Bu gün-20 noyabr 2023-cü il tarixində daha bir Şəhid-daha bir məzarsız Şəhidimizin ailəsində oldum…
Daha bir Şəhid ailəsini, 30 ildir övlad yolu gözləyən 85 yaşlı-Mələk simalı, Dərdli, Yaralı Şəhid anasını ziyarət etdim…
31 il öncə Laçından didərgin düşən, 2005-ci ilə kimi Ağcabədidə, Qış yatağında, 2005-ci ildən isə Bərdə rayonunun Qaradağlı kəndində məcburi köçkün həyatını yaşayan Şəhid anası-1993-cü ilin aprelində Şəhid olan-itkin düşən İlyas Veysəl oğlu İlyasovun anası Şüşə İlyasova, o cümlədən qardaşı Bakir İlyasovla görüşdüm, bir araya gəldim…
Şəhidimizin ailəsi ilə görüşə, tanışlığa isə qardaşı Bakirin dostu-əslən Bərdəli, Güloğlularlı Əli Musayev vəsilə oldu…
Məni Şəhidimizin ailəsi ilə o tanış etdi…
Allah razı olsun!
Görüş, ziyarət zamanı öncə Şəhidimizin ailəsinə, övlad dərdli, övlad həsrətli Şüşə Anaya Allahdan səbr və dözüm arzuladım…
Təsəlli, təskinlik üçün Şəhidimizin nəşinin tapılmasını və dəfn edilməsini Böyük Yaradandan dilədim…
Şəhidimizin ruhu və ailəsinin, Şüşə Ananın qarşısında baş əydiyimi dilə gətirdim…
Təxminən bir saata yaxın çəkən ziyarət zamanı Şüşə Ana ilə, Bakir bəylə söhbətləşdim, dərdləşdim…
Şüşə İlyasovanın dediklərindən:
“Bu otuz ildə İlyas cəmi bir dəfə yuxuma girmişdi, onu cəmi bir dəfə yuxumda görmüşəm…Gördüm ki, at belındə gəlib və məndən çörək istəyir…Mən də çörək gətirmək üçün evə girdim, çıxanda gördüm ki, İlyas yoxdur (gözləri olur)…Bundan başqa onu heç zaman yuxumda görməmişəm…Ay oğul, bizə,mənə heç nə lazım deyil, bu otuz ildə də dövlətdən nəsə istəməmişik…Amma bircə istəyim odur ki, balamı da xatırlasınlar, yada salsınlar…Bütün Şəhidlər mənim balam, nəvəmdir…Amma istəyirəm ki, mənim balam da işıqlandırılsın, mənim balam da tanınsın, mənim balam haqqında da yazılsın…”
Ananın, 30 ildir bala yolunu gözləyən Şüşə Ananın istəyi, xahişi, tələbi o qədər haqlıdır ki, əlavə sözə, izahata da ehtiyac qalmır…
Digər Nur üzlü Şəhidlərimiz kimi, cəmi 21 yaşında Vətən yolunda canını fəda edən, itkin düşən İlyas İlyasov da xatırlanmalı, ehtiramla yad olunmalıdır!
Onu da qeyd edim ki, İlyas İslyasov 1972-ci ilin yanvar ayının 13-də Laçın rayonunun Soyuqbulaq kəndində anadan olub…
Ailənin 8 övladından, 4 qardaşdan biri, evin 5-ci övladı olub…
İllər öncə bir qardaşı və bir bacısı, eyni zamanda, övlad həəsrətli-91 yaşlı atası dünyasını dəyişib…
Orta məktəbi bitirdikdən sonra-keçmiş sovetlər dövründə ordu sıralarına yollanıb…
SSRİ-nin dağılması, Azərbaycanın ikinci dəfə müstəqillik əldə etməsi ilə Əsgərliyini yarımçıq qoyub, Azərbaycana dönüb və könüllü olaraq, Orduya yazılıb…
Və 1993-cü ilin aprelin 1-də Laçının Təzəkənd kəndində Şəhid olub, itkin düşüb…
Və bir müddət sonra ona Şəhidlik statusu verilib…
O, həm də subay olub…
Məkanı cənnətlik, məqamı Uca olsun!
Nur içində uyusun!
***
FOTOLAR:








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az