Yubiley doğum günündə-aprelin 12-də Şəhidimiz Fuad Xankişiyevin adını daşıyan-“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLACAQ… – FOTOLAR

Vətən torpaqları, Qarabağın işğaldan azad edilməsi yolunda və uğrunda gözünü qırpmadan, bir an tərəddüd etmədən canını fəda edən Oğullardan, Vətən sevdalılarından biri də Mingəçevirli balası-Şəhid Fuad Şöhrət oğlu Xankişiyevdir…

Fuad 1996-cı ilin bu ayında, aprelin 12-də Mingəçevir şəhərində, sadə bir ailədə dünyaya gəlib…

Uşaq vaxtlarından da özünün fitri istedadı, qabiliyyəti, bacarığı ilə diqqət çəkib, yaşıdlarından seçilib, fərqlənib…

Gözəl əl qabiliyyəti, yaradıcılıq ruhu olub…

Həm də Vətənini, Torpağını canından belə çox sevib…

Elə bu Vətən sevdası da onu Qarabağın, torpaqlarımızın azad olunmasına səsləyib, ona doğru aparıb…

İkinci Vətən Müharibəsinin ilk günlərindən, ilk saniyələrindən döyüşlərdə iştirak edib, vuruşub, igidliklər göstərib…

Döyüş yolu da uzun olub…Füzulidən, Xocavənddən Daşaltı-Çanaqçıya qədər uzanıb…

Və…Daşaltı-Çanaqçı istiqamətində də ağır döyüşlərdən birində, İkinci Vətən Müharibəsinin başa çatmasına bir həftə qalmış, qəhrəmancasına Şəhid olub, Şəhidlik məqamına ucalıb…

Noyabrın 3-də həlak olan 24 yaşlı Şəhidimiz 3 gün sonra-noyabrın 6-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub…

Məkanı cənnətlik, məzarı behiştlik olsun, qəbri nurla dolsun, Şəhidimizin, Şəhid balamızın!

Eyni zamanda, Fuadın da Qəhrəmanlığı, İgidliyi Azərbaycan dövləti tərəfindən qiymətləndirilib…Ali Baş Komandan tərəfindən 3 medalla- “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqqını da alıb!

***

Dünən Mingəçevir şəhərində Şəhid qardaşlar-Musa və Tural Həsənovların xatirəsinə inşa edilmiş “Şəhidlər bulağı”nın açılış mərasimində Şəhidimizin çox Məğrur, çox Qürurlu, Nur simalı anası-Saqibət xanımla, Saqibət İzzət qızı Xankişiyeva ilə tanış oldum…

Ayaqüstü söhbətləşdim, dərdləşdim, başsağlığı diləklərimi çatdrırdım…

Şəhidimizin anası Saqibət xanım bildirdi ki, Fuadın cənnətdəki, cənnətindəki ilk doğum günündə-aprelin 12-də-yaşadıqları evin yaxınlığında Şəhidimizin adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq…

Artıq son tamamlama işləri gedir və açılış mərasimi saat 17:00 radələrində baş tutacaq…

Söz verdim ki, açılış mərasiminə mən də qatılacağam…

Sonra-Mingəçevirdən ayrılarkən bir daha Şəhidlər Xiyabanını, Şəhidimizin, Fuadın məzarını ziyarət etdim, Allahdan bir daha rəhmət dilədim…

Bəli, Fuad kimi Oğullara, İgidlərə borcluyuq…

Onlara olan minnətdarlığımız, borcumuz bir ömür boyu bitməz, tükənməz…

Hamısının ruhu qarşısında baş əyirik, baş əyirəm!

Daim ruhən, mənən bizimlədirlər!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

05.04.2021, Mingəçevir

Etikxeber.az

Read Previous

Daha 2035 yeni yoluxma-DAHA 32 ÖLÜM…

Read Next

“Peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir…”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir