Zahid Oruc: “İslahatlar ardıcıl və kompleks xarakter daşıyır”

“Ölkəmizdə yeni iqtisadi şəraitdə qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilib. Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Zahid Oruc dilə gətirib. Onun sözlərinə görə,  başlanılan islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir. O, deyib ki, bu islahatlar, ilk növbədə, iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir.  Millət vəkilinin bildirdiyinə görə, dövlət başçısının siyasi iradəsi əsasında start verilən yeni nəsil iqtisadi islahatlara uyğun olaraq istər ölkədə iqtisadi fəallığın təmin olunması, istərsə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bank-maliyyə sektorunda mühüm sağlamlaşdırma tədbirləri görülür.

“Mərkəzi Bank Prezidentin  tapşırıqlarını əsas tutaraq bankların konsolidasiyasını həyata keçirir. Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə bəzi bankların lisenziyaları ləğv edilib. Əmanətlərin sığortalanması da ölkənin bank sisteminin sağlamlaşdırılması istiqamətində atılan mühüm addımdır. Yeni iqtisadi şəraitdə ölkənin maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından Prezidentin 3 fevral 2016-cı il tarixli müvafiq fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının mühüm əhəmiyyəti var. Belə bir qurumun yaradılmasında əsas məqsəd Azərbaycanın qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdən ibarətdir.Bundan başqa, vergi bazasının genişləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına hesablanan islahatlar da böyük önəm daşıyır. Prezidentin vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı verdiyi tapşırıqlar və imzaladığı sənədlər ölkədə iqtisadi sahədə şəffaflığın təmin edilməsi, iqtisadi fəallığın stimullaşdırılması, eyni zamanda, büdcə daxilolmalarının həcminin artırılması baxımından böyük önəm kəsb edir. Qeyd olunanlardan da göründüyü kimi, ölkəmizdə həyata keçirilən islahatlar ardıcıl və kompleks xarakter daşıyır”-deyə, Z.Oruc daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələri getdikcə gücləndirir” – SPİKER

Read Next

Parlament icra başçılarının ərazi mübahisələrinə baxdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir