Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidləri-TURQUT ZEYNALOV, ELMƏDDİN HÜSEYNZADƏ… “QARABAĞ” ORDENLİ MEHMAN QƏMBƏROV… 3 MEDALLI FƏXRİ QƏRİBZADƏ…QOLUNDAN AĞIR YARALANAN QAZİ BƏHRUZ TAĞIYEV VƏ NAİL MİRZƏYEV…ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT…VƏ HƏLƏ DƏ HƏLLİNİ GÖZLƏYƏN PROBLEMLƏR, MƏMUR ETİNASIZLIĞI… – YENİLƏNİB – (1) – FOTOLAR

Cəmi saatlar sonra yenə yolçuluq…

Yenə və növbəti dəfə üzü Qəhrəman Bərdəmizə…

Yenə Goranboylu Qazimiz, iki medallı Qəhrəmanımız, 3-cü qrup əlil Fuad Mahir oğlu Həsənovla…

Yenə Şəhidləri, Şəhid ailələrini, Şəhidlər Xiyabanını ziyarətə…

Yenə Bərdəli Qazimiz Bəhruz Tağıyevgilə…

Və açığını, düzünü deyim ki, son 6-7 ayda Bərdəyə səfərlərimin, ziyarətlərimin sayını itirmişəm…

Və bu, artıq Bərdəyə neçənci ziyarətim, gedişimdir dəqiq sayını xatırlaya bilmirəm…

Bəli, Şəhidləri, Şəhid ailələrini, Şəhidlər xiyabanlarını, məzarlıqlarını, Qaziləri ziyarət etmək bir insanlıq, bir vicdan, bir peşə, ən əsası Allah qarşısında borcumdur…

Nə qədər ziyarət etsəm də, etsək, nə qədər baş çəksəm də, çəksək də, yenə də azdır, yenə də bəs etmir…

Çünki onları-Şəhidləri, Şəhid ailələrini, Qaziləri, Şəhidlərimizin uyuduqları And yerimiz olan Şəhidlər məzarlıqlarını hər gün, hər həftə, hər ay ziyarət etməliyik, onları bir an olsun belə unutmamalıyıq, yaddan çıxarmamalı, diqqətdən kənarda qoymamalıyıq…

Bugünkü dinc yaşayışımıza, azadlığımıza, təhlükəsizliyimizə görə, onlara-Şəhidlərə, Şəhidləri böyüdüb boya-başa çatdırmı Qəhrəman ata-analara, Qazilərə, onların valideynlərinə, Vətən sevdalılarına borcluyuq…

Tarixi Qələbə və Zəfərimizi, Qalibiyyəti Ali Baş Komandan başda olmaqla, bizə yaşadan ilk növbədə onlardır…

Odir ki, onlara olan borcumuzu, minnətdarlıq duyğumuzu və ehtiram ünvanımızı unutmamalıyıq, yaddan çıxarmamalıyıq.

Buna haqqımız, hüququmuz yoxdur.

Çünki dünənini, keçmişini, tarixini, müqəddəslərini unudunların sabahını topa tutarlar deyiblər müdriklərimiz…

Həm də unutsaq-unudularıq, lənətlənərik!

Sabah, bir gün sonra, 27 sentyabr tarixi İkinci Vətən Müharibəsinin başlamasının biri ili, Anım Günüdür…

Bərdəyə bugünkü ziyarət zamanı da bu Qəhrəman rayonun ilk İkinci Vətən Müharibəsi Şəgidlərindən olan Turqut Zeynalov və Elməddin Hüseynzadənin ailəsini ziyarət etməyi nəzərdə tuturam, tuturuq…

İmkan olarsa, digər Şəhid ailələrində də olmağı düşünürəm, düşünürürk…

Həm də qeyd etdiyim kimi, Bərdəli Qazimiz Bəhruz Tağıyevə baş çəkməyi nəzərdə tuturam, tuturuq…

İki övlad atası olan Bəruz Tərtər-Ağdərə istiqamətində döyüşlər zamanı ağır yaralanıb, aylarla müalicə alıb, səhhətində hələ də problemlər davam etməkdədir…

Həm də ailəsi ilə kirayədə yaşamaqdadır…

Allah köməyi olsun, şəfasını versin!

Şəhidlərimiz isə Nur içində yatsınlar, məkanları cənnətlik, məqamları Uca olsun!

Allah ailələrinə səbr və dözüm versin!

10:49

***

Füzulidən Qırmızı Bazaracan uzun və şərəfli döyüş yolu keçən Qazi oğlu Qazi NAİL MİRZƏYEV…

Və…saat 16:00…

Yenidən və növbəti dəfə Qəhrəman Bərdəmizdəyəm, Bərdəmizdəyik…

Qazi Fuad Həsənov və daha bir Qazimiz, Vətən sevdalımız Nail Səməndər oğlu Mirzəyevlə…

Qeyd edim ki, Nail də Qəhrəman Goranboyun Nərimanlı kəndindən və İkinci Vətən Müharibəsi iştirakçılarından, Qəhrəmanlıq Dastanı yazan İgidlərimizdən, Qəhrəmanlarımızdandır…

2001-ci il təvəllüdlü, evin-ailənin iki oğlan övladından biri və Qazi oğlu olan İgidimiz orta məktəbi qurtardıqdan sonra, 2019-cu ildə hərbi xidmətə yollanıb və Əsgərliyinin başa çatmasına 3 ay qalmış-İkinci Vətən Müharibəsinin başlanması ilə əlaqədar ilk gündən döyüşlərə atılıb…

Füzulidən Xocavəndə, Qırmızı Bazara qədər uzun və şərəfli döyüş yolu keçib…

Dəfələrlə ölümlərdən dönüb və müharibənin başa çatmasına 14 gün qalmış, oktyabrın 27-də, döyüşlərin bir ayının tamamında Qırmızı Bazar qəsəbəsi istiqamətində döyüşlərdə ağır yaralanıb…

Və həmin gündən uzun müddət müxtəlif xəstəxana və hospitallarda müalicə alıb…

Və hələ də sol qolunda iki qəlpə qalmaqdadır…

Müalicə aldıqdan sonra İgidimiz yenidən hərbi xidmətini davam etdirib və bu ilin iyul ayında, iki ilinin tamamında Ordudan tərxis olunub…

Döyüşlərdə, müharibədə göstərdiyi Qəhrəmanlıq və İgidliklərə görə 3 medalla-“Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də Qəhrəmanlığı, İgidliyi, qanı ilə qazanıb…

Ancaq çox təəssüflər olsun ki, İgidimiz hələ də əlillik dərəcəsi almayıb…

Və inanmaq istərdik ki, çox da uzaq olmayan zamanlarda əlillik dərəcəsini alacaq…

Qəhrəmanımıza can sağlığı və uğurlar!

***

Hələ də şəxsi evi olmayan, kirayədə və qızıgildə yaşayan-ŞƏHİD ANASI…

Və üçümüz də ilk öncə İkinci Vətən Müharibəsinin İgidlərindən, Qəhrəmanlarından və Şəhidlərindən olan MAXE, 3 medallı, evin-ailənin tək oğlu, anası tərəfindən təkbaşına böyüdülmüş Fəxri Qəribzadənin Güloğlular kəndində yaşayan bacısının ailəsini və anası Mehparə xanımı ziyarət edirik…

Qeyd edim ki, Şəhidimizin özü də, anası da uzun illər Bakıda kirayələrdə yaşayıb, özlərinin şəxsi evləri, mənzilləri olmayıb…

Və Şəhid anası hələ də kirayədə yaşayır…Və arada, xüsusilə, Fəxrinin Şəhidliyindən sonra qızılgildə qalır…Və aidiyyatı, müvafiq qurumlardan da… kimsə Şəhid anası, onun dərd-səri, ev, mənzil problemi ilə maraqlanmır…Sanki belə də olmalıymış…

Odur ki, Şəhidimizin Nur simalı anası Mehparə xanımı qızıgildə ziyarət edirik…

***

“Turqutla sentyabrın 27-də, səhər saat 09:27-də danışdım…Həmin vaxt oğlum sən demə, ağır yaralanıbmış və…”-ŞƏHİD TURQUT ZEYNALOVUN ANASI ZÜBEYDƏ XANIM

Sonra Mehparə xanımla birlikdə Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidi-MAXE Turqut Zeynalovun ailəsini ziyarət edirik…

Turqutgil ailədə 4 övlad- iki bacı, iki qardaş olublar…

Turqut özü isə evin-ailənin böyük övladı olub…

Və elə müharibənin ilk günündə, ilk saatlarında, 27-si günortaya yaxın qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Anası Zübeydə xanımın dediklərindən:

“Turqutla müharibənin elə ilk günündə, səhər tezdən, 09:27-də danışdım…Hələ də telefonumda qalır və danışığımız da cəmi 48 saniyə çəkdi…Sən demə, həmin vaxt artıq Turqut ağır yaralı olub, amma təlaşlanmamaq, narahat olmamaq üçün mənə heç nə demədi, sadəcə, onu dedi ki, ana, hər şey yaxdır, irəliyə doğru gedirik…Sonra 12:00-da yenidən zəng etdim…Amma telefonuna zəng çatmadı…Fasilələrlə yenə zəng vurdum, amma yenə zəng çatmadı…Saat 2-yə işləmiş olardı, namaz qılırdım, birdən məni nəsə bir darıxma tutdu…Özümü çox narahat hiss etməyə başladım…Bu da təsadüf deyilmiş, sən demə, həmin vaxt oğlum Şəhid olubmuş (Gözləri dolur)…Bunu sonra bizə döyüş yoldaşları dedi…Biz Turqutun Şəhidliyindən ancaq 28-i günü səhər tezdən xəbər tutduq, bir də gördük ki, oğlumuzun nəşi tabutda qapımıza gətirildi…Və elə həmin Şəhidlər Xiyabanında dəfn olundu…” .

Sonra Şəhidimizin atası Fikrət kişi ilə sohbətləşirik…

Ona, ailəsinə bir daha səbr, dözüm diləyirik…

Bu gün Şəhidliyinin bir ili tamam Turqut Zeynalovun məzarı behiştlik olsun, Nur içində yatsın!

Xatirəsi daim qəlblərdə, qəlbimizdədir!

***

“Bu gün Elməddin evimizdən getməsinin, onunla sonuncu görüşümüzün bir ili tamam olur…Düz bir ildir ki, Elməddinsizəm…”-ŞƏHİD ELMƏDDİN HÜSEYNZADƏNİN ANASI ARZU XANIM

Şəhidimizin ailəsini ziyarətimiz təxminən bir saat çəkir, sonra Bərdənin yenə ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək övladı, anası tərəfindən köprəliyindən təkbaşına böyüdülmüş, atası tərəfindən tərk olunmuş Elməddin Hüseynzadənin tək-tənha yaşayan anası Arzu xanımı ziyarət edirik…

1998-ci il təvəllüdlü MAXE Elməddin Hüseynzadə də Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlər zamanı qəhrəmasncasına Şəhidlik məqamına yüksəlib…

Elməddin döyüşlərin, müharibənin 3-cü günündə, sentyabrın 29-da Şəhid olub və nəşi də elə həmin gün, axşam saatlarında Bərdə Şəhidlər Xiyabanında torpağa tapışırılıb…

Arzu xanımın dediklərindən:

“Elməddin sentyabrın 25-də evə, görüşməyə gəlmişdi…26-sı səhər tezdən də sağollaşıb getdi…Və bu, onunla sonuncu görüşümüz oldu…29-u günü Şəhidliyi xəbəri gəldi (Gözləri dolur)…Bu gün isə onun bu evdən, evimizdən getməsinin, ayrılmasının bir ili tamam olur…Bir ildir ki, Elməddinsizəm…”.

Bu yerdə qeyd edim ki, bu, Şəhidimizin evini, anasını ikinci ziyarətim, ziyarətimiz idi…

Və ilk ziyarətimizdə olduğu kimi, bu ziyarətimizdə də övladını minbir əzab-əziyyətlərlə və təkbaşına böyütmüş, həyatın hər üzünü görmüş Şəhid anasına təsəlli üçün söz deməyə çətinlik çəkirdim, çəkirdik…

Axı, nə deyəsən, necə təsəlli verəsən-tək övladını itirmiş, zülm-zillətlə tikdirdiyi evində bir ildir tək-tənha yaşayan anaya?!…

Gözlərindən, çöhrəsindən dərd-kədər yağan acılı ana qarşısında sözlər də, kəlmələr də yenə acizdir, aciz idi…

Allah səbrini versin, övladının, Şəhidimizin məkanını cənnətlik etsin!

***

“Oğul Vətən üçündür…Hərbçi Vətən üçündür…Hərbçi Vətənini, torpağını qorumayıb, kim Vətəni qorumalıdır? Heç şübhəsiz ki, ilk növbədə hərbçi Vətənini qorumalıdır…Oğlum da hərbçi kimi Vətən yolunda Şəhid getdi və oğlumla da Fəxr edirəm…”-QARABAĞ ORDENLİ ŞƏHİD MEHMAN QƏMBƏROVUN ANASI MƏRYƏM XANIM

Elməddingildə də təxminən bir saat oluruq və sonra Qarağacı kəndinə, “Qarabağ” ordenli Şəhid polkovnik-leytenant Mehman Nəriman oğlu Qəmbərovun Nur üzlü valideynlərini-Məryəm ana və Nəriman atanı ziyarətə gedirik…

İki qardaş, bir bacı olan Mehmangil əslən Ağdamın Maqsudlu kəndindəndirlər…

1993-cü ildən, Ağdamın işğalından sonra Bərdəyə, Qarağacı kəndinə pənah gətiriblər…

Köçkün düşən vaxt 1981-ci il təvəllüdlü Mehman 5-ci sinifdə oxuyurmuş…

Və Vətən torpaqları, doğma Ağdamı işğalda olduğu üçün hərb sənətini seçibmiş…

Ali təhsilli, peşəkar hərbçi olan Mehman Qəmbərov zəhməti, xidmətləri ilə polkovnik-leytenant qədər rütbəsinə yüksəlib(miş)…

Vətən, Qarabağ eşqi ilə alışıb-yanan Mehman Qəmbərov İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb…

Qəhrəman hərbçimiz döyüşlərin 4-gü günündə, sentyabrın 30-da Füzuli istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb…

Nəşi isə bir gün sonra, oktyabr ayının 1-də Bərdə Şəhidlər Xiyabanında dəfn olunub…

İgidliyinə və Qəhrəmanlığına görə bir neçə medalla və “Qarabağ” ordeni ilə təltif olunub…

Şəhidimizin iki övladı Vətənə əmanət qalıb…

Şəhidimiz həm də uzun illər ailəsi birlikdə kirayələrdə yaşayıb…

Şəhidimizin ailəsi-həyat yoldaşı və iki övladı hazırda Bakı şəhərində olurlar…

Şəhidimizin Əsalətli, Dik duruşlu anası Məryəm xanımın dediklərindən:

“O vaxt oğluma dedim ki, müəllimlik oxu, qayıt gəl, Qarağacıda dərs de…Bu zaman Mehman güldü və dedi ki, ana, Vətəni, torpağı işğalda olan oğul hərbçi olmalıdır, mən hərbçi olacağam…Və dediyim kimi, hərbçi oldu, hərb sənətinə yiyələndi, ali təhsilli hərbçi kimi xalqına, Vətəninə qulluq etdi və Xalqı, Vətəni yolunda da 39 yaşında Şəhid oldu…Oğul Vətən üçündür…Hərbçi Vətən üçündür…Hərbçi Vətənini, torpağını qorumayıb, kim Vətəni qorumalıdır? Heç şübhəsiz ki, hərbçi Vətənini qorumalıdır…Oğlum da hərbçi kimi Vətən yolunda Şəhid getdi və oğlumla da Fəxr edirəm…Fəxr edirəm ki, Vətəni hər şeydən üstün tutan, onun yolunda canını fəda edən bir Şəhidin anasıyam…”.

Şəhidimizin atası Nəriman kişi də oğlu ilə Fəxr etdiyini, Qürur duyduğunu bildirir…

Şəhidimizin ailəsini ziyarətimiz haradasa 40 dəqiqə çəkir…

Və ziyarətimiz zamanı çox üzücü və təəssüfedici bir məbzərə ilə qarşılaşırıq…

Şəhidimizin valideynləri 28 ildir olduqca şəraitsiz bir evdə, ona da ev demək mümkümndürsə, daxmada, kümədə yaşayır…

Şəhidimiz özü də 17 yaşından bu “ev”dən hərb sənəti dalınca gedib və 39 yaşında yenə də bu “ev”ə dönüb…Ancaq bu dəfə özü yox, nəşi, tabutu…

Və çox təəssüflər olsun ki, Mehman Qəmbərovun Şəhidliyindən sonra da dəyişən heç nə yoxdur…

Yaşlı valideynləri yenə də daxmada, kümədə yaşamaqda davam edirlər…

Kimsə də onlarla, şəraitləri ilə maraqlanmır…

Amma Qürurlu və Məğrur Şəhid valideynləri yaşayışlarından, “ev”lərindən…narazılıq etmirlər…

Qeyd edirlər ki, bu evdən Mehman kimi bir oğul çıxıbsa, bu, elə hər şeyə bəs edər…

Ancaq bununla belə, inanmaq və ümid etmək istərdik ki, heç olmasa, Şəhidimizin bir ilinin tamamından sonra Şəhid valideynlərinin durumu nəzərə alınacaq və onlara illərlə yaşadıqları “ev”in yerində daha şəraitli, daha normal ev tikiləcək…

Bununla da həm Şəhidimizin ruhu sevindiriləcək, həm də yaşlı və Qürurlu valideynləri Haqq etdikləri evdə yaşayacaqlar!

Ümid də ən sonda ölür deyirlər…Allah ümidlərimizi ölməyə son qoymasın!

***

Qazi ailəsini ziyarət…

Mehman Qəmbərovun ailəsini ziyarətimizdın sonra Bərdəli Qazimiz Bəhruz və onun gözəl ailəsinə baş çəkməyə gedirik…

Və Bəhruz və ailəsi ilə də görüşümüz, ziyarətimiz təxminən bir saar çəkir…

Allah hələ də sıxıntlar, bir sıra problemlər içində olan Qazimizi və gözəl ailəsini qorusun!

***

Şəhidlər Xiyabanını ziyarət və…

Qazi ailəsini ziyarətdən sonra Bərdə Şəhidlər Xiyabanına üz tutur, Şəhidlərimizin-Turqutun, Elməddinin, Mehmanın, Səidin, Fəxrinin, Ceyhunun, Devranın, Xudayarın, Ərəstunun, Ziyanın və digər Vətən sevdalılarımızın məzarlarını bir-bir ziyarət edir, ruhlarına dualar oxuyur, məkanları cənnətlik olsun deyir, Allahdan ailələlərinə səbr, dözüm diləyirik…

Ziyarətdən sonra yenidən Mehparə xanımın qızıgilə gedirik və təxminən 20 dəqiqədən sonra, 22:30 radələrində Bərdə ziyarətimizi başa vurub, yenidən Goranboya üz tuturuq…

Allah bir daha Şəhidlərimizin məkanlarını cənnətlik etsin, bir daha ailələrinə səbr versin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

26.09.2021, Goranboy-Bərdə-Goranboy

Etikxeber.az

Read Previous

Ceyhun Bayramovla BMT Baş katibinin görüşündə nələr-MÜZAKİRƏ OLUNDU? – FOTO

Read Next

İlham Əliyev xalqa müraciət edəcək-SABAH SAAT 10:00-DA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir