Yıldırım: “Görürük ki, bölgənin İŞİD-dən təmizlənməsində mühüm irəliləyişlər əldə edilməkdədir…”

Yanvarın 7-də Türkiyənin Baş naziri Binəli Yıldırımın İraqa ikigünlük səfəri başlayıb.

Etikxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Binəli Yıldırım və İraqın Baş naziri Heydər əl-İbadi Bağdadda görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.

Baş nazir Binəli Yıldırım bildirib: “İraqın suverenliyi bizim üçün çox əhəmiyyətlidir. Biz İraqın suverenliyinə zərər verəcək heç bir fəaliyyətə razılıq vermərik. İraqın ərazi bütövlüyü bizim üçün öz ölkəmizinki qədər əhəmiyyətlidir”.

Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin İraqın Başika bölgəsində mövqe tutmasından danışan Baş nazir iraqlı həmkarı ilə görüşdə bu məsələnin də müzakirə edildiyini vurğulayıb. “Bu, zərurətdən yaranıb. Görürük ki, bölgənin İŞİD-dən təmizlənməsində mühüm irəliləyişlər əldə edilməkdədir. Buna görə də bu məsələni dostcasına həll edəcəyik” – deyə, Türkiyənin Baş naziri diqqətə çatdırıb.

İraqın Sincar vilayətindəki PKK terrorçuları ilə bağlı danışan Binəli Yıldırım deyib: “Yerli kürd hərbi birləşmələri və İraqın hökumət qüvvələri tərəfindən Sincarın terrorçulardan təmizlənməsi istiqamətində lazımi tədbirlər görüləcək. Haradan gəlməsindən asılı olmayaraq, bizim terrora qarşı qətiyyətimiz dəyişməzdir. Sincardakı terrorçular ən böyük təhdidi bizim üçün təşkil edir. Bu təhdidin aradan qaldırılması ilə bağlı Baş nazir Heydər əl-İbadinin göstərdiyi həssaslığa görə təşəkkür edirik. Biz bu məsələdə də əməkdaşlığa hazırıq. Təkcə Sincarda deyil, İraqın bütün ərazisindən ölkəmizə təhdid təşkil edən terrorçulara qarşı əməkdaşlığı davam etdirəcəyik”.

Səfər zamanı Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü toplantısının keçirilməsi planlaşdırılır. Həmçinin Bağdadda İraq Prezidenti Fuad Masum, parlamentin Nümayəndələr Palatasının sədri Səlim Cuburi ilə görüşlər nəzərdə tutulub. Bundan başqa, müxtəlif partiyaların təmsilçiləri, ölkənin tanınmış ictimai-siyasi xadimləri, habelə İraq türkmənlərinin nümayəndələri ilə də görüşlər keçiriləcək.

Görüşlərdə bölgədə sabitliyin və rifahın təmin edilməsi istiqamətində atılmalı olan addımlar ətrafında fikir mübadiləsi aparılacaq. Bu baxımdan hər iki ölkə üçün ciddi təhdid təşkil edən PKK, İŞİD, FETÖ terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq. Bundan başqa, iki ölkə arasında iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı da nəzərdən keçiriləcək.

Səfər zamanı Baş nazir Binəli Yıldırımı iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Berat Albayrak, gömrük və ticarət naziri Bülent Tüfenkci, milli təhsil naziri İsmet Yılmaz və milli müdafiə naziri Fikri İşıq müşayiət edirlər.

Etikxeber.az

Read Previous

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Read Next

Qızıl 8 dollaradək ucuzlaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir