“Zatulin düzələn deyil…” – ELDƏNİZ SƏLİMOV – RƏY(LƏR)

Zatulinlər gəldi, gedərdi, qalan Azərbaycan-Rusiya münasibətləri və əməkdaşlığıdır

Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi növbəti aqressiv açıqlama Milli Məclisdə (MM) də müzakirə mövzusu olub.

Etikxeber.az xəbər verir ki, deputat Çingiz Qənizadə bu məsələyə diqqət çəkərək deyib ki, MDB ilə iş komitəsinin rəhbərliyində olan şəxsin belə bir mövqeyi qəbulolunmazdır.

cingizzzzzzzzzzzzzzzzzzzzz

“Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Zatulin iddia edib ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edir ki, Azərbaycanın siyasəti sənədlərdən fərqli olaraq başqa cürdür. O, bir həmkarımızın özünəməxsus fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb. Təbii ki, biz bunu qətiyyətlə pisləyirik!”.

Deputat daha sonra Zatulinin ermənilərə bağlı olmasına diqqət yetirib:

“Zatulin Dağlıq Qarabağda qondarma “parlament seçkiləri” keçirilərkən qanunsuz olaraq ora səfər edib. Bununla da o, Azərbaycan XİN tərəfindən arzuolunmaz şəxslər sırasına salınıb. Üstəlik, o, Batumidə anadan olub və orada acarlara bərabər, ermənilər də yaşayır. Mən bu tribunadan istifadə edib demək istəyirəm ki, biz daha böyük siyasi məsələlərdə olduqca ehtiyatlı olmalıyıq! Biz heç vaxt demirik ki, 20 Yanvar hadisələrini Rusiya törədib. Biz deyirik ki, bu hadisələri SSRİ rəhbərliyinin əmri ilə Sovet ordusu törədib”.

eldeniz-eldeniz

Millət vəkili Eldəniz Səlimov da zatulinlərin fikirlərinin Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilməməsinin vacibliyini bildirib.

“Bu adam illərdir Azərbaycan qarşı kin, küdurət qusur, nifrət püskürür. Onun Azərbaycana, millətimizə qarşı xəstə təfəkkürlü münasibəti var. Ondan əslində başqa nəsə gözləmək də düzgün olmazdı. Belə gəlib, belə də gedəcək, düzələn deyil, atalar məsələsində deyildiyi kimi, qozbeli qəbir düzəldər. Yəni, zatulinlər gəldi, gedərdi, amma Azərbaycan-Rusiya münasibətləri daimidir, əbədidir. Bu iki dövlət və xalq arasında çox gözəl münasibətlər var, Azərbaycan prezidentinin Soçi, Rusiya prezidentinin Bakı səfəri özü münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. Bu münasibətlər bir çox ölkələr üçün nümunə ola bilər. Ona görə bu münasibətlər, əlaqələrin, əməkdaşlığın səviyyəsi təbii ki, ermənilərdə və onlara müzdlu xidmət edənlərdə qıcıq doğurmaya bilməz. Azərbaycan-Rusiya münasibətləri onları qıcıqlandırır, rahatsız edir və bu səbəbdən, ən ağılsız, ən absurd fikirləri, ideyaları dövriyyəyə buraxırlar, münasibətlərə hər vəchlə olsun, xələl gətirməyə çalışarlar. Amma alınmır, alnan deyil və alınmayacaq. Azərbaycan-Rusiya münasibətlərinə tormoz vurmaq kimsəyə müyəssər olmayacaq. Bunu zatulinlər də anlasa, elə özləri üçün yaxşı olar…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Müəllimlər də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilsin – TƏKLİF

Read Next

Zahid Orucdan boş qalmış deputat yerləri ilə bağlı açıqlama…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir