyat tamamilə çökmüşdü. İnsanlar evlərindən çıxanda geriyə qayıdacaqlarına inanmırdılar. Bu gün isə bizim gənclərimiz, vətəndaşlarımız ölkəmizdə görülən müsbət işlərin dəyərini bilməlidirlər. İndi Azərbaycanda sabitlik, əmin-amanlıq var. O zaman Azərbaycanda əhalinin sayı 7 milyon nəfər idi, indi isə 10 milyona yaxın olub. Ermənistanda isə əhalinin sayı azalıb. Bütün bunlar Azərbaycanın düzgün siyasət yürütdüyünə görə olub”.

Baş nazirin müavini qeyd edib ki, bütün dövlətlər bu və ya digər dərəcədə təzyiqlərə məruz qalıb. Azərbaycan da belə təzyiqlərə məruz qalıb və kənardan yenə də bu təzyiqlər var: “Dövlətimiz daxildən güclü olmasa, yenə də kimsə onu daxildən sarsıda bilsə, bu, 1992-ci ildəki faciələrə gətirib çıxarar. Yenə də kimsə Azərbaycanın neftini, qazını ələ keçirmək istəyəcək, yaxud torpağımızla, xalqla bağlı hansısa niyyətlərini həyata keçirmək istəyəcəklər. Amma vətəndaşlar dövlət ətrafında sıx birləşsə, belə olmaz”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Zadə”ni də əcnəbi soyad sonluğu olaraq kənara qoymuşduq…” – AKADEMİK

Read Next

Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş orqan konserti – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir