“Yusif Şəfiyevin təqsirsiz olduğunu sübut edən çox sayda vəsatətlər təqdim etmişik, lakin…”-VƏKİL İLQAR RÜSTƏMOV

“CBC Sport”un əməkdaşı Yusif Şəfiyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsi hüquqi nihilizmdir. 

Etikxeber.az xəbər verir ki, Yusif Şəfiyevin yaxınları belə düşünür. 

Yusif Şəfiyev Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirli bilinir. İttiham aktına görə, o AZTV-nin əməkdaşı Vəfa Ağabalayevadan hədə-qorxu yolu ilə pul tələb edib. Yusif Şəfiyevin yaxınları isə onun sifarişlə həbs olunduğunu deyir. Sifarişçi kimi AzTV-nin rəhbəri Rövşən Məmmədovun adı çəkilir.

Yusif Şəfiyevin atası, telejurnalist Nadir Şəfiyev bu olayla bağlı ölkə mediasına müraciət edib.  

“Oğlum Yusif Şəfiyevlə bağlı qondarma məhkəmənin çıxardığı sifarişli hökmü dərc edən hörmətli KİV nümayəndələri – imkan varsa həqiqəti də yayımlayın. Qarşı tərəfin də mövqeyini işıqlandırın. Aztv sədri Rövşən Məmmədov və müxbiri Vəfa Ağabalayevanın birgə tərtib etdiyi oyundan hər kəsin xəbəri olsun” – deyə, telejurnalist bəyan edib. 

Onun vəkili İlqar Rüstəmov isə mətbuata açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxsin işi məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmayıb.

Vəkil fikirlərini Yusif Şəfiyevin təqsirsiz olduğunu sübut edən vəsatətlərin təmin olunmaması ilə izah edib:

“Məhkəmə istintaqı zamanı Yusif Şəfiyevin təqsirsiz olduğunu sübut edən çox sayda vəsatətlər təqdim etmişik. Lakin həmin vəsatətlər təmin olunmayıb. Məsələn, vəsatətlərdən biri vəkil sorğusu nəticəsində Baş Dövlət Yol Polisi İdarəsindən alınmış arayışdır. Həmin arayış sübut edir ki, Yusif Şəfiyevin guya Vəfa Ağabalayevadan hədə-qorxu yolu ilə aldığı avtomobil elə adıçəkilən xanımın istifadəsində olub. O, 11.06.2019-cu il tarixdə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü, 10.05.2019-cu il tarixdə həmin məcəllənin 327.2-ci, 11.07.2019-cu il tarixdə 329.1-ci, 03.12.2019-cu il tarixdə isə 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub. Bu arayış birmənalı şəkildə sübut edir ki, həmin dövrlərdə avtomobil Vəfa Ağabalayevanın istifadəsində olub. Halbuki o, ifadəsində bunun əksini deyib.

Vəsatətlərdə həmçinin Yusif Şəfiyevin zərərçəkmiş şəxslə qeyri-rəsmi ər-arvad münasibətində olduğu, onların bir evdə kirayə yaşadıqları, həmin mənzili Yusifin tapdığını, 2019-cu ilin iyul ayınadək kirayə haqqını Yusifin ödədiyini, ittihamda qeyd edilən avtomobilin hər ikisinin pulu hesabına alındığı, avtomobildən şərikli istifadə etdikləri, kirayədə yaşadıqları mənzilə artıq xərc çəkməmək üçün Yusifə məxsus mənzili təmir etdirdikləri, təmirdən sonra mənzilə məişət texnikalarının “Kontakte Home” mağazalar şəbəkəsindən kreditlə alınması, bunların hər birində məqsədin hər iki şəxsin gələcəkdə birgə təsərrüfat aparmaq olduğunu sübut edən faktlar əks olunmuşdu. Amma heç biri təmin olunmadı”. 

Vəkil qeyd edib ki, hakim hər iki şəxs arasında olan münasibətlərə dair obyektiv ifadə verə biləcək şəxslərin məhkəməyə dəvət edilərək əlavə şahid qismində dindirilməsinə dair vəsatəti də təmin etməyib.

“Əvəzində hər iki şəxsin münasibətinə heç bir aidiyyatı olmayan evi təmir etmiş usta, qızı ilə ifadəsi ziddiyyət təşkil edən Vəfanın anası şahid qismində dindirilib. Yeri gəlmişkən, şahid qismində ifadə verən usta Yusifin qanunsuz heç bir hərəkətinin olmadığını bildirib. Bir məqamı da qeyd edim. Biz vəsatət vermişdik ki, anten məlumatları çıxarılsın. Bu, zərərçəkmişin yalanlarını ortaya çıxaracaqdı. Amma bu vəsatət də təmin edilmədi” – deyə, İlqar Rüstəmov bildirib.

Vəkil əlavə edib ki, Yusif Şəfiyevin zəzərçəkmişdən hədə-qorxu yolu ilə pul tələb etməsinə dair də hər hansı fakt yoxdur.

Onun sözlərinə görə, məhkəmə prosesində şahid qismində dindirilmiş şəxslər də bildirib ki, Yusif Şəfiyevin Vəfa Ağabalayevadan hədə-qorxu yolu ilə pul tələb etdiyinin birbaşa şahidi olmayıblar. 

İlqar Rüstəmov bir maraqlı faktı da diqqətə çatdırıb.

Vəkil bildirib ki, Vəfa Ağabalayeva məhkəmədə Yusif Şəfiyevlə bağlı cinayət işinin yüksək dairələrin xüsusi nəzarətində olduğunu deyib.

“Bildirdi ki, bu iş Prezident Adminstrasiyasının nəzarətindədir. Ona sual verdim ki, məhkəmələr icra orqanlarına tabe olmadığı, qərar qəbul etməkdə müstəqil olduqları halda cinayət işinin Prezident Adminstrasiyasının nəzarətində olmasını necə izah edərdiniz? Lakin hakim bu sual cavab verilməsinə şərait yaratmadı”– deyə, vəkil əlavə edib.

İlqar Rüstəmov sonda qeyd edib ki, Yusif Şəfiyevin azadlığa çıxması üçün bütün hüquqi vasitələrdən istifadə ediləcək.

Hazırda müdafiə tərəfi məhkəmənin hökmündən apellyasiya şikayəti verməyə hazırlaşır.

Etikxeber.az

P.S Qarşı tərəfin də mövqeyini olduğu kimi, işıqlandırmağa hazırıq.

Read Previous

Ərdoğan İlham Əliyevə-TƏŞƏKKÜR ETDİ

Read Next

Deputat barəsində 3 aylıq-HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir