“Yerevanın təcavüzkar və destruktiv siyasət yürütməsi nəticəsində münaqişə həll olunmur”- NAZİR

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikası Milli Konqresinin birinci vitse-prezidenti xanım Daira de Xezus Qalvis Mendesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Etikxeber.az-a bildiriblər ki, görüşdə Azərbaycan və Kolumbiya arasında ikitərəfli münasibətlərin inkişafı, gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov Azərbaycan və Kolumbiya arasında siyasi əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafı üçün səylərin artırılmasının vacibliyini qeyd edib.

Nazir Kolumbiya hökuməti və “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) təşkilatı arasında tarixi sülh sazişinin imzalanması münasibətilə Kolumbiya xalqına təbriklərini çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı kolumbiyalı parlamentarilərə ətraflı məlumat verən nazir rəsmi Yerevanın təcavüzkar və destruktiv siyasət yürütməsi nəticəsində münaqişənin hələ də həll olunmadığını təəssüflə qeyd edib.

E.Məmmədyarov, həmçinin Kolumbiyanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

O, Kolumbiyanın dəstəyi ilə ADA Universitetində təşkil olunan ispan dili kurslarının praktiki əhəmiyyətini qeyd edib.

Xanım Daira de Xezus Qalvis Mendes ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin təşviq edilməsi, eləcə də regionlararası təmasların artırılmasının zəruriliyini vurğulayıb. Qonaqlar Bakıda keçirilən Humanitar Forum və onun gündəliyində duran məsələlərin müasir dünya üçün aktual xarakter daşıdığını bildiriblər.

Görüşdə, həmçinin iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

Etikxeber.az

Read Previous

Qadınların bir çoxu öz hüququnu bilmir-Hicran Hüseynova

Read Next

USD/AZN rəsmi məzənnəsi 1,6252 səviyyəsində müəyyən olunub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir