Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Millətlər Filarmoniyası” Orkestri Azərbaycan mədəniyyətinin dünyada təbliğinə yaxından kömək edəcək. Belə ki, razılaşmaya əsasən müxtəlif millətlərdən təşkil olunan bu orkestrin tərkibinə Azərbaycan musiqiçiləri də daxil ediləcək.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qəbələ şəhərində çıxış edən Almaniyanın dünya şöhrətli “Millətlər Filarmoniyası” Orkestrinin rəhbəri və dirijoru, pianoçu Yustuz Frantz deyib.
O, bu festivalda yüksək təşkilatçılığın şahidi olduğunu qeyd edib: “Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlərin Bakı ilə yanaşı Qəbələdə, bu yaşıl meşəli dağlar arasındakı mənzərəli yerdə, təbiət qoynunda keçirilməsi mükəmməl ideyadır. Burada olmağımızdan şərəf hissi duyuruq. Qəbələdə dinləyici auditoriyasında müxtəlif yaşda insanların olması çox gözəldir. Konsertdə biz həm gənclərin, həm də daha yaşlı nəslin nümayəndələrinin iştirakının şahidi olduq. Məlumatım var ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər il Qəbələdə ənənəvi beynəlxalq musiqi festivalları keçirilir. Burada tamaşaçıların klassik musiqiyə böyük maraq göstərdiklərini gördüm”.
Azərbaycan mədəniyyətinin dostu olan dünya şöhrətli dirijor Qəbələyə səfəri zamanı “Beltman” Piano Fabriki ilə tanış olduğunu bildirib.
O, Qəbələdə istehsal olunan pianoların keyfiyyətindən də söz açıb. Yustuz Frantz ən çox Almaniyanın Hamburq şəhərində konsertlər verdiyini və bundan sonra orada səhnəyə “Beltman” pianosu ilə çıxacağını bildirib.
Azərbaycan mədəniyyətinin təbliğinə dəstək məqsədilə bir sıra layihələri olduğunu qeyd edən Yustuz Frantz gələcəkdə beynəlxalq festivallarda “Millətlər Filarmoniyası” Orkestrinin üzvləri sırasında azərbaycanlı skripkaçıların da təmsil olunacağını qeyd edib. “Millətlər Filarmoniyası” Orkestri il ərzində dünyanın müxtəlif şəhərlərində 200-ə yaxın konsert verir. Həmçinin razılaşmaya əsasən bu orkestr digər ölkələrdə keçirilən konsertlərdə Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərlərini səsləndirəcək. Orkestin gələn il ilk dəfə olaraq Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirakı gözlənilir.
Etikxeber.az