Zahirovun hesabatı: 112 bələdiyyə sədri inzibati məsuliyyətə-CƏLB OLUNUB – BƏZİ BƏLƏDİYYƏLƏRİN BİRLƏŞDİRİLMƏSİ TƏKLİF EDİLİR – MM-İN İCLASLARI İSƏ HƏLƏLİK İKİ SAAT ÇƏKƏ BİLƏR…YENİLƏNİB – (3)

Milli Məclisin (MM) 6-cı plenar iclası davam edir.

Etikxeber.az-ın xəbərinə görə, hazırda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilir.

Məruzəni Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir.

Təqdimatdan sonra məruzə ətrafında müzakirələr olacaq.

***

“Keçən il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsi və araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 131 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib”.

Bunlar isə V. Zahirovun təqdim etdiyi “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə)” əksini tapıb.

V. Zahirov deyib ki, protokollar üzrə 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 prosesə baxılmaqdadır.

2019-cu il ərzində Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 80 min 261 (ötən illə müqayisədə 11 faiz çox) bələdiyyə aktı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1796 akt hüquqi ekspertizadan keçirilib. Nəticədə 77 min 427 (96,6 faiz) akt qanunvericiliyə uyğun hesab edilib. Normativ hüquqi aktların tələbinə zidd olan 2 min 765 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib (ötən ilə müqayisədə 15 faiz çox), digərləri isə (69 akt) baxılmaqdadır. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1 285 akt ləğv edilib, 1274 akt dəyişdirilib, 187 təklif isə baxılmaqdadır. Azərbaycanda ötən il bələdiyyə aktlarına inzibati nəzarətin həyata keçirilməsi və müraciətlərə baxılması nəticəsində qanunsuz olduğu müəyyən edilmiş 305 hektar torpaq sahəsinin mülkiyyətə, 6664 hektar torpaq sahəsinin icarəyə, 50 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında bələdiyyə aktları Ədliyyə Nazirliyinin təltifləri və iddiaları əsasında bələdiyyələr tərəfindən ləğv edilib və məhkəmələr tərəfindən etibarsız sayılıb.

Beləliklə, bütövlükdə qanunsuz verilmiş 7 019 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Bu, ötən illə müqayisədə 18,5% çoxdur.

***

Mərzuzədə bələdiyyələrin qəbiristanlıqları idarə etməsi üçün hökumətdən maliyyə vəsaiti ayrılması istənilib.

V. Zahirov deyib ki, Ədliyyə Nazirliyi bələdiyyələrin qəbiristanlıqları idarə etməsi üçün Nazirlər Kabinetindən maliyyə vəsaiti ayrılmasını istəyib.

O, qeyd edib ki, Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın bələdiyyələr tərəfindən öyrənilməsi və tətbiqinə kömək məqsədilə “Yaddaş kitabçası” hazırlanaraq bələdiyyələrə göndərilib. Qaydalarda müəyyən edilən vəzifələrin icrası məqsədilə “Dəfnlərin vahid reyestrinin aparılması və bu reyestrdən arayış forması və verilməsi Qadası”nın, “Dəfnlərin qeydiyyat kitabının formasının və onun aparılması Qaydaları”nın, eləcə də “Qəbiristanlıqların nümunəvi nizamnaməsi”nin layihələri hazırlanıb. Eyni zamanda bu sahədə mövcud olan problemlərlə bağlı (əksər bələdiyyələrin zəruri texniki avadanlıqlara, İnternet şəbəkəsinə çıxışa malik olmaması, onlarda kompüter texnologiyası üzrə zəruri biliyə malik kadr çatışmazlığı, qəbiristanlıqların bələdiyyələrə verilməsi prosesinin başa çatmaması və s.) Nazirlər Kabinetinə müraciət edilərək qəbiristanlıqların idarə edilməsi üzrə bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin müəyyən edilərək ayılması, növbəti illərlə, xüsusilə də kənd bələdiyyələrinin büdcəsinə bu məqsədlə dotasiyaların artırılması, həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan qəbiristanlıqların dövlət reyestrində qeydə alınaraq bələdiyyələrə təhvil verilməsinə görə maliyyə və inzibati resursların müəyyən edilməsi məsələlərinə baxılması xahiş olunub.

“Bələdiyyələrin fəaliyyətini təmin edilməsi üçün qanunvericilik aktlarının təkmilləşdirilməsi, bəzi bələdiyyələrin birləşdirilməsi, bələdiyyələrin yerli icra hakimiyyəti orqanları ilə birgə işləməsinin təşkili məsələlərin müsbət həlli bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsində xüsusi rol oynaya bilər”-deyən nazir müavini bildirib ki, bu məsələlərin MM-inRegional məsələlər komitəsində də müzakirə edilməsi yaxşı olardı.

11:47

***

“Plenar iclasları karantin dövründə 2 saat müddətində yekunlaşdıraq”.

Bu da müzakirələr zamanı MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O, bildirib ki, virus daha çox qapalı məkanlarda yayılır:

“Buna görə də çıxışlar 5 dəqiqəyə, iclaslar isə 2 saata yekunlaşmalıdır. Bu alınmasa, 2 saatdan sonra fasilə verilməli, qapı-pəncərələr açılıb, hava dəyişdirilməlidir”.

12:00

***

“Hər bir bələdiyyə öz fəaliyyətində ancaq seçicilərin rəy və təkliflərini nəzərə alaraq fəaliyyət göstərir”.

Bunu isə MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Ədliyyə Nazirliyində olan struktur tərəfindən bələdiyyələrə hərtərəfli yardım həyata keçirilir:

“Bələdiyyələrin gələcəkdə daha yaxşı fəaliyyət göstərməsi üçün müvafiq qərar, qanun, sərəncam və digər qanunvericilik aktlarının qəbul olunması üçün də bu qurum təşəbbüs göstərir. Bələdiyyələrin maarifləndirilməsi işində bizim komitə yaxından iştirak edib və bundan sonra da aktiv iştirak edəcək. 1606 bələdiyyə hazırda fəaliyyət göstərir. 125 dairədən yalnız 118-də bələdiyyə seçkiləri keçirilib. 20 ildən artıqdır ki, Azərbaycanın işğal edilmiş ərazilərində bələdiyyə seçkiləri keçirilmir. Burada 1 milyondan artıq insan bu hüquqdan məhrum edilib. Ancaq ATƏT DTİHB, AŞPA və digər müvafiq beynəlxalq qurumlar bu işğalın nəticəsində bu insanların seçmək və seçilmək kimi fundamental hüququnun yerinə yetirilməsi ilə bağlı bir bəyanat da səsləndirməyib. Bununla yanaşı, hansısa məntəqədə səsvermənin pozulması ilə əlaqədar kifayət qədər bəyanat verdilər, ancaq 1 milyon insanın səsvermə hüququnun təmin edilməməsi qarşısında hələ də susurlar. Ədalətsizlik buradan başlayır. Ona görə də bu məsələləri konkret olaraq, beynəlxalq təşkilatlar qarşısında qaldırıb, əlimizdə olan faktlar əsasında çıxışlar etməliyik”.

12:09

***

“Bu gün bələdiyyələrlə bağlı ən çox narahat edən məsələ torpaq sahələrinin real qiymətdən daha aşağı satılmasıdır”.

Bunu millət vəkili Elman Nəsirov deyib.

Bildirib ki, bələdiyyələrdə iclasların keçirilməsi ilə bağlı da problem var:

“Bir çox halda bələdiyyə sədrləri səlahiyyətlərini aşaraq, iclas keçirmədən özü qərarlar qəbul edir. Bu gün bələdiyyələrin sosial sığorta ödənişlərinin xeyli borcu olması da ciddi problemdir. Ən azı qardaş Türkiyə dövlətinin praktikası nümunə götürülməlidir. Türkiyədə bələdiyyələr yetərincə ciddi addımlar ata biləcək instituta çevrilib. Bizdə də Türkiyə təcrübəsindən yararlanmaq olduqca yerində atılmış addım olar. Hesab edirəm ki, Azərbaycan bələdiyyəsi 20 il ərzində xeyli iş görüb, amma bu işlər davam etdirilməlidir”.

Millət vəkili Azay Quliyev bildirib ki, bələdiyyələrin borclarının yığılıb qalması məsələsi də ciddi problemdir:

“Ümumilikdə hesabatda nə qədər bələdiyyənin hansı borcları olması qeyd olunması yaxşı olardı. Eyni zamanda aktları ləğv edilmiş bələdiyyələrin də konkret adları hesabata salınsa, yaxşı olardı. Həmçinin bu bələdiyyələrlə bağlı görülən hüquqi tədbirlər də hesabatda göstərilməlidir. Yeni seçilən bələdiyyə üzvləri vətəndaşların inam və etibarını qazanmağı bacarmalıdır ki, insanlar vergiləri ödəsinlər. Ümumiyyətlə, bələdiyyələrin hesabatları həm elektronlaşmalı, həm də kifayət qədər əlçatan olmalıdır. Bundan başqa, bələdiyyələrin müstəqil gəlir əldə etmək qaynaqları yaradılmalıdır. Bu da bələdiyyələrin sosial problemlərinin həllində mühüm rol oynayacaq. Gələcəkdə bələdiyyə sədrinin də xalq tərəfindən seçilməsi məsələsinə baxmalıyıq. Bakı bələdiyyələrinin mülkiyyətində olan torpaqların sərhədlərinin dəqiqləşməsinə də ehtiyac var”.

MM-in İnsan Hüquqları komitəsinin sədr müavini Tahir Kərimli isə qeyd edib ki, koronavirus pandemiyası hələ bitməyib və davam edir:

“İki mühüm nəticə çıxarmışam. Bunlardan birincisi koronavirusa qarşı mübarizədə dövlətin səyləridir. Ölkəmizdə koronavirusun sürətlə yayılmasının qarşısı məhz ölkə başçısının vaxtında verdiyi qərarlarla alına bildi. ÜST də bu gün Azərbaycanın gördüyü işləri təqdir edir. Artıq ölkə başçısı sahibkarlara, insanlara müraciət edir ki, yardımlaşın, köməkləşin. Əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərimiz olub. Bu gün həmin xeyriyyəçilik işlərini dövlətimiz, ölkə başçısı, I Vitse-prezident, Heydər Əliyev Fondu aparır. Hər yerdə artıq ölkə başçısına və I Vitse-prezidentə qarşı yaxşı münasibət hiss olunmaqdadır. Bələdiyyələr də bu gün bu tədbirlərdə aktiv iştirak etməlidir”.

T. Kərimli qeyri-konstruktiv müxalif qüvvələri də pozucu fəaliyyətlərindən əl çəkməyə çağırıb.

***

Müzakirələr başa çatdıqdan sonra sənəd səsverməyə çıxarılaraq, təsdiqlənib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-də təmsil olunan partiyalar-BƏYANAT VERDİLƏR…

Read Next

“27 və ya 28 apreldə Milli Məclisin növbəti iclası keçirilməli, müstəqil dövlətimizin süqutunun 100 illiyinə münasibət bildirməliyik”-FAZİL MUSTAFA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir