Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İki gündən sonra prezident seçkiləridir. “Namizədlər vitrini” cəmiyyətin bu günkü vəziyyətinin tablosuna çevrildi.
Teledebatları izlədim.
YAP-ın namizədi Əli Əhmədov iqtidarın parlaq təmsilçisinə çevrilə bilmədi. Quru və daha çox baş vermiş hadisələrə, nailiyyətlərə söykənərək çıxışlarını edən Əhmədov əslində əsas iddiaçı olan İlham Əliyevin qarşıdakı 7 il üçün vacib mesajlarını açıqlamalı idi. Bunun üçün kifayət qədər sənəd və qərarlar da var. Elə “Yol Xəritəsi” ilə bağlı perspektivi xırdalamaqla bu siyasi vədləri göstərə bilərdi. Amma Əli Əhmədov “7 dəqiqəlik efir” sindromu ilə ADP-dən olan namizəd Sərdar Cəlaloğlunun efirdən səsləndirdiyi fraqmental sosial tənqidlərə cavabla kifayətlənirdi. Halbuki debatın məqsədi o deyildi.
Sərdar Cəlaloğlunun sərt və pafoslu mesajları kütlə əhvalının oynadılmasına yönəlsə də ADP sədri seçicinin “nə üçün sizə səs verməliyik?” sualına aydın cavab vermədi. Müxtəlif məsələlər barədə frqamental olaraq danışan Cəlaloğlunun çıxışından aydın olurdu ki, partiyanın seçkidə iştirak qərarı ani olub və ADP 2013-cü ildən bəri marafona hazırlıq görməyib. Nə iqtisadi platforma, nə komanda, nə də siyasi mesajlar aydın deyildi. S. Cəlaloğlunun yeganə üstünlüyü cəmiyyətdəki böhranlı məsələləri efirdə səsləndirmək cəhdi oldu. ADP sədri yəqin ki, seçkidə müxalifət elektoratının müəyyən qisminin səsini qazana biləcək.
Araz Əlizadə sol platformanın tərəfdarlarını məyus edən bir namizəddir. Öz elektoratı üçün lazım olan vacib mesajları səsləndirmək əvəzinə uzaq 80-lərin indi heç kim üçün əhəmiyyət daşımayan siyasi intiriqalarından danışan Əlizadənin bu halını Lenin və Karl Marks görsə idi, yəqin ki, onu Sosinternin qapısından qovardılar. Cəmiyyətdə sosial problemləri saymaq əvəzinə əndərəbadi sözlərlə “bacılar və qardaşlar” deyərək müraciət edən Araz Əlizdə bu marafonun ən uğursuz namizədidir.
Qüdrət Həsənqulievin platforması daha çox Azərbaycanın 90-cı illərdəki siyasi kursunun nəticələri üzərində qurulumuşdu. BAXCP sədrinin 90-larda təməli qoyulmuş Elçibəy, Heydər Əliyev siyasi kursunun varisliyi üzərində israrı Azərbaycan siyasətində “konstruktiv siyasi varislik” tezisini ehtiva edirdi. Həsənquliyevin əsas mesajı siyasi idarəetmədə əhəmiyyətli dəyişiklik etməklə ölkənin 90-ların geopolitik maraqlar üzərində bərqərar olmuş prinsiplərinin dağıdılmamasıdır. Q.Həsənquliyev digər namizədlərdən fərqli olaraq çıxışlarını sistemli və islahatların vacib olduğu sahələrin adlarını daha arqumentli şəkildə izah edə bildi. Lakin onun efirdəki mesajlarında müəyyən ritorika və tələskənlik nəzərə çarpırdı. Bəzi mesajlar isə seçicilər üçün aydın olmadı.
Razi Nurullayevin debütü daha çox olimpiya sisteminin qızıl qaydasını xatırladır. Seçki vədlərində fərqlənmək üçün ekzotik mesajlardan istifadə etməsi onun siyasətçi olaraq kütlə ilə işləmək problemlərini ortaya qoydu. Beynəlxalq məsələlər üzrə ekpert kimi təqdim edən Nurullayev Azərbaycanın geopolitik güclərin maraq davasında hansı gücə və yerə sahib olmasını təxmin etməli idi. Onun xalqa mesajları bolşeviklərin zamanında məharətlə istifadə etdikləri “çörək və sülh” sloqanına bənzəyirdi. Amma zaman o zaman deyil artıq. Nurullayev sosial iztirabları həll edəcək siyasi liderdən daha çox bunlardan əzab çəkən və çıxış yolunu bilməyən şikayətçiyə oxşayırdı. Bütün hallarda o, ilk seçki sınağını “siyasi “baqajı”na yaza bildi.
Fərəc Quliyevin çıxışları elmi -akademik dairələrdə Azərbaycanın geopoltik maraqları ilə bağlı təşkil olunan müzakirələrdə faydalı və maraqlı ola bilərdi. Xalq üçün yox. Çox ümumi danışan Fərəc Quliyev siyasi cəhətdən hazırlıqlı olsa da seçici ondan eşitmək istədiyi mesajlarını ala bilmədi.
Zahid Orucun çağırışları daha çox hazırkı prezidentin siyasi kursuna dəstək idi. Savadlı və hazırlıqlı şəxs olan Z.Oruc təəssüf ki, kütlə üçün “yaddır”. Onun çıxışlarında geopolitik müstəvidə Azərbaycanın siyasi maraqlarına yanaşma tərzi diqqətçəkəndir.
Hafiz Hacıyev siyasətin karikaturasıdır!
Bu “vitrin” cəmiyyətdə müzakirələr üçün xeyli stimul da verdi.
Müzakrələr indi də davam edir.
Henri Kissincerin məşhur bir aforzmi var:
“İnqilablara onun deklarasiyalarına görə yox, nəticələrinə görə qiymət verirlər”.
Bunu bir az dəyişib “seçki” sözü ilə əvəz etsək bizə gözləmək qalır…

Xəqani SƏFƏROĞLU,
Etikxeber.az





