Yeni qanun layihəsi mübahisələrə səbəb oldu…

Deputatlardan yeni qanun layihəsinə ciddi etirazlar gəldi

Milli Məclisin (MM) iclasında “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın xəbərinə görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məluumat verib.

Qeyd edib ki, layihənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsində aşağıdakı məsələlər nəzərdə tutula bilməz:1. Dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi;2. Əmək haqqının məbləği və onun ödənilməsi qaydası; 3. Cinayət və ya inzibati xətalar; 4. Ailə münasibətləri; 5. Ərazi quruluşu və inzibati ərazi bölgüsü; 6. Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi; 7. Seçki və referendum; 8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad; 9. Amnistiya; 10. Seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi. Bundan əlavə, sənədin 4-cü maddəsində qeyd edilib ki, layihəni MM-in müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradıla bilər.Bir təşəbbüs qrupunun fəaliyyəti dövründə yalnız bir layihəni Milli MM-in müzkirəsinə təqdim etmək təklifi ilə çıxış etməsi mümkündür. Təşəbbüs qrupunun yaradılmasının məqsədləri MM-in müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplaması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir.

“40 min vətəndaşa qanunvericilik təşəbbüsü ilə çıxış etməsi hüququ verilir. Parlamentdə çoxlu sayda partiyalar, deputatlar var. Seçicilər bu partiyalar, deputatlar vasitəsilə qanun layihələrini gündəmə gətirə bilər və seçicilərə bu qədər əziyyət verilməz”.

Bunu isə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev bildirib.

O, deyib ki, məqsəd layihəni ictimaiyyətə çatdırmaqdırsa, elə mətbuatda da həmin layihəni dərc etmək olar: “Bu qanun layihəsində vətəndaşların qanunvericilik təşəbbüsü ilə çıxış etməsi çətinləşdirilir. Qanun layihəsində təşəbbüs qrupu üzvlərinin sayının 300 nəfər olması, yalnız bir qanun təqdim edə bilməsi, Mərkəzi Seçki Komissiyasının 2 ay ərzində qərar verməsi əksini tapıb. Mərkəzi Seçki Komissiyası yalnız təşəbbüs qrupunu qeydə almalıdır. Layihə parlamentə gəlməli, parlament lazım bilsə, Mərkəzi Seçki Komissiyası ekspertiza keçirməlidir. Xırda detalları aradan qaldırsaq, bu qanun layihəsini normal sayıram”.

GANİRA-MM

Millət vəkili Qənirə Paşayeva nəzərə çatdırıb ki, 40 min vətəndaşın imzası toplanırsa, təşəbbüs qrupunun fəaliyyətinin məhdudlaşdırılması düzgün deyil: “Niyə təşəbbüs qrupu yalnız bir layihə təqdim edə bilər? Təşəbbüs qrupu effektiv fəaliyyət göstərirsə, fəaliyyəti niyə məhdudlaşdırılmalıdır? Məncə, bu məsələyə yenidən baxmaq lazımdır”.

elmira-2

Millət vəkili Elmira Axundova da qanun layihəsində nəzərdə tutulan məhdudiyyətlərin çoxluğundan narazılıq edib. Qeyd edib ki, bu qədər məhdudlaşdırmlara ehtiyac yoxdur.

Ə. Hüseynli öz növbəsində iradlara cavab verib: “Təşəbbüs qrupunun üzərinə layihə və ekspertiza ilə bağlı düşən bir sıra vəzifələr var. Bizə deyilirdi ki, təşəbbüs qrupu üzvlərinin sayının 300 nəfər olması çoxdur. 40 min imzanın toplanılması üçün 300 nəfərdən ibarət təşəbbüs qrupunun olması normaldır. Digər tərəfdən, elə bir layihə təqdim edilə bilər ki, ekspertizadan keçsin. Tutaq ki, mədəniyyətlə bağlı qanun layihəsi təqdim ediləndə maliyyə tutumu ilə bağlı ekspertiza keçirilə bilər. Nəzərə almaq lazımdır ki, xarici ölkələrdə də vətəndaşların təşəbbüsü ilə dövlət büdcəsi ilə bağlı layihələrin təqdim edilməsi nəzərdə tutulmur”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Bələdiyyələrə yeni səlahiyyət verilir – DƏYİŞİKLİK

Read Next

Lombardlarla qanun layihəsi müzakirələrdə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir