“Yurd yerlərini itirməyimizin səbəblərindən biri onların qədrini yetərincə bilməməyimiz olub… Ancaq Tanrı indi millətimizə səhvlərimizdən nəticə çıxarmaq şansı verib…”-MİLLƏT VƏKİLİ

Son bir ilədək qəbuluna böyük ehtiyac duyulduğunu qabartdığımız iki-üç qanundan biri məhz işğal altındakı torpaqların statusuyla bağlıydı. İndi isə həmən torpaqlardakı baş və tac şəhərimiz-Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında qanun layihəsi gündəliyə çıxarılıb. Şuşa yalnız Azərbaycanda deyil, bütövlükdə bu regionda unikal bir şəhərdir. Burada söhbət təkcə onun çoğrafiyasından, təbiətindən getmir. Şuşa o nadir şəhərlərdəndir ki, onun ruhu var.

Mən fikir vermişəm, cənab Prezident Şuşa haqqında danışanda onu bir növ personlaşdırır ki, bu da dediyim bu reallıqdan qaynaqlanır. Və siz o ruhun gücünə baxın ki, 30 il müddətində vəhşi, xəstə xislətlilər ona təsir edə, məhz bizə xaslığını aradan qaldıra bilmədilər.Gündəlikdəki layihədən də göründüyü kimi qarşımızda duran vəzifə elə bu ruhun bizə xaslığının əbədiliyini təmin, üstünlüyünü təsdiq etməkdir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev parlamentdə birinci oxunuşdan keçmiş “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanun layihəsi ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Bildirib ki, dövlət başçısı Şuşamıza mədəniyyət paytaxtı adı verdi. Mədəniyyət isə maddi və mənəviylə yanaşı, həm də sosial dəyərlərin məcmusudur. Yəni mədəniyyət paytaxtı deyəndə söhbət təkcə həmən şəhərdəki abidələrdən- artefaktlardan, orada yaşamış, yaşayacaq insanların yüksək yaradıcılıq potensialından getmir, eyni zamanda mühitdən, əsrlərin sınağından çıxan və bizi biz kimi tanıdan adət-ənənədən, davranış qaydalarından gedir.

“Bu baxımdan götürdükdə Şuşa təkcə mədəniyyət paytaxtımız yox, həm də bizim milli generasiya mərkəzlərimizdən biri və bəlkə də birincisi olmalıdır. Qloballaşma adı altında kosmopolitizmin bütün milli dəyərləri silib-süpürdüyü indiki dönəmdə həmən kosmopolitizmin ayaq açmasına bir növ yardım edən texnologiyalardan, çağdaş şəhər quruculuğu konsepsiyasından əks məqsədlə faydalanmaqla Şuşamızın milli generasiya mərkəzinə çevirlməsində də mən yenə bu gözəl yur yerimizə xas bir unikallıq, həm də rəmzlik görürəm. Yəni Şuşa dünyadakı nadir şəhərlərdən biri olacaq ki, çağdaş texnologiyalar kökə- soya bağlılığın və milliliyin xidmətində duracaq. Qanun layihəsində Şuşa şəhərinin məhz dövlət qoruğuna çevrilməsi, onun görünüşünün və ekologiyasının qorunması üçün gərəkən nə varsa hamısının öz əksinin tapması, şəhər həyatının bütün sahələrində innovasiyanın tətbiqinin, məhkəmə və hüquq-mühafizə orqanları istisna olmaqla, digər xitmətlərin 3 inzibati mərkəzdən- ASAN, DOST və KOB evlərindən elektron yolla göstəriləcəyinin nəzərdə tutulması o deməkdir ki, bizim qədim mədəniyyət mərkəzimiz həm də ilk ağıllı şəhərlərimizdən biri olacaq. Ağıllı şəhər isə təkcə fərqli, üstün yaşayış standartı demək deyil, həm də , söhbət məmurlardan gedirsə, ağıllı idarəçilik, əhalidən gedirsə, ağıllı davranış, yüksək birgəyaşayış mədəniyyəti deməkdir.

Bu baxımdan da Şuşadakılar sözün bir çox anlamında onlardan aşağıda olanlardan üstünlüklərini göstərməlidirlər. Layihədən də göründüyü kimi gələcəkdə beynəlxalq tədbirlərə də ev sahibliyi edəcək, ölkənin turizm mərkəzlərindən birinə çevriləcək mədəniyyət paytaxtımız, ekologiya mədəniyyətinin, birgəyaşayış mədəniyyətinin yüksəkliyi ilə də seçilməli, örnək olmalıdır. Və ümumiyyətlə, artıq hamılıqla anlamağın vaxtı çatıb ki, mənzilinin təmziliyindən daha önəmlisi ətraf mühitin, yaşadığın küçənin təmizliyi, evin həyətinin, onun dəhlizlərinin, qalxdığın pilləkənlər və yaxud girdiyin liftin təmizliyidir. Vətənə sevgi də elə ilk növbədə yaşadığın yerdə bu təmizliyə riayyətdən, düzgün davranış qaydalarından, ən əsası təbiətə qayğıdan başlanır. Mən indiyədək bu fikirdə idim ki, bizim yurd yerlərini itirməyimizin səbəblərindən biri də onların qədrini yetərincə bilməməyimiz olub. Tanrı indi millətimizə səhvlərimizdən nəticə çıxarmaq şansı verib. Qayıtdığımız yurd yerlərimizi indən sonra göz bəbəyi kimi qorumalı, hər daşını sevməli və kimlərin sayəsində ora döndüyümüzü heç vaxt unutmamalıyıq.

İndən sonra Şuşa deyiləndə göz önünə təkcə mədəniyyət incilərimiz gəlməyəcək, həm də Azərbaycan hərb sənətinin ortaya qoyduğu möcüzə, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun təkrarsız qələbəsi xatırlancaq. Karate ustaları bədənin bütün enerjisini bir nöqtəyə konsentrasiya etməklə üst-üstə qoyulan bir neçə kərpici sındırmağı necə bacarırlarsa, bizim Müzəffər Ali Baş Komandanımız da eyni ustalıqla xalqımızın bütün passionarlıq potensilalını bir “Dəmir yumruq”da toparlayaraq, bir yox, bir neçə düşməni birdən sındırıb bizə qələbə sevinci yaşatdı, Şuşamızı özümüzə qaytardı. Bu yolda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, cənab İlham Əliyev başda olmaqla ölümün gözünə dik baxan, əlbəyaxa döyüşlərdə sayca özündən bir neçə qat çox düşməni məhv edib Şuşanı onlardan təmizləyən oğullarımıza bu yüksək kürsüdən sayğımı çatdırıram!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Jalə Əliyeva Türkiyənin EkoAvrasiya İqtisadi Əməkdaşlıq Qurumunun fəxri diplomu ilə-TƏLTİF OLUNDU – FOTOLAR

Read Next

“Birinci cəhd qəbul imtahanını iyul ayında keçirməyi nəzərdə tuturuq…İkinci cəhd olacaq ya olmayacaq, bilmirik, çalışacağıq ki, avqustda keçirək…”-MƏLEYKƏ ABBASZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir