Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ceyhun Elşad oğlu Useynov…
Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin işirakçısı…
Ali təhsilli peşəkar hərbçimiz…
30 yaşında Vətəni, Torpağı, Qarabağı yolunda Şəhidlik məqamına Ucalan İgidimiz, Qəhrəmanımız…
Vətən sevdalısı, Vətən fədaisi Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidimiz…
Fəxr, Qürur, And yerimiz, ünvanımız…
Ceyhun Useynov 1990-cı ilin 9 mart tarixində Bakı şəhərində dünyaya gəlib…
Ailənin iki övladından, iki qardaşdan biri olub…
Qardaşı-1995-ci il təvəllüdlü İbrahim Useynovun hazırda 28 yaşı var…
1996-2005-ci illərdə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 46 saylı orta məktəbdə təhsil alıb…
2005-ci ildə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib və 2008-ci ildə həmin Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə (AHİM) daxil olub…
2012-ci ildə ali təhsilini başa vurduqdan, AHİM-i bitirdikdən sonra-2013-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində zabitlik kursunu başa vuraraq, təyinatla Naftalan şəhərindəki “N” saylı hərbi hissəyə göndərilib…
Bir müddət orada xidmət etdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kəşfiyyatçı kursunu oxuyub və oranı müvəffəqiyyətlə başa vuraraq, Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə-Leytenant hərbi rütbəsində fəaliyyət göstərib…
Xidmət dövründə iki dəfə qardaş Türkiyədə, komando kursunu fərqlənmə ilə başa vurub…
Bir Vətən sevdalısı, peşəkar hərbçi kimi Aprel döyüşlərində iştirak edib…
Eyni zamanda, İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə, Vətənin müdafiəsinə atılıb…
Şərəfli döyüş yolu 10 gün çəkib, Füzuli və Cəbrayıl istiqamətlərində vuruşub, döyüşüb…
Hərbçi-döyüş yoldaşları ilə birlikdə qəhrəmanlıqlara imza atıb…
Və oktyabrın 6-da Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi isə bir gün sonra, oktyabrın 7-də Novxanı qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən öncə “Silahlı Qüvvələrin 95 illiyi”, “Silahlı Qüvvələrin 100 illiyi” yubliey medalları, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, Şəhidliyindən sonra isə “Sücaətə görə” (Müdafiə nazirinin əmri ilə) medalı, Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…
Nur üzlü Şəhidimiz həm də ailəli idi…
Şəhidliyindən bir az öncə, iyul ayının 13-də dünyaya gələn yeganə qız övladı-Dəniz balası ailəsinə, Vətəninə əmanət qalıb…
Ailəsi, anası ilə də axırıncı dəfə 4 oktyabr tarixində, Cəbrayıl rayonu-Cəbrayıl şəhəri azad olunan gün danışıb…
Anası Kəmalə xanımın, Kəmalə Useynovanın dediklərindən:
“Ceyhun axırıncı dəfə bizimlə oktyabr ayının 4-də, Cəbrayıl rayonu işğaldan azad olunan günü danışdı…Həmin anı da sözlə təsəvvür etmək çox çətindir…Ceyhun çox gülərüzlü, deyib-gülən, zarafatcıl bir övladı idi…Amma hələ də onun gülüşü mənim qulaqlarımdan getmir…Mən onun hələ elə güldüyünü, elə sevindiyini görməmişdim…Elə sevinirdi ki…Həmişə birinci mənimlə, sonra atası ilə danışardı…Həmin gün mənə zəng etdi və dərhal dedi ki, “ata hanı?” Dərhal telefonu atasına verdim və dedi ki, ay ata, biz Cəbrayılı azad etmişik…Xeyli danışdılar…Zarafatla dedi ki, maşın gətirmişik, ata, hansı maşını istəsən, gətirəcəyəm…Hətta mənə də dedi ki, ana, paxıllıq eləmə, sənə də qırmızı rəngli maşın gətirərəm…Bizimlə belə zarafatlaşdı…Elə özü də “qırmızı rəng”də gəldi (gözləri dolur)… Bu, bizim axırıncı danışığımız oldu…Ceyhun çox mərd, çox qorxmaz, çox vətənpərvər oğul idi…Saatlarla, günlərlə də danışsam, yenə bəs etməz…”
Şəhidimizin anasını-iki övladından birini Vətən yolunda qurban vermiş Kəmalə xanımı təsirlənmədən, həyəcanlanmadan da dinləmək mümkün deyil…
Kəmalə xanım danışdıqca, onu dinlədikcə bir daha Şəhidimizlə-Ceyhun Useynovla Fəxr etdim, Qürur duydum, Ceyhun kimi Vətən sevdalısı, İgidi, Qəhrəmanı olan bir ölkənin vətəndaşı olmaqdan İftixar hissi keçirdim…
Hər kəsə nümunə, örnək bir İgid, bir Qəhrəman, Nur üzlü Vətən fədaisi…
Allah məkanını cənnətlik, məqamını uca, ruhunu şad etsin!
Ruhu qarşısında baş əyirəm!
Böyük Yaradan ailəsinə səbr və dözüm versin, ruhu ailəsinin, Vətənə əmanət balasının köməyi olsun, Dənizi torpağı sanışı yaşasın!
Ruhu, xatirəsi daim qəlbimizdədir!
Nur içində yatsın!





















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





