Yenə Bərdə…Yenə Qazi ziyarəti…Yenə Şəhidlər Xiyabanı…TƏSİRLİ VƏ ÜZÜCÜ MƏNZƏRƏ… – FOTOLAR

Dünən axşam (26 iyul tarixində) yenidən Bərdə şəhərinə yol aldıq…

Yenə də Qazimiz Fuad Mahir oğlu Həsənovla birlikdə…

Yenə də Bərdəli Qazimiz Bəhruz Tağıyevgilə…

Bununla artıq ikinci dəfəydi ki, Bəhruzgildə olurduq…

Bəhruz da, Fuad da hər ikisi İkinci Qarabağ Savaşının iştirakçılarından və Qazilərindəndir…

Hər ikisi də döyüşlərdə ağır yaralandıqdan sonra uzun müddət bir yerdə-Bakıda müalicə-müayinə alıblar və oradan da dostluqları, səmimiyyətləri yaranıb…

Və beləliklə, Bəhruzgildə 2 saatdan bir qədər çox olduq…

Yenə də ötənlərdən, keçənlərdən, müharibədən, günümüzdə baş verənlərdən, gələcək gözləntilərdən danışdıq, bəhs etdik…

Hər iki Qazimizin səhhətində hələ də problemlər davam etməkdədir…

Eyni zamanda, hər ikisinin maddi-mənəvi dəstəyə ehtiyacları var və bu ehtiyacları da zamanla və məqamında ödənilməlidir…

Və Bəhruzgillə sağollaşıb, ayrıldıqdan sonra yenidən və bir daha Bərdə Şəhidlər Xiyabanına üz tutduq…

Saat hardasa 9-a qalmış, 10-a işləmiş olardı…

Şəhidlər Xiyabanında çox təsirli məqamla üzləşdik…

Şəhid valideynləri, Şəhid ailələri, Şəhid anaları da oradaydı…

Yenə də bir araya gəlib dərdləşir, söhbətləşirdilər…

Arzu xanım, Radə xanım, Səidə xanım, Zübeydə xanım, Tovuz ana, Şəhid Səidin anası, Şəhid qardaşı Azər, Şəhid Turqutun atası və digərləri…

Onu da deyim ki, artıq xeyli vaxtdır onlarla, əksəriyyəti ilə tanışıq, bir-birimizə çox doğmalaşmışıq və əslində Şəhidlərimiz bizi doğmalaşdırıb, yaxlnlaşdırıb, bir edib…

Bir daha onlarla salamlaşdıq, görüşdük, bir daha hal-əhvallaşdıq, bir daha onlara Allahdan səbr, Şəhidlərimizə rəhmət dilədik…

Sonra Şəhid ailələri ilə birgə Şəhidlərimizin-Səidin, Ərəstunun, Xudayarın, Fəxrinin, Devranın, Elməddinin, Turqutun və digər Vətən sevdalılarının məzarlarını ehtiramla ziyarət etdik, ruhlarına dualar oxuduq…

Və Şəhidlər Xiyabanında olarkən çox üzücü və təəssüfedici bir məqamla da qarşılaşdıq…Ki, bunu da qeyd etməyə bilmərəm…

Bir tərəfdə Məqamları Ucalardan-uca olan Şəhidlərimiz, bir tərəfdə onların dərdli, kədərli, həm də Qürurlu və Məğrur ailə üzvləri, bir tərəfdə isə əməlli-başlı vur-çatlasın, çal-oynasın…

Yaxınlıqdakı, qənşərdəki şadlıq evindən gələn və aləmi, Şəhidlər Xiyabanını başına bürüyən müsiqi səsi…

Deyəsən, hansısa gənclərimizin toy mərasimidir…

Xoşbəxtlərin xoşbəxti olsunlar… Toy da olmalıdır, bayram da, musiqi də…

Amma hər şey əndazə çərçivəsində, həddini aşmamaq, yaralı insanları bir daha yaralamamaq, üzməmək…şərti ilə…

Övlad toyu görməyən, nişanlı, toyuna hazırlaşdıqları, yenicə toy etdikləri övladlarını… cəmi aylar öncə Vətən yolunda Şəhid verən Şəhid ailələrini, Şəhid valideynlərini, xüsusilə, Şəhid analarını da düşünmək, nəzərə almaq lazımdır və mütləqdir…

Bu insanlar yaralı, dərdli, çox həssas və çox duyğusaldırlar və onları başa düşmək hər birimizin borcudur…

Ancaq dünənki mənzərə bunun tam əksini, hələ də çoxlarının bu hisslərdən uzaq olduğunu ortaya qoydu ki, bu da hər birimizi dərindən üzdü, kədərə qərq etdi…

Şəhid analarının həmin anda nələr yaşadıqlarını, nələr hiss etdiklərini gözlə görmək lazımıydı…

Çox təəssüf, çox təəssüf, çox təəssüf!

Olmaz, olmaz, olmaz!

Allah Şəhidlərimizin məkanlarını cənnətlik etsin, ailələrinə bir daha və bir daha səbrlər versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

26.07.2021, Goranboy-Bərdə-Goranboy

Etikxeber.az

Read Previous

İlham Əliyev AKP sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini-QƏBUL ETDİ – FOTO

Read Next

I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir