Azərbaycanın Qəhrəman, Vətən sevdalısı övlarından biri də Vətənini, Qarabağını gən ailəsindən, üç körpəsindən üstün tutaraq, Şəhidlik yolunu seçən Naməddin Tacəddin oğlu İbişovdur…
O Naməddin İbişov ki, cəmi 29 yaşında, 1994-cü ildə Vətəni, Qarabağı yolunda canından keçdi, Şəhadətə qovuşdu…
O Naməddin İbişov ki, kasıbçılıqla, əllərinin qabarı, alnının təri ilə saxladığı gənc ailəsini gözləri yaşlı, həm də Vətəninə əmanət qoyub getdi…
Bu yerdə qeyd edim ki, Naməddin İbişov 1965-ci il may ayının 17-də Zərdab rayonunun Yuxarı Seyidlər anadan olub.
1981-ci ildə Yuxarı Seyidlər kənd səkkiz illik məktəbini, 1983-cü ildə isə 124 saylı Texiki-Peşə məktəbini bitirib.
1984-1986-cı illərdə, keçmiş sovetlər dönəmində-ordu sıralarında xidmət edib.
Qarabağ müharibəsi başlandıqdan sonra isə digər İgid Vətən oğulları kimi Naməddin də silaha sarılmaq qərarına gəlib.
O da çoxları kimi könüllü olaraq cəbhəyə getmək qərarını verib.
Həmin vaxt artıq ailəli, Əfsanə və Fəxriyyə adlı iki qızı, Xaləddin adlı bir oğlu var idi.
Buna görə bir çoxları Naməddini müharibəyə könüllü getmək fikrindən daşındırmaq istəyib, lakin Naməddin isə qəti qərarını artıq çoxdan vermişdi.
1994-cü il yanvar ayının 6-da Qarabağ döyüşlərinə, Birinci Qarabağ Savaşına atılan Naməddin yanvar ayının 28-dək döyüşlərdə iştirak edib, öz şücaətini göstərib.
Və 1994-cü ilin yanvar ayının 28-də Füzuli istiqamətində ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Nəşi Yuxarı Seyidlər kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
***

Çox təəssüflər olsun ki, Şəhidimizin ailəsi son illər çox ağır durumda yaşayır…
Naməddin İbişovun ömür-gün yoldaşı xəstədir, iki qızı isə ailə həyatları dağıldığı, taleləri üzlərinə gülmədiyi üçün anlarının yanına gəlmək, qayıtmaq məcburiyyətində qalıblar…
Şəhidin qızlarından Əfsanənin də səhhətində problemlər var…
Nə Şəhidin xanımı, nə də qızları heç bir yerdə işləmir…
Gözlərini, sadəcə, 600 manata tikiblər…
Həm pulu isə bilmirlər dərmanlara versinlər, yoxsa, özlərini birtəhər dolandırmağa xərçləsinlər…
Şəhidin ailəsinin başqa bir gəlir yeri yoxdur…
Üstəlik ki, Şəhidin evi də uçuq-sökük vəziyyətdədir…
Necə deyərlər ki, bir balaca silksələsən…uçub-dağılası vəziyyətdədir…
Bu barədə də dəfələrlə aidiyyatı qurumlara, o cümlədən Zərdab rayon İcra Hakimiyyətinə müraciət etsələr də, konkret, müsbət nəticəsi olmayıb…
“Yağış yağanda evin ortasına vanna, verdə düzməkdən yoruluruq…Külək əsəndə qorxuruq ki, aman Allah, bu saat ev başımıza ucacaq…Evimizin vəziyyəti o dərəcədidir…Qarşıdan da soyuq günlər gəlir…Artıq bezmişik…”
Bunu isə Şəhidin qızı Fəxriyyə xanım dilə gətirib.
Əlavə şərhə, izahata yer qalmır artıq bu sözlərdən sonra…
Odur ki, Şəhidin ailəsi evlərinin sökülüb, yerində təzəsinin tikilməsini istəyir…
İllərlə üzləri, gözləri öyrəşdiyi ocaqlarından heç yerə getmək istəmirlər…
Ona görə aidiyyatı, bu məsələdə səlahiyyətli olan qurumlar Şəhidin ailəsinin durumunu, vəziyyətini hərtərəfli şəkildə nəzərə alaraq, həm də onların istəklərinə uyğun olaraq, artıq konkret addımlar atmalıdırlar…
Şəhidin ailəsi üçün yeni ev-mənzil tikib, onları normal yaşıyışla təmin etməlidirlər…
Burada isə çətin, həlli qeyri-mümkün bir bir məsələ yoxdur…
Sadəcə, konkret, real adım və iradə lazımdır…
Şəhidimizin ruhunu sevindirmək hər birimizin borucudur.
Gözləyirik!
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az