“Yenilənmiş SSRİ…”, ilk prezident seçkiləri, 30 avqust Müstəqillik Bəyannaməsi… – SONUNCU ÇAĞIRIŞ ALİ SOVETİN ÜZVLƏRİ HARADADIR? – DÖRDÜNCÜ YAZI

1991-ci ilin 17 mart referendumu ilə bağlı iclasından sonra keçmiş-sonuncu çağırış Ali Sovetin mart-avqust aylarlnda cəmi bir neçə iclası keçirildi.

Həmin iclaslardan birində keçmiş-ilk və sonuncu SSRİ prezidenti Mixail Qorbaçovun təşəbbüsü ilə hazırlanmış “Yenilənmiş SSRİ-nin yeni Konstitusiya” layihəsi ilə bağlı müzakirələr aparıldı.

“Demokratik” Blokdan olan deputatlar buna da öz sərt etirazlarını bildirdilər, Azərbaycanın müstəqilliyinin (həmin vaxt Baltikyanı ölkələr öz müstəqilliklərini elan etmişdilər-tanınmasalar da) elan edilməsinin vacibliyini vurğuladılar.

“Komblok”dan olanların əksəriyyəti isə yenə SSRİ-də qalmağın daha uyğun variant olduğunu bəyan etdilər.

Həmçinin, Azərbaycanda ilk dəfə seçki yolu ilə prezidentin seçilməsi-prezident seçkilərinin keçirilməsi ilə bağlı qanunvericliyə bəzi dəyişikliklər olundu.

Qeyd edək ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) birinci katibi olan Ayaz Mütəllibov 1990-ci ilin yazında-11 çağırış Ali Sovetin son dövründə deputatlar tərəfindən (formal da olsa) prezident seçilmişdi.

Prezident seçkilərinin sentyabrın 30-da keçirilməsi qərara alındı.

O zaman AXC seçkiləri boykot qərarı verdi, bu qərarını da Azərbaycanda, Bakı şəhərində fövqəladə vəziyyət rejiminin hökm sürməsi ilə əlaqələndirdi.

Ancaq həmin vaxt qrup kimi fəaliyyət göstərən və Mütəllibova simpatiyası ilə seçilən Sosial-Demokrat Qrupu seçkilərdə iştirak qərarı verdi və Zərdüşt Əlizadənin namizədliyi irəli sürüldü.

Seçkilərdə Ayaz Mütəllibov Zərdüşt Əlizadə prezidentliyə namizəd kimi iştirak etdilər.

1991-ci ilin 21-23 avqust tarixli məlum “QKÇP” hadisələrindən sonra artıq SSRİ-nin süqutu qaçılmaz oldu.

Avqustun 23-də AXC üzvləri təşkilatın qərargahı qarşısında mintinq keçirməyə cəhd göstərdilər və bu cəhdin qarşısı hüquq-mühafizə orqanlarının və Ağa Axundovun qoçu dəstəsi sayılan “Qardaşlıq” Cəmiyyətinin üzvlərinin əli ilə zorakı şəkildə alındı.

Xeyli sayda insan, AXC fəalları yaralandı, xəsarət aldı.

Xəsarət alanlar arasında AXC sədri-mərhum Əbülfəz Elçibəy, millət vəkili Sabir Rüstəmxanlı və digərləri var idi.

Bakıda vəziyyətin gərginləşdiyini, etirazların yeni dalğasının başlayacağını hiss edən Mütəllibov hakimiyyəti avqustun 29-30-u tarixlərində Ali Sovetin növbədənkənar sessiyasının çağırılmasına razılıq verdi.

İkigünlük gərgin müzakirələrdən sonra-avqustun 30-da Azərbaycanın Müstəqillik Bəyannaməsi qəbul olundu.

Beləliklə, 71 ildən sonra, 30 avqust 1991-ci il tarixində Azərbaycan İkinci Müstəqilliyinə qovuşdu.

Qeyd edək ki, 360 deputatdan yenə də bəziləri SSRİ-nin süqutuna inanmayaraq, Müstəqillik Bəyannaməsinin əleyhinə səs verdilər.

Amma deputaların böyük əksəriyyəti Bəyannaməyə imza atdılar.

1991-ci ilin 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tarixi sessiyası keçirildi.

“Mütəllibovçu” Əkbər Əliyev Məclisin sədrliyindən uzaqlaşdırıldı və eks-prezident mərhum Heydər Əliyev  yekdilliklə Ali Məclisin sədri seçildi.

Və bu vəzifəsini 1993-ci ilin iyunun 15-nə qədər davam etdirdi.

Alo Sovetin iki ay (fasilələrlə) davam edən və canlı yayımla translyasiya edilən bir neçə iclaslıq gərgin müzakirələrdən sonra isə sabiq deputatlar-fizik Tofiq Qasımov  və tarix elmləri doktoru Hacıbaba Əzimovun yaxından iştirakı, müəllifliyi ilə hazırlanan  Müstəqillik haqqında Konstitusiya Aktı qəbul olundu.

naxheyd

tofiqq

hacibabaaaaaa

ayaz

sabirrrrrrrr

faiqq

tofiq-3

hacıbaba azimov

hacıbaba azimov-1

Bu tarixi gün və tarixi hadisə 1991-ci ilin 18 oktyabrında baş verdi.

Bir neçə gündən sonra həmin Akt Mütəllibov tərəfindən təsdiqləndi və hüquqi qüvvəsinə mindi.

Bundan sonra Azərbaycanın müstəqilliyinin tanınması mərhələsinə qədəm qoyuldu.

Millət vəkilləri qruplara bölünərək, müxtəlif ölkələrə danışıqlara göndərildilər.

Azərbaycanın müstəqilliyini tanıyan ilk üç ölkə isə bunlar oldu: Türkiyə, Pakistan və Rumıniya.

Qonşu Rusiya və İran Azərbaycanın müstəqilliyini ən gec tanıyan ölkələrdən oldu.

Həmçinin, sentyabrın 30-da keçirilən seçkilərdə Mütəllibov Azərbaycanın prezidenti seçildi.

Mütəllibov müxalifətlə-AXC ilə münasibətləri yumşaltmaq üçün bir sıra addımlar atdı.

Millət vəkili, AXC İdarə Heyətinin üzvü Sabir Rüstəmxanlı nazir vəzifəsi sayılan Dövlət Mətbuat Komitəsinin (sonradan Mətbuat və İnformasiya Nazirliyi adlandırldı) sədri vəzifəsinə, əslən ağdaşlı olan, ancaq Mingəçevirdə yaşayan və oradan millət vəkili seçilən cəbhəçi Faiq Baxşəliyev  isə Mingəçevirin icra başçısı təyin edildi…

Növbəti araşdırmalarımızı təqdim edəcəyik.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Çempionlar Liqası: 6 cütdə mərhələ keçən komandalar – “QARABAĞ” İSƏ BU GÜN OYNAYACAQ

Read Next

Səkidə baş vermiş hadisə və xəsarət alanlarla bağlı yeni açıqlama yayıldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir