“Yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var”-İLHAM ƏLİYEV QƏBƏLƏDƏN BƏYAN ETDİ – FOTOLAR – YENİLƏNİB – (11)

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşıladı.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdirdilər.

***

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

***

Gürcüstan və Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir. Biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı bildirib:

“Bütün müzakirə olunan məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq. Bu gün bir çox önəmli məsələlər müzakirə edilmişdir və əldə olunmuş razılaşmalar əsasında biz gələcək fəaliyyətimizi də quracağıq”.

***

Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında söyləyib.

Bu rolun getdikcə artdığını vurğulayan dövlətimizin başçısı deyib:

“Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir. İldən-ilə Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən-ilə artır”.

***

Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, biz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəql olunmasını təmin etməliyik və əminəm ki, biz bu rəqəmə çatacağıq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

“İndiki geosiyasi vəziyyəti nəzərə alaraq, əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri bütün ölkələr üçün ön plana çıxır. Uzun illər Azərbaycanın şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Mənə dünən verilən məlumata görə, SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkmişdir və beləliklə, 830 mindən çox abonentə təbii qazı təmin edir”, – deyə Azərbaycan Prezidenti bildirib.

***

Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik. Daha doğrusu, bu iş artıq başlamışdır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın önəmli Sazişə imza atdıqlarını və bu ilin fevralında Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclasının keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib:

“Bu, genişmiqyaslı layihədir və əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi hər dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır. Eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak etmişdir”.

***

Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

“Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərir. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımaların həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etdiyini və hələ səfərlər edəcəyini vurğulayan Prezident İlham Əliyev bildirib:

“Yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər atılmalıdır. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və olunacaq”.

***

Gürcüstan-Azərbaycan əlaqələri bir çox sahələri – müdafiə sənayesi, təhsil, mədəniyyət, turizm, texnologiyalar, kənd təsərrüfatı sahələrini əhatə edir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında bildirib.

“Əlbəttə ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılır. Əminəm ki, cənab Baş nazirin bugünkü səfəri bizim əlaqələrimizə yeni təkan verəcəkdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

***

Bizim dostluğumuzun uzunəsrlik tarixi var. Azərbaycan bizim təkcə qonşumuz və dostumuz deyil, həm də mühüm strateji tərəfdaşımızdır.

Bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib.

Baş nazir qeyd edib:

“Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələr həyata keçirmişik. Həmin layihələr xalqlarımızı, ölkələrimiz daha sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illər boyu da belə olacaq”.

16:26

***

Gürcüstan etibarlı tranzit ölkəsi, tranzit tərəfdaşıdır. Prezident İlham Əliyev qeyd etdiyi kimi, biz bu fəaliyyətimizi davam edirik, biz dincəlmirik.

Bu barədə də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.

“Biz Qara dənizin dibi ilə elektrik kabeli aparacağıq, Orta Dəhliz layihəsini inkişaf etdiririk”, – deyən Gürcüstanın Baş naziri deyib ki, yaşıl enerjini Avropaya nəql etmək üçün ölkələrimizin nəhəng potensialı var. Hər iki ölkə bu sahəyə daha çox sərmayə qoyacaq.

***

Orta Dəhliz layihəsi üzərində birgə, koordinasiyalı şəkildə çalışırıq.

Bunu da Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.

Baş nazir deyib:

“Məqsədimiz yaxın gələcəkdə bütün maneələri aradan qaldırmaq, infrastrukturu birgə inkişaf etdirməkdir”. İ.Qaribaşvili qeyd edib ki, Gürcüstanda yeni liman inşa edilir. Bir ildən sonra Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətini genişlənmiş şəkildə həyata keçirəcək. Biz bununla Orta dəhliz vasitəsilə daha çox yük cəlb edə biləcəyik.

16:48

***

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşıladı.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdirdilər.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin olduğu qeyd edildi.

Prezident İlham Əliyev keçən ilin oktyabrında Gürcüstana səfərini məmnunluqla xatırladı və səfər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Gürcüstanın Baş nazirinin bu səfəri zamanı aparılacaq müzakirələrin önəmini vurğuladı. Azərbaycan Prezidenti bu səfərlər çərçivəsində görüşlərin məhz regionlarda keçirilməsinin çox önəmli və vacib bir ənənə olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi enerji, infrastruktur layihələrinin əhəmiyyəti vurğulandı. Bu xüsusda ölkələrimizin birlikdə reallaşdırdıqları enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığı və bu enerji resurslarına tələbatın artdığı qeyd olundu. Həmçinin yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmi vurğulandı və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi vurğulandı. Azərbaycanın və Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu xüsusda birgə səylərin göstərilməsinin vacibliyi qeyd olundu.

Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığı və bu istiqamətdə əlavə tədbirlərin görüldüyü bildirildi, Azərbaycanın SOCAR şirkətinin Gürcüstanda uğurlu fəaliyyəti xüsusi vurğulandı.

Söhbət zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti, həmçinin Qara dənizin dibi ilə kabelin çəkilməsinin, bu xüsusda Azərbaycanın və Gürcüstanın digər tərəfdaşlarla işbirliyinin önəmi qeyd edildi.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Gürcüstanın Baş naziri bu il Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğunu vurğuladı, Ümummilli Liderin əziz xatirəsinin gürcü xalqı tərəfindən də böyük hörmət və ehtiramla anıldığını bildirərək, Ulu Öndərin Gürcüstanın və gürcü xalqının böyük dostu olduğunu qeyd etdi.

***

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Altı ay bundan əvvəl biz Gürcüstanda Sizin qonağınız idik və bu gün Siz Azərbaycandasınız. Mən Gürcüstanda olarkən Mçxeta rayonunda olmuşdum. Bu gün Siz Qəbələ rayonundasınız. Hesab edirəm ki, bu, çox yaxşı bir ənənədir. Çünki beləliklə, biz həm Gürcüstanın, həm də Azərbaycanın maraqlı tarixi yerləri ilə tanış oluruq və bu, bizim dostluğumuzu daha da gücləndirir.

Gürcüstan ilə Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir, biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Müzakirə olunan bütün məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq.

Bu gün bir çox önəmli məsələlər müzakirə olunmuşdur və biz gələcək fəaliyyətimizi də əldə edilmiş razılaşmalar əsasında quracağıq.

Təbii ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır. Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir. Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı ildən-ilə artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən-ilə artır.

Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, biz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəqlini təmin etməliyik və əminəm ki, biz bu rəqəmə çatacağıq.

İndiki geosiyasi vəziyyəti nəzərə alaraq, əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri bütün ölkələr üçün ön plana çıxır. Uzun illərdir ki, Azərbaycan şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Dünən mənə verilən məlumata görə, SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkmişdir və beləliklə, 830 mindən çox abonenti təbii qazla təmin edir.

Biz gələcəkdə energetika sahəsində əməkdaşlığın yeni istiqamətləri üzrə fəal işləyəcəyik, daha doğrusu, bu iş artıq başlamışdır. Keçən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya önəmli Sazişə imza atmışlar. Bu ilin fevral ayında isə Bakıda yaşıl enerji layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Bu, genişmiqyaslı layihədir. Əlbəttə ki, bu layihənin uğurla həyata keçirilməsi həm dörd ölkənin birgə fəaliyyəti hesabına mümkün olacaqdır, eyni zamanda, bildiyiniz kimi, Avropa İttifaqı da bu layihəyə çox böyük önəm verir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti imzalanma mərasimində də iştirak etmişdir.

Təbii ki, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla gedir, plan üzrə gedir. Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan və Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacaqdır.

Mən keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etmişəm və bu il hələ edəcəyəm. Beləliklə, yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər göstərilməlidir. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq.

Bu, əsas fəaliyyət istiqamətləri idi. Amma təbii ki, Gürcüstan-Azərbaycan əlaqələri sadaladığım sahələrlə məhdudlaşmır. Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir – müdafiə sənayesi, təhsil, mədəniyyət, turizm, texnologiyalar, kənd təsərrüfatı. Əlbəttə ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılır.

Əminəm ki, cənab Baş nazirin bugünkü səfəri bizim əlaqələrimizə yeni təkan verəcəkdir.

Hörmətli Baş nazir, bir daha xoş gəlmisiniz.

X X X

Sonra Gürcüstanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir İrakli Qaribaşvilinin bəyanatı

-Cənab Prezident, əziz dostum, mən Sizi salamlayıram.

Hörmətli İlham müəllim, mən bu gün ölkənizin bu füsunkar bölgəsində olmaqdan böyük şərəf duyuram. Mənim dostum Azərbaycan Prezidenti cənab İlham Əliyevə bizə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm.

Siz düz qeyd etdiniz ki, bir neçə ay öncə Gürcüstanda səfərdə oldunuz. Bu, artıq yeni bir ənənədir ki, biz yalnız paytaxtlara deyil, həm də bölgələrə səfər edirik. Bu, çox gözəl təşəbbüsdür və bu gün də bizim burada olmağımız bunun sübutudur.

Bir daha onu qeyd etmək istərdim ki, Azərbaycanla, Azərbaycan xalqı ilə bu sıx dostluq və qardaşlıq münasibətləri olduqca önəmlidir. Bizim dostluğumuzun çox qədim tarixi var və Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır. Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik və o layihələr bizim xalqları, ölkələri daha da sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illərdə də bu, belə olacaqdır. Biz dəfələrlə bu mühüm layihələri qeyd etmişik.

Məlumdur ki, Gürcüstan da etibarlı tranzit ölkəsi, tranzit tərəfdaşıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, biz bu fəaliyyətimizi davam etdiririk və dayanmırıq. Bildiyiniz kimi, biz Qara dənizin dibi ilə elektrik kabeli aparacağıq, Orta Dəhliz məsələsini inkişaf etdiririk. Yaşıl enerjini Avropaya nəql etmək üçün bizim nəhəng potensialımız mövcuddur, bunun çox böyük perspektivləri var. Bu, bir gələcəkdir. Hər iki ölkə bu sahəyə daha çox sərmayə qoyacaq. Biz bunu da müzakirə etdik.

Bundan əlavə, əlbəttə ki, biz regiondakı vəziyyəti müzakirə etdik. Hazırda Ukraynadakı vəziyyət müzakirə edildi, burada risklər, çağırışlar mövcuddur. Elə çağırışlar ki, onlar İkinci Dünya müharibəsindən sonra mövcud deyildi. Bizim başlıca amalımız sülh və sabitliyin təmin edilməsidir. Çünki bunlar olmasa, heç bir inkişaf və firavanlıqdan söhbət gedə bilməz.

Biz yeni iş yerləri açmalıyıq və xalqlarımızın firavanlığını təmin etməliyik. Biz bu sahədə eyni baxışa malikik. Ölkələrimiz arasında münasibətlərin daha sıx olmasını arzulayırıq.

Onu da əlavə etmək istəyirəm ki, biz Orta Dəhliz layihəsi üzrə birgə koordinasiyalı şəkildə çalışırıq. Bizim məqsədimiz də yaxın gələcəkdə bütün maneələri aradan qaldıraraq, infrastrukturu – dəniz limanlarımızı, dəmir yollarımızı birgə inkişaf etdirməkdir. Bildiyiniz kimi, biz Gürcüstanda yeni limanın inşası üzərində çalışırıq. Bir ildən sonra biz dəmir yolunun genişləndirilməsi layihəsini həyata keçirəcəyik, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti genişləndiriləcək və biz Orta Dəhliz vasitəsilə daha çox yüklər cəlb edə biləcəyik.

Bunu bir daha qeyd etmək istərdim ki, bizim əsas məqsədimiz regionda sülhü və sabitliyi təmin etməkdir. Regionda daha çox layihələr həyata keçirməliyik və biz işimizi gözəl qardaşlıq mühitində irəli aparacağıq.

Cənab Prezident, bir daha Sizə hədsiz minnətdarlığımı bildirirəm. Bu il ölkənizdə Siz dahi atanız Heydər Əliyevin 100 illiyini qeyd edirsiniz. Siz bizim dostumuzsunuz və Heydər Əliyev də Gürcüstanın böyük dostu olub.

Sizə və Azərbaycan xalqına sülh və sabitlik arzu edirəm. Təşəkkür edirəm diqqətinizə görə.

Etikxeber.az

Read Previous

“Biz Vətəni qoruyarkən ölmürük, Şəhid, ölümsüz və ya Qazi, şahid oluruq. Siz Vətəni satmağa cəhd, dövlətə xəyanət edən zaman nəyinizi, kimlərinizi satırsınız?”-QAZİ ZAMİQ MƏNSİMLİ YAZDI

Read Next

Daha 95 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir