Yeniyetmə və gənc karateçilərimiz Xorvatiya Qran-prisində mükafatlar uğrunda yarışacaq

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız Xorvatiyada beynəlxalq turnirə yollanıb.

Azərbaycan Milli Karate Federasiyasından Etikxeber.az-a bildiriblər ki, Samobor şəhərində XXVI Xorvatiya Qran-prisində 27 idmançımız mübarizəyə qoşulacaq. Yanvarın 14-15-də təşkil ediləcək nüfuzlu yarış fevralda təşkil olunacaq növbəti Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Yeniyetmələr (13-15 yaş) və gənclərdən ibarət (16-17 yaş) komandanın böyük məşqçisi Anar Allahverdiyev turnirdə 16 idmançını sınaqdan keçirməyi qərara alıb.

Yeniyetmələrdə Tale Yaqubov (52 kq), Rəşid Həqiqətli (57 kq), Tural Yaqubov (63 kq), Fərid Şahbazlı (70 kq), Mədinə Sadıqova (47 kq) və Ayla Rzazadə (54 kq), 16-17 yaşlı gənclərdə isə Həsən Əliyev (55 kq), Hümmət Baxşəliyev (61 kq), Ruslan Əhmədov (68 kq), Murad Balakişiyev (76 kq), Murad Hacızadə (76 kq-dan yuxarı), Fidan Teymurova (48 kq), İnci Əzizova (53 kq) və Bəsti İsmayılova (58 kq-dan yuxarı) tatamiyə çıxacaq.

Gənclərin (18-20 yaş) böyük məşqçisi Şahin Xudaverdiyev isə Ülvi Qurbanov, Elcan Məmmədrzayev (hər ikisi 60 kq), Mirtaleh Əliyev (67 kq), Vüsal Kamallı (75 kq), Elman Babayev (84 kq), Asiya Məlikova (50 kq), Aytac Əliyeva (55 kq) və Fəridə Əliyevaya (68 kq-dan yuxarı) etimad göstərib.

Kata yarışlarında milli komandanın böyük məşqçisi Vahid Ayvazov Ceyhun İsmayılov, Emiliya Mitilimovanı 14-15, İbrahim Ağəlini 16-17, Həsən Rüstəmovu 18-20 yaşlılar arasında, eləcə də Sahib Əhədovu yuxarı yaşlı fiziki qüsurlu idmançıların mübarizəsində yoxlayacaq.

Beynəlxalq hakim Vüqar Kərimovdan başqa, milli dərəcəli hakim Cavid Rəfiyev də təcrübəsini artırmaq üçün yarışı idarə edənlər arasında olacaq. Karateçilərimiz ənənəvi Xorvatiya Qran-prisindən Bakıya yanvarın 16-da qayıdacaqlar.

Etikxeber.az

Read Previous

“3 komanda arasında olmaq çox çətindi” – AFFA

Read Next

Müttəhim özünə ən ağır cəza verilməsini istədi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir