“Yeni və müasir çağrışlara cavab verən prioritetləri həyata keçirə bilərik” – KOMİTƏ SƏDRİ

“Mən öz çıxışıma noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının  söylədiyi nitqindən bir  məqamı nəzərinizə çatdırmaqla başlamaq istəyirəm. Hörmətli Prezidentimiz qeyd etdi ki, 1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq. Azərbaycanda bugünkü sürətli inkişafın da təməli o illərdə qoyulmuşdur. Sonrakı 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilib. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb”.

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələrində professor, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

O, bildirib ki, bu fikirlər reallığı tam əks etdirir və müzakirə etdiyimiz büdcə layihəsi də bunu bir daha sübut edir. Gələn ilin büdcə  gəlirləri və xərclərinin 20 milyard manatdan çox olması onu göstərir ki, müstəqilliyinin son 25 ili ərzində Azərbaycanda mövcud iqtidarın həyata keçirdiyi iqtisadi siyasət çox düzgün siyasət olmaqla onun əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarını təmin etmək, ölkəmizin iqtisadi qüdrətini  daim artırmaq  və  beynəlxalq aləmdə Azərbaycanı müstəqil siyasət yeridən böyük nüfuza malik  bir ölkə kimi tanıtmaqdır. Bu məqsədlə ölkəmizdə dünya iqtisadiyyatı və siyasətində baş verən dəyişikliklərə və çağırışlara uyğun olaraq əsaslı işlər görülür:

“Regionların sosial-iqtisadi inkişafına dair üçüncü proqramın(2014-2018) uğurla icra olunması, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” imzaladığı    Fərman, həmçinin müxtəlif məsələlərə dair qəbul edilmiş Proqramlar yaxın vaxtlarda ölkə iqtisadiyyatında ixracın həcminin çoxalması,  idxalı əvəz edən məhsulların istehsalının və  rəqabət qabiliyyətinin artırılması, məşğulluq səviyyəsinin yüksəlməsi, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi, innovasiyaların tətbiqi kimi prioritet vəzifələrin həyata keçirilməsini təmin edəcəkdir. Bütün bu məsələlərin həllində əsas yük dövlətin üzərinə düşür və hər il dövlət büdcəsindən  göstərilən məqsəd üçün vəsait ayrılır.

Qeyri-neft sektorunun prioritet isiqamətlərindən biri olan  aqrar sahədə də intensivləşməni genişləndirmək, məhsuldarlığı artırmaq üçün regionlarda aqroparklar və iri təsərrüfatlar yaradılır.

2018-ci ilin büdcə layihəsində kənd təsərrüfatı tədbirlərinə 617 milyon manat büdcə vəsaitinin ayrılması nəzərdə tutulur ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 30 faiz çoxdur. Həmkarlarımın yadında olar,  əvvəlki illərdə biz kənd təsərrüfatına 450-500 milyon manat vəsait ayrılmasını arzu edirdik. Gələn il bu artıq reallığa çevrilir. Necə deyərlər hər şeyin öz vaxtı var. Əgər bir neçə il bundan qabaq həmin vəsait ayrılmış olsa da belə,  biz bu vəsaiti səmərəli xərcliyə bilməzdik. Çünki, indi aqroparkların yaradılması, iri fermer təsərrüfatlarının  təşkili, çoxsaylı emal müəssisələrinin tikintisi, bəzi məhsulların son istehlak malına kimi emalı və digər məsələlərin həlli üçün hazırlıq xarakterli  çox işlər görmək lazım idi. Bu işlər artıq yerinə yetirilib və indi biz yeni və müasir çağrışlara cavab verən prioritetləri həyata keçirə bilərik.

Bu məqsədlə aqrar sahədə islahatların aparılmasına bu il büdcə vəsaiti nəzərdə tutulmadığı halda   gələn il 80 milyon manat  vəsait ayrılacaqdır. Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 249 milyon manat  büdcə vəsaiti ayrılması nəzərdə tutulur ki,  bu da   cari ilin gözlənilən icrasına nisbətən 25 faiz çoxdur. Eyni zamanda Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətlərinə, habelə kənd təsərrüfatında elmi xərclərə ayrılan büdcə vəsaitləri xeyli artırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə büdcə vəsaitləri hökumətin çox düzgün müəyyən etdiyi prioritet istiqamətlərə xərclənir”.

eldar-2

Komitə sədri xatırladıb ki, keçən il “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun qəbul edildi və ölkə Prezidenti “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında bu il  Sərəncam imzaladı:

“Bununla əlaqədar Yaxşı olardı ki, dövlət büdcəsində bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün müvafiq orqanlara vəsait ayrılması nəzərdə tutulsun. Belə halda bu istqamətdə konkret nəticə əldə etmək olar.

meclissssss

Naxçıvan şəhərindən seçilən deputat kimi Muxtar Respublikanın  blokadada olmasını nəzərə alaraq onun büdcəsinin formalaşmasına diqqətlə yanaşdıqlarına görə hötrmətli  nazirimiz  Samir Şərifova və büdcənin tərtibində iştirakı olan hər bir kəsə minnətdarlığımı bildirirəm. Naxçıvanın büdcəsinin gələn il bu ilə nisbətən 4,8 milyon manat artırılması nəzərdə tutulur ki, bununda 1,8 milyon manatı yerli gəlirlər, 3 milyon manatı isə dotasiya hesabına təmin ediləcəkdir. Xahişim ondan ibarətdir ki, Muxtar Respublikanın vəziyyəti nəzərə alınaraq dotasiyanın həcminin  bir qədər artırılmasına yenidən baxılsın.

Məlumdur ki, büdcə gəlirlərinin formalaşması əsasən Vergilər nazirliyi və Gömrük komitəsinin fəaliyyəti ilə əlaqədardır. Ümid edirik ki, həmişə olduğu kimi gələn ildə də onların əməkdaşlarının əzmkarlığı sayəsində üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklər.

Hesab edirəm ki, təqdim edilmiş qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun tərtib edilmiş və ölkəmizin sosial-iqtisadi inkişafına yönəlmişdir…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

 

 

Read Previous

“17 nəfərin işsiz saxlamasına nə ehtiyac var?” – AZƏR BADAMOV

Read Next

“Bu məsələni çox gözləməyə qoymaq olmaz…” – BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir