YENİ TAM ORTA MƏKTƏB VƏ KÖHNƏ MƏKTƏB ZƏNGİ – Rafael Hüseyn – Fotolar

Dərs ilinin başlanğıcı hər yerdə və həmişə bayramdır.

Bilikdən, kitabdan əbədi və həmişətəzə hansı bayram ola bilər ki!

Amma Kürdəmir rayonundakı Muğanlı kəndi üçün bu dərs ili ikiqat bayrama çevrilir.

Kənd sakinlərinin köhnə arzusu nəhayət ki, bu dərs ilindən gerçəkləşdi.

Kənd sakinləri, müəllimlər mənə müraciət etmişdilər, mən də Təhsil naziri Ceyhun Bayramova o xahişi çatdırdım.

Muğanlıda ümumi orta məktəbi bitirənlər çətin sınaq qarşısında qalırdılar.

Tam orta təhsil almaq istəyənlər ya gərək yayın qızmarında, qışın sazağında, payızın yağışlı-küləkli günlərində 5-10 kilometr məsafə qət eləyib qonşu Karrar, Xınıslı kəndlərinə gedəydilər, ya da 2 illiyə Kürdəmir şəhərində ev kirayələyib 10-11-ci sinifləri orda oxuyaydılar.

Təbii ki, az da olsa belə edənlər vardı. Nə qədər çətinliklə müşayiət edilsə də, oxumaq istəyən uzun yolun yorğunluğu və əziyyətinə də tab gətirməyə çalışırdı, imkansızlığa baxmayaraq ailələr boğazından kəsərək övladının təhsilini davam etdirməsi üçün rayon mərkəzində ev də tutmağa cəhd edirdi. Lakin Muğanlıda tam orta məktəbin olmamasının əsas fəsadlarından biri bu idi ki, 9-cu sinifdən sonra uşaqların əksəri təhsilini elə həmin çətinliklər ucbatından yarımçıq qoyurdu.

Sentyabrın 14-də Kürdəmir rayonunun icra başçısı Ceyhun Cəfərovla birgə Muğanlıya yollandıq.
Muğanlıları irəlicədən telefonla təbrik etmişdim. Ancaq istədik ki, dərs ilinin lap astanasında kənd camaatı və müəllimlərlə bir də əyani görüşək, başqa dərdi-sərləri ilə də maraqlanaq.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Muğanlı kənd tam orta məktəbinin kitabxanasına hədiyyəsi olan 200-ə yaxın müxtəlif kitab, muzeyin nəşr etdiyi və ayrı-ayrı klassiklərimizə həsr edilmiş əlvan plakatlar da aparmışdıq.

…Növbəti həftənin ilk günündən hər səhər bu məktəbin həyəti şagirdlə qaynayacaq, təhsil ocağı həmişəki səsli-küylü həyatını başlayacaq.

Hələliksə, həmsöhbətlərimiz məktəbin pedaqoji kollektivi, bir də kənd sakinləri idi.
Elə məktəbin həyətində neçə nəsil şagirdi illərcə qarşılayıb yola salmış qocaman ağacların kölgəsində əyləşib fikir bölüşürdük.

Gözüm ağaclardan birindən asılmış köhnə məktəb zənginə sataşdı.

İndi Azərbaycan boyu əksər məktəblər müasir gözəl binalarda yerləşir, bir çox köhnə məktəbər də əsaslı təmir edilib.Ona görə də hər dərs başlayıb 45-ci dəqiqə bitəndə kiminsə bir daş, ya dəmir parçasını vuraraq səsləndirdiyi bu cür zənglər artıq təxminən muzey eksponatı kimi əntiq əşyadır.

kudamir-1

Bəlkə heç indiki məktəblilərin bir çoxu heç belə zəngləri görməyib.160 şagirdli Muğanlı məktəbisə, 1964-cü ildə tikilib. O qədər əldən düşüb ki, qoca da sayıla bilər.Keçmişin yadigarı olan bu köhnə zəng kimi dərs otaqları da çox nimdaşlaşıb, xeyli dərəcədə sıradan çıxıb.

Muğanlı kəndinin bir müşkülünün həllinə nail olduq. Kənd sevinc içərisindədir ki, artıq onların da özlərinin tam orta məktəbi var.

Qalır arzunun ikinci hissəsi. Bu kəndə tam orta məktəbə layiq yaxşı bir məktəb binası gərəkdir.

Təhsil naziri Ceyhun Bayramov sentyabrın 14-də kənd camaatının, valideynlərin, müəllimlərin çoxdankı arzusunun həyata keçməsində göstərdiyi diqqətə görə ona necə minnətdar olduqlarını, bu razılıqlarını ən səmimi sözlərlə necə hərarətli ifadə etdiklərini eşitsəydi, zənnimcə, elə ilhamlanardı ki, başlanğıc üçün indiki köhnə binaya yaxşıca əl gəzdiriləməsi, ardınca da təzə məktəb binasınınu da tikilməsi səmtində lazım olan addımları atılmasından ötrü ləngimədən tədbirlər görməyə çalışardı.

kurdamir-1

İnanıram ki, işgüzar, bütövlükdə təhsilimizin qalxmasına, xüsusilə də kənd məktəbləri şəbəkəsinin inkişafı üçün xüsusi qayğısı ilə seçilən nazir Ceyhun Bayramov muğanlıları çox keçmədən yenidən sevindirəcək.

Və ağacdan asılı, köhnə məktəb binası ilə yaşıd, artıq ömrünü başa vuran çuğun zəng ilk dəfə olaraq şagirdləri və müəllimləri növbəti dərsə dəvət etməkçün deyil, bütün kəndə doğma olan bu həyətdə inşa edilmiş yeni, işıqlı, geniş, göyçək tam orta məktəb binasının açılışı anlarında əski binanın xeyir-duası kimi səslənəcək!..

Rafael HÜSEYNOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Qarabağ”ın rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib – NƏTİCƏLƏR

Read Next

Beş qol və üç qırmızı vərəqə… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir