“Yer seçimlərinə və məclis üslublarına əsasən onlardan bəzilərinin müəyyən maraqlara xidmət etdiklərini deyə bilərik…”-MÜBARİZ QURBANLI – MÜSAHİBƏ

Mübariz QURBANL: “İslam dini və onun ali dəyərlərindən siyasi məqsədlərlə istifadə edilməsi qəbuledilməzdir”

Etikxeber.az-ın suallarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı cavablandırır:

-Mübariz müəllim, Sizinlə olan sonuncu müsahibəmizdən təxminən bir ildən bir qədər artıq vaxt keçir. Ötən bu müddət ərzində ölkədəki dini durumu necə dəyərləndirərdiniz, dini durumu tam qənaətbaxş hesab etmək olarmı? Xüsusilə son 6-7 aylıq pandemiya dövründə dini durumla bağlı məsələdə hansısa bir dəyişiklik, ölkənin din siyasətinə kənardan və ya daxildən hansısa açıq və gizli təhdidlər varmı?

-Dini sfera cəmiyyətin dinamik proseslərinin yaşandığı sahələrdəndir.

Bu sahə yalnız daxilində baş verən hadisələrin deyil, eyni zamanda sosial, siyasi və iqtisadi proseslərin təsirinə məruz qalır. Son bir ildə dünyada, o cümlədən də bizə yaxın coğrafiyada bir sıra mühüm hadisələr baş verdi ki, onların Azərbaycanın dini mühitinə də müəyyən təsirləri oldu. Bildiyiniz kimi, bu gün COVİD-19 pandemiyası qlobal bəla kimi dünya əhalisinin sağlamlığına təhdid yaratmaqla yanaşı, həm də  bir sıra sahələrə, o cümlədən dini sahəyə də təsir edib. Bütün dünyanı cənginə alan öldürücü virus təəssüflər olsun ki, ölkəmizdən də yan keçmədi. Pandemiya ilə əlaqədar ilk gündən Prezident cənab İlham Əliyevin təşəbbüsü və  tədbirlərin, eyni zamanda, prosesin gedişatında qəbul edilən qərarların mərkəzində Azərbaycan vətəndaşının sağlamlığı və təhlükəsizliyi kimi ali məqsədin dayandığının şahidi olduq.

Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus pandemiyasının ölkədə yayılması ilə bağlı Azərbaycan xalqına çağırışları, məhz onun təşəbbüsü ilə xalq arasında xeyirxahlıq və ümid fondu kimi tanınan Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər xüsusilə qeyd edilməlidir. Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli qərarı ilə yas mərasimləri, 17 mart 2020-ci il tarixli qərarı ilə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi, 30 mart 2020-ci il tarixli qərarı ilə isə dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri qadağan olundu. Lakin vurğulamalıyıq ki, ölkəmizdəki dini icmalar və ruhanilər sözügedən qərarlardan öncə məsələyə münasibət bildirmişdi. Belə ki, cari ilin mart ayının 5-i və 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dini konfessiya rəhbərlərinin, İdarənin bölgə qazıları və səlahiyyətli nümayəndələrinin iştirakı ilə iclaslar keçirilərək din xadimlərinə yas mərasimləri və ehsan süfrələrində iştirak etməməklə bağlı tövsiyələr verilib, ibadət evlərinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bəyanat qəbul edilib.

Ötən müddətdə Ramazan ayı mərasimləri, Qurban bayramı, Pasxa, Pesax və digər əlamətdar günlər ibadət evlərində keçirilmədi. Lakin nəzərinizə çatdırmalıyam ki, bu hal yalnız Azərbaycanda baş vermədi. Hətta, hər bir mömin üçün vacib əməllərdən sayılan Həcc ziyarəti çox məhdud çərçivədə, yalnız Səudiyyə Ərəbistanında olan azsaylı müsəlmanlar tərəfindən yerinə yetirildi, dünya müsəlmanlarının Kəbə evini ziyarət etmələrinə icazə verilmədi. Pasxa günündə Vatikanın Müqəddəs Pyotr meydanına zəvvarların ziyarəti qadağan olundu. Eyni zamanda, digər müsəlman ölkələrində yerləşən, azərbaycanlı zəvvarların da ziyarət etdiyi müqəddəs məkanların fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq edildi.

Mövcud şəraitdə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycanda bütün dini ibadətgahlarda dini ayinlərin icrasının dayandırılması, yas mərasimlərinə qoyulan qadağalar barədə dini maarifləndirmə işlərinin aparılmasına xüsusi diqqət yetirilib. Komitə rəhbərliyi və əməkdaşlarının cəmiyyətimizin maddi və mənəvi cəhətdən səfərbər olunması, insanları mənəvi cəhətdən sıx birləşməsi istiqamətində müsahibələri,çağırışları, açıqlamaları yayımlanıb. Bu müddət ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşları tərəfindən sosial şəbəkələr vasitəsilə virusun qarşısının alınması məqsədilə qoyulan tələblərə riayət etmək, dindarlarımızı Operativ Qərargahın bu barədə tövsiyələrini dinləməyinin vacibliyi barədə çağırışlar edilib. Dövlət Komitəsinin nəzdində olan qurumlar–Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu da bu istiqamətdə fəaliyyət göstəriblər.

Bu yöndə QMİ ilə birlikdə İdarənin Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələri, həmçinin, dini konfessiyaların rəhbərlərinin iştirakı ilə onlayn iclaslar keçirilib. Tədbirlərdə dini rəhbərlərə dünyanın üzləşdiyi pandemiya şəraitində insanları birliyə və virusun qarşısının alınması məqsədilə qoyulan tələblərə əməl etmək, müxtəlif dini konfessiyaların nümayəndələrinə, din xadimlərinə koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirmələri üçün sosial şəbəkələr, yaxud televiziyalara canlı yayım vasitəsilə qoşulmaqla dini maarifləndirmə işlərini aparmaları tövsiyə edilib. Eyni zamanda bu xüsusda Dövlət Komitəsinin bölgə şöbələri tərəfindən dini icma sədrləri və din xadimlərinin iştirakı ilə onlayn maarifləndirmə tədbirləri baş tutub.

-Hazırda Azərbaycanda Məhərrəmlik ayıdır, məhərrəmliyin ən vacib məqamlarından olan Aşura artıq geridə qalıb. Kütləvi olmasa da, ancaq Aşura günü yenə də ölkədəki karantin rejimini pozmağa, Aşura mərasimini keçirməyə cəhdlər oldu. Şəxsən özüm bunun şahidiyəm. Sizcə bunlar məqsədli, idarəolunan bir hərəkət, davranış idi, yoxsa bilməməzlikdən, yaxud, qaydaları sadəcə, pozmaqdan irəli gələn bir hal idi?

-Məhərrəmlik mərasimləri əsrlərdir ki, Azərbaycan xalqı tərəfindən qeyd edilir.

Xalqımız daim İslam dininə, Məhəmməd peyğəmbər və onun ailəsinə hörmət və ehtiram göstərib. Müstəqilliyimizi yenidən qazandıqdan sonra vətəndaşlarımızın dini ayinləri yerinə yetirmələri üçün bütün şərait yaradılıb. Məscidlər, ziyarətgahlar və digər ibadət evləri möminlərin ixtiyarına verilib. Hər il dini mərasim və əlamətdar günlər, həmçinin, təziyə məclisləri ibadət ocaqlarında sərbəst və heç bir məhdudiyyət olmadan yerinə yetirilib. Ümummilli lider Heydər Əliyev özü şəxsən bu mərasimlərdə iştirak edib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə ibadət evlərini ziyarət edib, onların təmiri və bərpası üçün göstəriş veriblər.

Bu il məhərrəmlik mərasimləri pandemiya dövrünə təsadüf etdi. Bildiyiniz kimi, karantin rejimi ilə əlaqədar Operativ Qərargahın qərarları ilə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi və dini ritual xidmətlər qadağan edilib. Karantin rejimi dövründə dini ayin və mərasimlərin keçirilmə qaydaları məsələsi avqust ayının 20-də QMİ və DQİDK tərəfindən videokonfrans formatında təşkil edilən Məhərrəm ayına həsr olunan iclasın əsas mövzusu olub.

Tədbirdə qəbul edilən QMİ-nin Qazılar Şurasının müraciətində bir sıra önəmli məqamlar öz əksini tapdı. Aşura kimi, ənənəvi olaraq böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasimin insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada biləcəyini nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməyəcəyi, QMİ-nin yerlərdəki qazı, səlahiyyətli nümayəndə və imamlarının bu tövsiyələri dindarlara çatdırmaları bildirildi.

Vurğulandı ki, hər kəs pandemiyaya dair hökümətimiz tərəfindən müəyyən edilmiş bütün zəruri qaydalara əməl etməli, verilmiş tövsiyələri hər kəsə təlqin etməli, xəstəlik təhlükəsinin qarşısının alınması, tezliklə sovuşması üçün əlimizdən gələni əsirgəməməliyik. Həmçinin Dövlət Komitəsi tərəfindən televiziya kanallarında din xadimlərinin insanların mənəvi ehtiyac duyduğu çıxışlarına imkan və mütəmadi qaydada şərait yaradılması məsələsi diqqətdə saxlanılıb, ölkəmizin Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verilməsi təlqin olunub, eyni zamanda DQİDK və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclər üçün “Pandemiya şəraitində dini mərasimləri” adlı, eləcə də bölgələrdə onlayn maarifləndirici tədbirlər keçirilib…

-Bəs, pozuntular?…

-Bəzi pozuntular olsa da, ümumən bu Aşura ilə bağlı mərasimlər karantin rejimi qaydalarına uyğun təşkil olundu. Möminlərimizin mütləq əksəriyyəti təziyələrini evlərində ailələri ilə birlikdə qeyd etdilər. Din xadimləri internet resursları vasitəsilə canlı yayımlar etdilər, İmam Hüseyn şəhadətinin mahiyyəti, o cümlədən İslam dininin prinsipləri barədə maarifləndirmə işi apardılar. Aşura günü müşahidə edilən pozuntulara gəlincə, yer seçimlərinə və məclis üslublarına əsasən onlardan bəzilərinin müəyyən maraqlara xidmət etdiklərini deyə bilərik. Ancaq Azərbaycan xalqı bir daha nümayiş etdirdi ki, İslam dini və onun ali dəyərlərindən siyasi məqsədlərlə istifadə edilməsi qəbuledilməzdir.

08:07, 11 sentyabr

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Tofiq Yaqublu “City Hospital”a köçürülüb, mənim şəxsi nəzarətimdədir…”-ADİL QEYBULLA

Read Next

“Bu, Azərbaycana qarşı düşmənçilik edən qüvvələrə göz dağıdır”- MİLLƏT VƏKİLİ SPİKERİN TÜRKİYƏ SƏFƏRİ HAQQINDA BELƏ DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir