Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-31 oktyabr 2025-ci il Bakılı, bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli, kollec təhsilli İkinci Vətən Müharibəsi Şəhidi, TƏK və SUBAY ÖVLAD, atasını Şəhidliyindən cəmi bir il öncə itirən Yusif Ramiq oğlu Budaqovun Anım Günüdür…
Əbədiyyətə uğurlanmasından beş il ötür…
Həmişə olduğu kimi, bu il də, bu dəfə də-Anım Günündə Şəhidimizin ocağını, TƏK-TƏNHA yaşayan Anası Lətafət Ananı ziyarət etdim…
Ancaq bu dəfə ziyarətdə mənimlə birlikdə oğlum Həmzənihat və ömür-gün yoldaşım Gülər müəllim də iştirak edirdi…
Lətafət Anaya bir daha Allahdan səbr və dözüm dilədik…
“Ruhu şad, ruhu Sənə kömək olsun! Allah Yusif balamızın torpağı sanı Sənə sağlam ömür versin! Yaşa və yaşat! “-deyə, bildirdik…
Ruhuna dualar etdik, ruhu qarşısında baş əydiyimizi dilə gətirdik…
İki saata yaxın davam edən ziyarətimiz zamanı söhbətləşdik, dərdləşdik, az da olsa, təsəlli verməyə çalışdıq Lətafət Anaya…
“Yusifə çox böyük ehtiyacım var…Yoldaşım rəhmətə gedəndən sonra deyirdim-yaxşı ki, Yusif var, bir-birimizə arxa-dayaq olarıq…Hər gün dəfələrlə halımı soruşardı…”Ana, yaxşısanmı? Sənə bir şey olsa, özümü öldürərəm, Sənsiz yaşaya bilmərəm…”-deyərdi…Bir an mənsiz dura bilmirdi…Məni tək qoyub getdi bu dünyada… Beş ildir ki, yolunu gözləyirəm…Çox ehtiyacım var, çox…”
Bunları isə Lətafət Ana dedi…
Kövrələ-kövrələ, göz yaşları içində boğula-boğula…
Nə deyəsən…bu sözlər, bu mənzərə qarşısında…
Sözlərin, kəlmələrin bitdiyi yer…
Allah bir daha və bir daha səbrini, dözümünü versin!
Allah bir daha və bir daha TƏK balasının, Yusifimizin məkanını cənnətlik, məqamını Ali və Uca etsin!
Amin!
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





