Yol hərəkəti və sosial sığorta ilə bağlı qanunlara-MÜHÜM DƏYİŞİKLİKLƏR… – YENİLƏNİB

Yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlərin 7%-i dövlət büdcəsinə köçürüləcək.

Etikxeber.az məlumat verir ki, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarının (qurumlarının) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülüb.

Təklif edilən dəyişikliyə əsasən, bu vəsaitin 93%-i müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7%-i isə dövlət büdcəsinə köçürüləcək.

Qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

***

Məcburi dövlət sosial sığortasının ödəmələrinə dair tələblərin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarının məbləğinin bir hissəsinin dövlət büdcəsinə köçürülməsi təklif olunur.

Bu isə iclasın müzakirəsinə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Məcburi dövlət sosial sığortasının vəsaitləri vahid fondda cəmləşdirilir. İndiyə qədər bu qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinə əsasən, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 50%-i və sığorta edənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30%-i müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülüb.

Bu qanunun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinə əsasən, vergi orqanları tərəfindən tətbiq edilən və həmin fonda olan maliyyə sanksiyası məbləğinin 43%-i və sığorta edənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 23%-i müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7%-i isə dövlət büdcəsinə köçürüləcək.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, məcburi dövlət sosial sığortasının vəsaitləri aşağıdakı mənbələr hesabına yaradılır:

– məcburi və könüllü (əlavə) sosial sığorta üzrə daxil olan sığorta haqqı;

– dövlət büdcəsindən ayırmalar;

– maliyyə sanksiyalarının və cərimələrin tətbiqi nəticəsində daxil olan məbləğlər;

– sanatoriya-kurort yollayışlarının satışından əldə edilmiş vəsaitlər;

– bank kreditləri;

– qanunvericiliyə uyğun əldə edilmiş digər gəlirlər.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları-DƏYİŞİR…

Read Next

“Avtomobil saxlanılarkən şəkillər çəkilir və dərhal cərimələr tətbiq edilir, bu, aradan qaldırılmalıdır”-FƏZAİL AĞAMALI – DEPUTATLARDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir